adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

Əbülfət MƏDƏTOĞLU: Göz qırpımı ömrün bir mənzərəsi...

ƏBÜLFƏT MƏDƏTOĞLU
412 | 2022-04-04 14:27

Sabir Yusifoğlu ilə bölüşdüyüm mənzərə

Ömür bir dəfə verilir. Onun eni, boyu, ölçüsü, çəkisi həmin ömrü bəxş edənin ovqatından asılı olur. Yəni ömür payını verən, onu həm öz ovqatına, həm də pay sahibinin həyatına, qismətinə, yaşayacağı dünyanın gəlimli-gedimli olmasına baxıb hədiyyə edir. Yaxud da ona uyğunlaşdırır. Bütün hallarda isə ömür bəzilərimizin düşündüyü kimi qaşla göz arasında, bəzilərimizin iddia etdiyimiz kimi yaşanan zaman kəsiyində, bəzilərinin də «dünyadan köçüb gedəndən sonra yaşamaq» fəlsəfəsi ilə tirajlanır... Və bu tirajlanma isə yenə də hər kəsin öz baxış bucağında qiymətini alır... 

Bax, bu mənada qarşılaşdığım bədii nümunələr, dəyərli fikirlər və sözlər həmişə məni öz təsiri altına salır. Bir də baxıb görürəm ki, həmin o təsir dairəsinin içərisində çox-çox uzaqlara çıxıb getmişəm. Getdiyim yerlərdə də gördüklərimi təkrar özümə, ruhuma köçürüb həmin o anın içərisində batıb qalmışam...

Çünki ruhən bir-birini tamamlamaq, bir-birinə bağlanmaq hardasa o ruhun bütövlənməsi, cilalanması kimi də ortaya çıxır. Və... Mən indi içərisində olduğum həmin o məqamlardan birinə üz tutmuşam. O məqamı mənim üçün Sabir Yusifoğlu yaradıb. Sabir qardaşım yazıb ki:

 

Əlin də çıxır əlimdən,

Tanrının ətəyi kimi.

Neçə günümüz oldu, say! –

arıynan pətəyi kimi?!

 

Hə, sual da məntiqidi, fikir də. Yəni, ayrılmaq, qopub getmək, tərk etmək, lap elə "ayrılacam!" deməklə  acıq verib əzab yaşatmaq və nəhayət, o yaşanan anların arı pətəyinə bənzəməsi, bir-birini həm ifadə edir, həm tamamlayır, həm də fərdləşdirir. Görürsən ki, dərd içində, daha doğrusu, ürəyində arı pətəkdə qaynaşan kimi qaynaşır və hiss edirsən ki, əlin üşüyür, barmaqların göynəyir. Çünki əlindən əl çıxıbdı. Və onda mən də hardasa öz-özümə pıçıldayıram:

 

mən çıxıb gedəcəm –

bu gün,

ya sabah...

düşünüb sən bunu

qəmə çevirmə...

 

Doğurdan da əlindən çıxan əl səni üşüdürsə, görəsən qarşı tərəfə nəyi yaşadır, hansı hissi diktə edir. Əgər bu dediyim ovqat varsa, reallıq ortadadırsa, mənim bu gün, ya sabah çıxıb getməyim niyə sənə qəm olsun ki?.. Axı sənin əllərin üşümür, barmaqların göynəmir. Deməli, bu yerdə, bu məqamda yenə Sabir qardaşımın səsini eşidirəm.

 

Təzyiqim günbəgün artır,

dişlərim laxlayıb düşür.

Bir sarı yarpaq sallanır,

nə təhər saxlayım, düşür?!

