Əbülfət Mədətoğlu: 75  yaşın söhbəti     

ƏBÜLFƏT MƏDƏTOĞLU
754 | 2024-06-05 17:03

Saz havası üstdə 

Bəzən zamanı  qınayırıq...illərin acımasız olduğunu dilə  gətiririk...vaxtın azlığını az qala özümüzün qurduğu dar ağacına  çəkirik...Bütün bunlar  isə  heç də elə-belə, yəni  səbəbsiz  baş vermir.Həmin səbəb elə  bizim narahatlığımızın içində, mayasında  özünə  dam tikib, yuva qurub. Və  bunu ovcumuzun içi kimi bilən, görən bizlər  bir  növü  özümüzü  görməyən, bilməyən  göstərməyə çalışırıq...cəhd  edirik! Amma..

Bəli, hamımıza  gün kimi aydın olan “bu amma”   qaçılmazlıqdı! Reallıq, gerçəklik və həqiqətdi. Cəm halında  bizim bütünlüyümüzü   anbaan özündə ifadə edəndi. Fikrimi  bir az da çılpaqlasam , onda  deməliyəm ki, doğumdan başlanğıc alıb bu yazını oxuduğunuz ana  qədər olan  zaman kəsiyindəki   sənsən, mənəm, o-dur!

Bax elə, bizi  zamanla  qarşılaşdıran, onunla  vuruşduran da elə budur! Gerçəklik olan “ bu amma” isə hər zaman qalibdir! Qalibin iradəsi  isə müzakirə olunmur! Deməli  biz  içində olduğumuz  zaman kəsiyinin başlanğıcına tərəf boylanmaq  məcburiyyətindəyik – özümüzü görüb, tanıyıb , tanıtmaq üçün...

Barəsində könül  dostum Şahismayıl Şəmmədoğlundan və Vüqar  həkimdən  eşitdiyim Əhməd  müəllimlə  bağlı bildiklərimi, öyrəndiklərimi təkrar-təkrar  yaddaşımda təzələdim...Təbii ki, məqsədli  şəkildə... Və birdən yadıma  ustadım, unudulmaz  xalq  şairimiz Zəlimxan Yaqubun  bir  fikri düşdü.Zəlimxan müəllim söhbətlərimizin birində  vurğuladı ki,Gücüstan azərbaycanlılarının ucdantutma hamısının sazdan, sözdən çox  mükəmməl  məlumatı  var  Çoxluq  da saz  çalıb, söz deyə  bilir. Xatırladığım bu  söhbət  mənim üçün köklənməyə “Sarıtel” havası üstə yazıya  başlamağıma  təkan verdi...

Öncə  tanış olaq

Əhməd Adil oğlu Məmmədov 1949-cu ilin iyun ayının 9-da Gürcüstanın Qardabani  rayonunun Kosalı  kəndində doğulub.Torpaqla təması, ağac budaqlarına qalxmağı, mal-davar saxlamaq  qayğılarını, bağ-bostan becərməyin  çətinliyini  öyrənə-öyrənə 1956-1966 –cı  illərdə Kosalar kənd orta  məktəbində oxuyub.Həyat  məktəbinin onu bərkə-boşa  çəkməsi  bəhrəsiz qalmayıb. O  oxuduğu  sinifdə də  yaşıdlarından fərqlənməyi bacarıb.Nəticədə sovet  dönəminin qanunlarına  uyğun olaraq  qazandığı təhsil  uğurlarına  görə gümüş medala layiq  görülüb.Bu Əhməd Adil oğlunun ilk  diqqətçəkən   mükafatı idi. Orta məktəbi  bu cür  uğurlu  nəticə ilə  başa  vuran Əhməd Adil oğlu  1966 –cı ilin yayında  sənədlərini o  vaxtkı   Azərbaycan Politexnik İnstitunun (İndiki ATU –Ə.M.)    Elektrotexnika  fakultəsinə verdi.  

Bu seçimi etməkdə onun əsas məqsədi respublikamızda  yeni  elmi  sahə olan “Radiotexnika”  ixtisasına yiyələnmək idi.İndinin özündə də Əhməd  müəllim dəfələrlə  vurğulayır  ki,  bu  ixtisası  gələcək üçün seçdim.Başa  düşdüm ki, radiotexnika  bütün zamanlar üçün zəruridi Bu  ixtsas üzrə  işlə  təmin olunmaq  heç vaxt  problem deyil  və olmayacaqdı!

Təbii ki, ali təhsil illəri   onun yanılmadığını sübut  etdi.Real həyata açıq  və  cəsarətlə  baxan ,  görüb öyrəndiklərini  qiymətləndirməyi  bacaran Əhməd Adil oğlu  artıq  institutda da  , yəni  tələbə arenasında da  seçilib önə  çıxa  bildi. Artıq o bir  çox  müəllimləri ilə təkcə müəllim –tələbə  yox, həm də sabahın gənc  mütəxəssis-alimi kimi münasibət  qura  bilmişdi. Fakultənin  pedaqoji  kollektivi yavaş-yavaş onu  öz  sırasına  çəkirdi.

1974-cü  ildə  tələbəliklə  vidalaşan Əhməd Adil oğlu sovet ordusunda xidmət  keçib yenidən  Azərbaycan Politexnik İnstituna qayıdır. Bu qaydış əvvəlkindən çox  fərqlənirdi. İlk gəlişdə  öyrənmək istəyi, ikinci  gəlişdə  öyrənə-öyrənə öyrətmək – işləmək  istəyi  onun     qəlbinə hakim idi. Bəli, ataların bir  ulu  fikri  bu  məqamda  öz  təsdiqini tapdı , yəni     “ Niyətin hara, mənzilin də ora!”  Etdiyi  seçim Əhməd  Adil oğlunun adına  əmək kitabçasının açılması ilə rəsmləşdi. O  , bir  zamanlar  təhsil aldığı ali  məktəbdə öncə lobarant, sonra isə laboratoriya  müdiri  oldu.

