Daşaltı Cıdırın ətəyində namaz qılır - Eminquey yazır

EMİNQUEY AKİF
759 | 2022-09-11 16:42

Hökümət evinin önündə, yəni Azadlıq meydanında toplaşmışdıq, səhər saat 5-də. Bir-bir adamlar gəldikcə, kadrlarda gördüyüm 90-cı illərin Bakısı yadıma düşürdü. Elə bil, birazdan bu adamların sayı milyona çıxacaq, milyonlar yumruğunu sıxıb "Azadlıq" qışqıracaq, Sovet rejimi dağılacaq...

Yuxuluyam, sayıqlamağım təbiidir. Gecəni də yatmamışam. 

Yavaş-yavaş adamlar gəlir, sonrası isə... uzatmayım, 7-in yarısı Bakıdan ayrılırıq. 

***

 

"Yoxlanılıb, mina yoxdur"

Uzaqdan Cıdır düzü, ətəyində namaz qılan Daşaltı görünür. İlan kimi qıvrılan bu yolları qalxdıqca təzyiqlə birgə həyəcan da yavaş-yavaş yüksəlir. Amma bu yolun sonunda bizi Şuşa adlı məlhəm gözləyir. O məlhəm ki düz otuz il həsrətində olmuşuq. 

Bu sərt döngələri keçdikcə müqayisələr aparırıq. Çəkiliş etmək üçün sürücünün yanına düşmüşəm. Yolboyu xoşum gələn bir xanım da gəlib düz yanımda əyləşib. Düşünürəm ki, ömründə ilk dəfə Şuşaya qədəm qoyasan, onda da xoşun gələn xanımla birgə. O, bu dolanbac yolları Gədəbəyin aşırımlarına bənzədir. Sürücü isə razılaşmır. Mən isə İsmayıllı aşırımları ilə müqayisə aparıram, amma yox, bu yollar həqiqətən başqadır. 

Aşırımlar bitir, binalar, evlər görünməyə başlayır. "Təki Vətən sağ olsun" mahnısının sədaları ilə Şuşaya giririk. 

Sovet dövrünü xatırladan binaların üzündəki deşiklərdən, qırıq pəncərələrdən silah səsləri eşidilir. İndi bizə hüzur bəxş edən bu sınıq-salxaq binalarda, evlərdə qan tökülüb, qisas alınıb. İnanmaq asandırmı? Xeyr. 

28 ildir dünya sakiniyəm, Şuşanı kadrlardan, xatirələrdən dinləmişəm, tanımışam. Mən bu hissi bir dəfə yaşamışam. Moskvada yaşayan heç vaxt canlı görmədiyim Quləli əmim və ailəsini görəndə. Onda atam dünyasını dəyişmişdi. Onun da haqqında çox eşitmişdim, amma 2013-cü ilə qədər görməmişdim. Əmimin qızları rusdillidir, mən isə rus dilini çox az bilirəm. Və əmimi görmək, tanımaq üçün atamı qurban vermişdim.

 

Həmin gün keçirdiyim hissləri indi Şuşaya girərkən bir daha yaşayıram. 30 il erməninin əlində əsir olan Şuşa dilimizi unudubmu? Onunla hansı dildə danışacam? Rusmu? Ermənimi, yoxsa öz dilimizdəmi? Hər halda erməni ilə, rus ilə dil tapmaqdan asan olmalıdır. 

"Qoç ət"də düşürük. İlk dəfə Şuşada, şairlər, yazıçılarla birgə səhər yeməyi yeyəcəyik. Qismət Rüstəmov, İham Əziz, Rəşad Nağı Mustafa, Cəlil Cavanşir və başqaları. 

Rəşada yaxınlaşıram, üzümü İlhama tutub deyirəm:

- Hacı, nəinki Şuşada yemək, hətta Rəşadla ilk dəfədir ki, bir masa arxasında çörək kəsirik. Şuşa səfərimizə təsadüf eləməsi nə gözəldir, hə? 