 

Doğurdan da, əgər  elementar məntiqlə yanaşsaq, çənədə dayanmayan, ağız boşluğuna yük olan, yəni ən xırda toxunuşdan belə düşəcəyi qaçılmaz olan dişin, ya da saralmış   yarpağın qorunmasının nə mənası var ki. Axı onlar ömürlərini başa vurublar. Özü də təbii proses kimi. Amma duyğu, hiss təkcə təbii  proses deyil axı. O, həm Allahın, həm də ağılla ruhun bir araya gəlib, bir istəyi cücərtməsindən başlayır yolunun... başlayır yaşamağa və yaşatmağa. Onda saralan yarpağa da, əsən dişə də təəssüf etdiyin qədər ürəyin, ruhun və Allahın göyərtdiyinə də bəlkə daha fərqli bir nəzərlə baxasan. Elə mənim kimi özünə acıq edib deməyəsən:

 

boş ver – getməyimi

unut,

danış,

gül

heç nəyi

kiprikdə

nəmə çevirmə...

 

Onda görəcəksən ki, baganəlik sənə bir anlıq, bir günlük sakitlik, hardasa rahatlıq gətirəcək və sən o sakitliyin içində qəflətən bir xatirə ilə, bir mənli anlara oxşayan, bənzəyən kimə və yaxud nəyəsə tuş gələndə... Bax, onda... Bəli, bax onda yenə Sabir Yusifoğlu pıçıldayacaq:

 

Özündən özgə kimin var? –

ona da əzrail şərik.

Eşq sirrimiz içimizdə,

yığışıb yola düşərik.

 

«Get-gəllərə» öyrəşmişəm,

uzaq gedir, yaxın gedir.

Hamı bir-bir yaddan çıxır,

hamı yaddan çıxıb gedir.

 

Həqiqətən, heç kim qalmır. Təbii ki, söhbət insan ömrünün bitməsindən, insanın cismən bu dünyanı tərk etməsindən gedir. Amma bir həqiqət də var ki, hamı bir-birinin içindən, ürəyindən çıxıb getmir ki. Gedəndə özü ilə ürək aparanlar da az olmayıb və bu gün də az deyil. Deməli, Sabir haqlı olduğu qədər mən də haqlıyam. Axı:

 

mən çıxıb gedəcəm –

üzümdə ismət

kimsənin yerini

dar etməyəcəm.

bir də ki

yaşayıb

bu dərdlərimlə

mən sənə

özümü 

yar etməyəcəm.

 

Bəli, yəqin hiss edirsiniz kəsişmə nöqtələrini, ruh yaxınlığını... Bu doğmalığın, yaxınlığın içərisində görünən bir nüans da var. Onu sizin də nəzərinizə çatdırmaq istəyirəm. Çünki Sabir israrla deyir ki:

 

Nə fərqi var yadındayam,

yoxsa çoxdan unutmusan?

Heç nəyi dəyişmir daha,

hansı vaxtdan unutmusan.

 

...Dərd dərd üstə, il bürc üstə,

daş üstə daş qoyub ölmək.

Ölümlərin ən gözəli

dizinə baş qoyub ölmək!..

 

Gördünüzmü Sabir nə qədər məntiqi bir nəticəni pıçıldadı bizə. Və biz də, təbii ki, söhbət ruh doğmalarından gedir, qoşulduq ona, razılaşdıq onunla. Ən azından ona görə ki, dünyanın ən gözəl ölümünün mənzərəsini həm yaşadıq, həm seyr etdik. Bu isə o deməkdir ki, əlini əlindən çəkib, bir vaxtlar isə arı pətəyinə bənzəyən sevgi dolu ürəyi dərd pətəyinə çevirən biri üçün yaşadıqlarının  tamı elə şan balı kimi dadlı imiş. Və onda mənim də sözümün, daha doğrusu çıxıb getməmin səbəbsiz olmadığını hiss etmək çətin olmayacaq. Axı:

 

mən çıxıb gedəcəm  -

səssiz-səmirsiz

bir sən biləcəksən,

bir də ki, Allah...

sən yanı boşalan –

qalacaq mənsiz –

ruhumu özünə

qatacaq Allah...

 

Bax, bütün bu diktə etdiklərim və sizin də oxuduqlarınız bir nöqtədə üz-üzə dayanıb söhbət edən, dərdləşən, sevginin yaşatdıqlarını şeirə çevirən iki ruh adamının pıçıltılarından əks-səda idi. Bilmirəm,  siz o sədanın, lap elə sədanın əks-sədasını duyu bildinizmi?..

 

TƏQVİM / ARXİV