adalet.az header logo
  • Bakı 11°C

Əbülfət MƏDƏTOĞLU: VARDIN!..və mən də VARAMMI?

ƏBÜLFƏT MƏDƏTOĞLU
512 | 2022-05-04 16:27

 Ayaz Arabaçı ilə xəyal SÖHBƏTİ

 

Biz bu dünyanı öz varlığımızla həm dəyərləndirir, həm də dəyər qazandırırıq. Yəni, varıqsa, dünya da var, yoxuqsa dünya da yoxdur... Və bir də bu qarşı-qarşıya gələn məqamın içərisində əbədilik anlayışı da var. Bu da o deməkdir ki, bizli də, bizsiz də var olanlar vardır, yox olanlar da yoxdur. Deməli, ilahi güc özü tarazlayır, özü nizamlayır, bir az da konkret desəm «ol!» və  «öl!» arasında hər şey idarə olunur. İdarəedən də məlumdur. Biyyət edib-etməməkdən asılı olmayaraq bu bir möhürlü gerçəkdir...

Bəli, bütün söz adamları varla yoxun, olla-ölün arasında hər zaman var-gəl edib, arayıb-axtarıb, sorğu-sualla, hətta süküt ilə nəyisə dərk etməyə, dərk etdirməyə, anlamağa və anlatmağa çalışıbdı. Hətta böyük Xəyyam yazıb ki, «Mənsiz də dünyanın işi gedərmiş, Xəyyam, sən nə üçün dünyaya gəldin?». Bax, bu anlamda indi qarşımdakı şeirlə həmsöhbətəm. Şeirdə ifadə olunan fikirlər, yaradılan mənzərə və şair məntiqi əvvəldə vurğuladığım həmin cizgilərin özəl formasıdı. Yəni, müəllifin özünə aid yanaşmadı. Çünki şair yazır:

 

Mən sənə

qatarlarda rast gəlmədim,

Rast gəlmədim getdiyim

uzaq şəhərlərdə.

Amma vardın içimdəki boşluğu dolduran

ümid dolu səhərlərdə.

 

Bəli, bu ilk baxışdan bir pıçıltıdı. Özü də heç kimin eşitmədiyi, heç kimin hardasa vaxt ayırıb gözləmədiyi bir pıçıltı. Amma bu pıçıltı bir qapını, bir pəncərəni döyür. O ünvan sahibini söhbətə çəkir, onu ortalığa çıxarır və həmin o fikirlərlə də onu sanki dünəndən həm qoparmaq, həm də dünənə qaytarmaq istəyir. Bu yerdə mənim də yadıma düşür ki:

 

Sevincində, qəmində

Kirpiyinin nəmində...

Hansısa bir dəmində –

Varammı?

 

Görürsünüz, necə bir qəribəlik, necə bir duyğusallıq burada pıçıltı şəklindədi. Yəni mən də heç kimsənin  yox və heç kimin də eşitməsini istəməyən birinin  qapısını, birinin  pəncərəni döyür, bir ünvanın qarşısını kəsib onu həm dünəndən qoparmağa, həm də dünənə qaytarmağa çalışıram. Onu dindirmək, söhbət iştirakçısı etmək istəyirəm. Axı qarşımdakı şeirin müəllifi təsadüfdən yazmayıb ki:

 

Hardasa əlim çatmayan ən yuxarı

qatlarda vardın.

Başıma gələn bütün əhvalatlarda vardın.

 

Deməli, bu həm xatırlatmadı, həm yaddaşı oyatmaqdı, həm sadə şəkildə desək, bir «him-cim»di, həm də o dünənin bu günə daşınıb gətirməsidi. Özü də təkcə fikir kimi yox, həm də bir mənzərə kimi, bir məqam kimi gətirilmədi. O mənzərə, o məqam gələndə onun iştirakçısı da, şahidi də gəlmiş olur artıq. Və bunu da şair sadəcə pıçıldayır. Və mən də o pıçıltıya qoşuluram:

 

Gülüşündə, nazında

Onun çox, ya azında...

Sənin alın yazında –

Varammı?

 

Görürsünüz, əvvəldə dediyim çalarlar, nüanslar necə ipə-sapa düzülür, necə sıralanır? Bu da səbəbsiz deyil. Səbəb də məlumdur. Yaşanmış an, yaşanmış məqam, yaşanmış duyğular və bir də o yaşanmış nəsnələrin daşıyıcıları olan iki tərəf. Bu iki tərəf də hara, hansı səmtə üz tutmalarından asılı olmayaraq xatirə xatirəliyində, yaddaş yaddaşlığında qalır. O mobil telefonun kartı deyil ki, çıxarıb atasan. Onun silinməsi üçün ömür bitməlidi. O anda yaşanan reallıq şairin qələmi ilə yenə mənimlə söhbət edir və deyir ki:

 

Vardın

Cilovlaya bilmədiyim ayaqlarımın sızıltısında

Vardın qızıl şəfəqlərin ovcunda,

gümüş ilğımların mızıltısında.

Səndən ayrılıb getmək olmurdu,

getmək olmurdu şəklin düşən pəncərələrdən.

rəsmin düşən sulardan...