***

 

Şəhərin mərkəzinə avtobusla yox, piyada, gəzə-gəzə düşməyə qərar veririk. Qismət, İlham, Rəşad, Cəlil, Səxavət və mən. Şəhərin qəribə, mistik ab-havası var. Sənə ötürdüyü hiss kədərdirmi, sevincdirmi, bilinmir. 

- Cəlil, bu binaları söksələr, məncə Şuşanın mistikası itəcək. 

- Çoxusu yararsızdır, yəqin ki söküləcək, tarixi binalar, abidələr yerində qalacaq. 

- Təki aqlayla üzləməsinlər.

- Yox əşşi, etməzlər. 

***

Solda hasarlardan o yanda Aşağı Gövhər Ağa məscidi, yolun sonunda isə Yuxarı Gövhər Ağa məscidi görünür. Aşağı məscidə gedən yolu bilmirik, Yuxarı məscid isə təmirə bağlanıb. Arzum idi ki, Şuşaya ilk gəlişimdə bu məsciddə namaz qılacam. Məscidə yaxınlaşanda girişin olmadığını görüb düşünürəm - qismət deyilmiş. Özümlə zarafatlaşıram - "Hələ ki sağlığını de, a bala, namazlıq deyilsən". Biz axı bu məscidin önündə şəkil çəkdirməliydik? Yox, zatən o qədər konstruksiya quraşdırılıb ki, Gövhər Ağa məscidi itib-batıb. Taxtadan, dəmirdən başqa heç nə görünmür. 

 

Yolboyu evlərin qapısına, divarına lövhələr vurulub, üstündə yazılıb - "Yoxlanılıb, mina yoxdur". 

Gəzə-gəzə gəlib mərkəzi meydana çıxırıq. Sağında Şuşa mehmanxanası, solunda Natavanın evi. Mərkəzdə Üzeyirin, Natəvanın, Bülbülün büstü olan meydan. Bəli, televizorda gördüyüm kadrların içinə düşmüşəm. Nə edəcəyimi, necə davranacağımı bilmirəm. "Şükür" deyib qışqırsammı? Özümü yerə atıb dincəlsəmmi? Üzeyirin büstünümü qucaqlasam? Bilmirəm. Ən yaxşısı şəkil çəkdirməkdir. 

- Qismət, gəlin, birlikdə fotomuz olsun. Bilmək olmaz, gələcəkdə nə olacaq. Barı Şuşayla xatirəmiz olsun ki, bizdən sonrakılar da baxıb qürurlansın. 

Qisməti BSU-da oxuyanda tanımışam, müəllim-tələbə münasibətimiz olub, ondan sonra isə heç vaxt yaxından ünsiyyətdə olmamışıq. Şuşa bizi Qismətlə də bir köynək yaxınlaşdırdı. Güldük, çörək kəsdik, marketə getdik. Söhbət əsnasında sürücünün qoşduğu bayağı musiqilərdən təngə gəldiyimizdən danışırıq. Qismət deyir ki, bizim avtobusda türk klassik musiqiləri oxuyurdu. Açığı, narazı deyiləm. Qismətin bu razılığı Bakıya qayıdanda pozulacaq, iş elə gətirəcək ki, o, bizim avtobusla qayıdacaq və Bakıya çatanda "siz necə dözümlü adamlarsız?", - deyib başını silkələyəcək. 

Birazdan Natəvanın 190 illiyinə həsr olunmuş tədbir başlayacaq, Mədəniyyət Naziri Anar Kərimov, AYB-nin sədri Anar Rzayev çıxış edəcək, Türk dünyasından gələn şairlər, Azərbaycanın gənc şairləri şeir oxuyacaq, Məclisi-Üns başa çatacaq. 

Biz şairlərin əlinə şeir düşməsin, amanın günüdür. Türk şairləri şeir oxuduqca, bizi gülmək tutur. Məsələn, özbək şairlərdən biri şeirində anlamadığımız rəqəmlər deyir. 

- Duksan, yuz səksan bırrrrrr.