İllər  bir-birin əvəz etdikcə Əhməd  müəllimin də uğurları ilə paralel alim nüfuzu da  çalışdığı  ali məktəbin hüdudlarını   aşırdı. Gənc alimin  uğurla  müdafiə etdiyi  namizədlik işi  dövrünün ən maraqlı  elmi hadisələrindən  idi.  2020-ci ilin dekabrında “Əməkdar müəllim”  fəxri  adına layiq  görülmüş  Əhməd  müəllim 4 övlad atasıdır. O , bu  gün də bir  alim-müəllim kimi öz pedaqoji  fəaliyyətini  Heydər Əliyev adına Hərbi İnstitutun “Elektronika  və telekommunikasiya” kafedrasında  davam etdirir.

75  yaşın  anları...

Kosalı kəndində yurd sahibi olmuş Adil  Əhməd oğlu ilə Şöhrət Muxtar qızının birgə  nigahlarında bir qız, üç oğul dünyaya  gəlibdı. Oğlan lar  ali, qız isə orta  təhsillidi. Yəni Əhməd  müəllimin qardaşları İsmixan və Zəlimxan ali təhsil alıblar. Hazırda İsmixan Kosalıda  ata-baba  yurdunun işığını  yandırır.Zəlimxan isə paytaxtın 6 saylı poliklinikasında həkim-stomotoloq  kimi fəaliyyət  göstərir.Əhməd müəllimin  övladlarının dördü də ali təhsil alıb. Böyük oğlu Pərviz  İstanbulda  yaşayıb işləyir ,Rəşad Almaniyyanın Bonn şəhərində informasiya  texnalogiyaları üzrə mütəxəssis, Anar  və Sevda isə  Bakıda  yaşayıb işləyirlər. Bu  övladların dördü də oğul-qız  sahibidi. Bunu ona  görə  xüsusi  vurğulayıram ki, Əhməd  müəllim söhbətində  övladlarından daha çox  nəvələrindən  danışdı. Vurğuladı ki, üç nəvəm idmanla  məşğuldu.  Bu  uşaqlar  Avropa  çempionatlarında öz  bölmələri üzrə bir neçə dəfə  bayrağımızı yüksəklərə qaldıra  biliblər. Yunan –roma  gülləşi  üzrə 2-ci  və 3-cü  yerləri  tutublar.

Əhməd  müəllim onu da  dedi ki, bu  gün gənclər  üçün ölkəmizdə  geniş  şərait  var.Hər kəs seçdiyi işin qulpundan tutub qabağa  çıxa  bilər. Sadəcə  inadkar, məqsədli  və  əməksevər  olmaq  lazımdı. Doğrudur,  bu gün bəzi  texnalogiya  və labarator  şərait  baxımından hələ  böyük dünyadan geri qalırıq, cihazlarımızın bir qismi 70-80-ci ilərə aiddi. Buna  baxmayaraq sürətlə  yenilənmə  gedir, Qarabağı azad edən xalq, onun gənc  övladları  digər  problemləri də  bütünlüklə  çözəcək.Müəllimlərin, elm, mədəniyyət, incəsənət, bir  sözlə  yaradsıcılıq  siferasının təmsilçiləri  maddi  sıxıntıdan qurtaracaq!.

Bəli, həmsöhbət olduğum Əhməd  müəllim 100-dən çox elmi-metodik işin, iki dərsliyin və 30-dan artıq  dərs  vəsaitinin müəllifidir.Əhməd müəllif dəfələrlə Azərbaycan alimlərini Beynəlxalq Konfranslarda təmsil edib. Xüsusilə Çin də, Almaniyada, Türkiyədə onun elmi  fəaliyyəti  diqqət  mərkəzində olub. Bu  gün də azərbaycan aliminin fəaliyyəti bu sahənin araşdırıcıları tərəfindən böyük maraqla  öyrənilir.

...  Bu günlərdə ömrünün 75-ci yayının əlini sıxan Əhməd Adil olu ilə söhbət  edərkən hiss etdim ki onun özəl dünyasına saz havaları  hakimdi...O , özünün də qeyd etdiyi kimi, yorulanda, sıxılıb darıxanda və  bir  də qarşılaşdığı haqsızlıqdan dilxor  olanda onun köməkçisi, xilaskarı və səbr  diləyəni  saz havalarımız olur...O  gözlərini yumub sakitcə  dinləyir...Baş sarıteli...Yanıq  Kərəmi ...Ruhani...Gözəlləmə... Bu  havalar  onun  üçün həm  ana  laylasıdı, həm də  toparlanmaq üçün verilən ilahi  güc!  İnanıram ki bu cür  dəstək Əhməd müəllimə hələ çox illərin kürəyini yerə  vurmaqda kömək edəcək...Əslən Gürcüstandan olan ailə dostum Səlim həkimin də dediyi kimi, el-oba təssübkeşliyi,  ağsaqqalıq  bacarığı  və  səmimiyyəti  Əhməd  müəllimin həyatda ən üstün cəhətlərindəndi. Bu isə  həm də onun qazandığı el-oba duasıdı!                                                      

TƏQVİM / ARXİV