 

Doğurdan da nə ayaq sızıltısını, nə ürək göynərtisini, nə də ruhun dörd divar arasında və yaxud da hər kəsin unutduğu məqamda mızıltısını, (burada onu zümzümə kimi də qeyd etmək olar – Ə.M.) yaddan çıxartmaq, unutmaq mümkünsüzdü. Ən azından ayaqlar adama üsyan edər. Səni gəzdirməkdən, sənə xidmət etməkdən üz çevirər. Təbii ki, bu obrazdı, yanaşmadı, amma gerçəkdi. Lap elə bir dəli sayağı desəm, sözə baxmaz, aparmaz səni öz ardınca, yeriməz olar və  ... Və onda bilərsən ki, ayağın da xidməti var, ayağın da gördüyü iş var... Hə, bunlar öz-özü ilə danışan adamın xəyalpərvərliyi, lap elə «gic-gicəliyi» olsa da, mənə görə yaşamdı. O yaşamı mən də pıçıldamışam:

 

Gündüzündə, gecəndə

Anı, andan seçəndə...

Ürəyindən keçəndə –

Varammı?

 

Xəyalında, yuxunda

Ürək qədər yaxında...

Lap düyməntək yaxanda –

Varammı?

 

Bu yerdə heç kim yaxasını kənara çəkməsin. Çünki barəsində söhbət gedən elə duyğular, elə hislərdir ki, iynə ucu boyda adamlığı olan hər kəs bunları az ya çox yaşayıb və yaxud da yaşayır. Yəni SEVGİ hər kəsin qapısını döyür, özü də necə deyərlər, yaşa dəxli olmadan. Ona görə də suyun üstündəki kölgə də mənə, elə şeirin müəllifinə də yaşamın bir anı, gerçəkliyi, bir lövhəsi kimi görünür. O kölgənin saçlarını sular darayır. Deməli, o var! Ona görə də:

 

Ayılmaq olmurdu

bir külək kimi gəlib keçdiyin yuxulardan.

Hər şey köhnəlirdi sən təzə qalırdın,

xatirələrimin qürubunda köçəri durnatək

qanad çalırdın..

 

İndi mənzərəni tuta bildinizmi, seyr etdinizmi? İnanıram ki, düşündüyüm kimi də olub. Çünki, axı siz də sevirsiniz! Siz də bu hislərlə tanışsınız, doğmasınız, dostsunuz. Bu yaşam sizin də həyatınızın bir parçasıdı, elə mənim də. Ona görə də tərəddüd etmədən mən də pıçıldayıram:

 

Haqqa açıq əlində

Dua kimi dilində...

Gündə, ayda, ilində –

Varammı?

 

Ömrün ölçüsü mənə görə var olduğun tarixlə, zamanla hesablanmalı deyil. Ömrün ölçüsü yaşadığın sevginlə, nifrətinlə, vüsalın və həsrətinlə ölçülməlidir, qiymətləndirilməlidir. Deyəcəksiniz ki, bu da təzə çıxdı? Olsun, siz öz məntiqinizdə qalın, mən də öz məntiqimdə. Amma unutmayın ki, içinizdəki sevgi vüsal və həsrət elə nifrətin özü də sizi gec-tez mənim mövqeyimə meylləndirəcək. Yolunuzu mənim məntiqimə tərəf salacaqsınız. Sizə təqdim etdiyim şeirin növbəti bəndində bunu yəqin ki, bir daha hiss edəcəksiniz:

 

Hər bahar yağışlar çəmənlikləri

təmir eləyirdi,

hər çiçəkdən boylanırdın..

buludlarla döyüşdən yorulmuş

günəş kimi yanırdın.

 

Bax budur, həm reallıq, həm də məntiqin sərrast gülləsi. O güllənin gilizi də, barıtı da, qırması da, bir sözlə nəyi varsa, hamısı SEVGİdi. Tuşlanıb ünvanına. O ünvan sahibi də bütün bu olanların danılmazlığına sükutla razılıq verir, tabe olur. Onun da qaçmağa, geri çəkilməyə yeri yoxdur. Axı söhbət yaşanmış gerçəklikdən gedir. Və mən də həmin o söhbətə qoşulurum:

 

...Özümə özüm qədər

Yoxdur, yaşadan kədər!

Soruşmuram ki, hədər –

Varammı?

 

Deməli, sizinlə bölüşdüyüm bu gerçəkliyin son nöqtəsinə, kulminasiya halına gəlib çatdıq. Bu elə bir nöqtədir ki, orda təsdiq öz bayrağını dalğalandırır. Həmin bayrağın altında dayanan da təbii ki, yenə SEVGİDİ! Bax, mənim də, elə sizin də şairə qoşulub gəldiyiniz yolda əlimizdən tutan o SEVGİ idi. Şeirin müəllifi olan dəyərli şairimiz Ayaz Arabaçı sonda bu məntiqi yenə pıçıltı ilə hamımıza xatırladır, söyləyir:

 

Vardın, daşqınlarda, yanğınlarda, vəlvələlərdə,

Vardın xam xəyallarımın aynasında,

İçimdəki on ballıq zəlzələlərdə...

 

Hə, gəlin bir anlıq susaq və həmin bir anın içərisində gözümüzün önünə sevgimizi anbaan gətirək... Onda hamımız həmin o sevgini yaşadanı, bizimlə bölüşəni, nəfəsimiz toxuna biləcək bir məsafədə görəcəyik. Və o da, biz də bir-birimizə eyni etirafı edəcəyik: 

- VARDIN...

Mən də etiraf edəcəm və bir də təkrar soruşacam:

 

Dünyamdakı atəş, nur,

Bir azacıq yaxın durr!..

Əlini üzümə vur –

Varammı?

 

Bax  indi  təklif  edirəm ki,  elə siz də əlinizi bir-birinizin üzünə vurun, saçına toxundurun və sonra da pıçıltı ilə soruşun: VARAMMI?

P.S. Ayaz Arabaçı ilə həmsöhbət olub gəldiyim bu məsafənin sonunda elə ondan da soruşmaq istəyirəm. VARDIN! Və mən  də VARAMMI?

TƏQVİM / ARXİV