Rəşad Nağı:

- "90-OO-181" nömrəli maşın kimindirsə, gəlib götürsün. 

- 181 yox, Rəşad, yuz səksan bırrrrrr!

- Hə, bırrr...

Gözümüzdən yaş gələnə kimi gülüşür, şeirlərə olmazın vedrələr qoşuruq. Siz fikir verməyin, sözün mətbəxi belə olur. 

Hələ İmdat Avşarın "Şuşa Şuşa olalı, belə bir müsibət görməmişdi" deməyini xatırlasam, qiyamət!

 

Sonra Şuşanın simvolu sayılan, o məşhur "Шуша" yazısı olan Gəncə qapısına getdik. Elə yerlər var ki, oranı gəzəndə adamı qəribə bir yadlıq hissi bürüyür. Tanımırsan, bilmirsən. Amma Şuşada çox rahat idik. Sanki bir neçə dəfə buraları gəzmişik. 

Yenə də bir evin üstündə yazı lövhəsi var - "Yoxlanılıb, mina yoxdur". 

Bu adi qala qapısı deyil, bu uşaqlığımızın ağ-qara həsrətidir, kiril əlifbasından latın əlifbasına keçidin donub qaldığı yerdir. Bu bizim öz mənliyimizə qayıtdığımız yolun qapısıdır. Bu qapı əsl özümüzə, "mən" imizə açılır. Və 30 il sonra bu qapının başında Şuşa adını öz dilimizdə yazdığımız, ilk dəfə şagird olduğumuz yerdi. Bu qapı bizə öz dilimizdə yazmağı öyrətdi. 

Sonra yenidən yuxarı qayıdır, Cəlillə Natavan bulağında ayaq saxlayır, bulağın gözündən su içirik. Şuşanı ciyərlərimizə çəkirik. Bədənimizi Şuşa ilə suvarırıq. Bəlkə yaxşı bir şeir, yazı cücərdi?!

Yuxarı qalxanda Rəşad Məcidi, Elçin Mirzəbəylini görürük, görüşürük. Rəşad Məcid bizi İmdat Avşarla tanış edir. O isə hamımızı tanıdığını deyir. Mənim təxəllüsümlə zarafatlaşır. 

- Eminquey Akif. Feysbukda dostuz. Sizin şairlər çok ilginç. Ben Reşat Tolstoy adlı şairinizin olmasını bile bekliyorum. Belki de var, haberiniz yok. 

Gülüşürük. 

Şuşada bir çox hissləri yaşadıq, təxəllüsümlə zarafat edilməsəydi, özümü yarımçıq hiss edərdim. Hətta bəlkə də tədbirdə şeir deyənlərin arasında mənim olmamağım da bununla əlaqəlidir. Düşünüblər ki, bunu necə təqdim edək? Natəvan, Şuşa, Məclisi-üns və çıxış edir Azərbaycanın gənc şairi Eminquey?!

Gülüşə-gülüşə Şuşa mehmanxanasının önündəki parkda şəkil çəkdirib qayıdırıq meydana. Birazdan tədbir bitəcək, sonra avtobuslara doluşub Vaiqifin məqbərəsinə, Cıdır Düzünə gedəcəyik. İsa Bulağına gedə bilmədik, barı Vaqifi, Cıdır düzünü görək. 

Vaqifin məqbərəsi Cıdıra çıxan yolun solunda yerləşir. Burada Ülviyyə Heydərova ilə qoşalaşırıq. Bol-bol şəkil çəkdiririk, Ülviyyə öz fotoqraflığını tərifləyir, mən isə fotolara baxıb sevinirəm, yaxşı ki, telefon Faiq Balabəylinin əlinə düşmədi, bulanıq şəkillərlə geri dönəcəkdim .

Daş döşəməli yollarla Cıdır düzünə qalxdıqca öz kəndimizi, Basqalı xatırlayıram. Qoxusu, havası, döşəməsi - sanki Basqaldır. Diki təngnəfəs çıxırıq. 

- Ülviyyə, gör indi igidlərimiz o sıldırım qayaları çıxanda nə zülm çəkiblər?! Biz bu düz yolu çıxmağa əziyyət çəkirik. 

Daha bir ev - "Yoxlanılıb, mina yoxdur".

Bayaq aşağıdan baxırdıq, Daşaltı ətəyində namaz qılırdı, indi qayaların üstündəyik. Şuşanın alındığı gün yalan deməyim, hönkürüb eləməmişəm, amma gözlərim dolmuşdu. İndi o hisslərin davamını yaşayıram. Ehtiyatla gəzirəm. Buralarda döyüş gedib, buralardan Azərbaycanın igid oğulları keçib, burada tarix yazılıb. Bəlkə də ayaq basdığımız yerdə qan izləri var və burada cücərən otlar o qanlarla qidalanıb, boy atıb. Bilmirəm. 

Şuşada son şəkil çəkdirdiyimiz yer Cıdır Düzü olur. Uzaqdan Xankəndinə də salam göndərib Cıdır Düzü ilə sağollaşırıq. Hə, bir də, buraya girişdə dayanan əsgərimizlə. 

- Yorulmayasan!

- Sağ olun!

*** 

Şuşa...

Bizim üçün bu müqəddəs döyüşdə şəhid olanlar, yaralananlar, ayağını, əlini itirənlərlə yanaşı, eşitmə, danışma qabiliyyətini itirib kantuziya alan əsgərlərimiz də var. Hərə bir cür yarımçıq, yarıbədən qalıb. 

Onların sayəsində biz bugün Şuşaya səfər edirik.

 

Müqayisə düzgün olmaz, amma insan əllərinin, ayaqlarının yoxluğuna da dözə bilər, bədənində illərlə qəlpə ilə də yaşaya bilər, amma ən vacib iki duyğudan məhrum olmaq ağırdır.

Şuşa ilə vidalaşa-vidalaşa onları xatırlayıram. 

"Şuşa" deyib qışqıra-qışqıra sevincini çıxara bilməyənlər. Doğmalarının necə sevindiyini, nələr dediyini eşidə bilməyənlər. Amma onlar bu tutulan qulaqları ilə dilində illərdir "dənizdən dənizə böyük ermənistan" xülyası dolaşan düşməni darmadağın eləyiblər. İllərdir "böyük kölgə" kimi başımızın üstündə dayananları məyus eləyiblər. 

Xocalıda qolları, əlləri kökündən qoparılan, amansız işgəncələr görən insanlarımızın qisasını alıblar. Xocalı qətliamını törədənləri bir-bir gəbərdiblər. Azərbaycan xalqına, onun prezidentinə beynəlxalq nüfuzu, başıdikliyi qaytarıblar. Onlar tutulan dilləri ilə "Qarabağ əldən gedib, qayıtmayacaq" deyən dilləri lal eləyiblər. Onlar tutulan qulaqları ilə böyük bir xalqa "Sona bülbüllər"i Qarabağda eşitməyi qismət eləyiblər! Onlar Azərbaycanı Günəş kimi yenidən doğdurublar! Onlar bu ölkənin qibləsini xilas eləyiblər. Məhəmməd Məkkəni xilas edən kimi. Onlar Qarabağı çarmıxa çəkib qarğa-quzğuna yem edənlərin özlərini çarmıxa çəkiblər. Onlar Allahın Surunu çalan İsrafildirlər! Düşməni imtahana çəkib ədaləti bərqərar ediblər!

Onlar illərdir Qarabağdan özünə "Ağlama divarı" düzəltmiş böyük bir xalqın gözlərinin yaşını silib gülüş bəxş eləyiblər. 

Onlar dünyaya sübut eləyiblər ki, sülh göyərçinləri gülləbaran olunanda əsgər özü çevrilib sülh göyərçini ola bilir. Onlar təkcə Qarabağı yox, həm də Azərbaycanı bizə qaytarıblar. 

***

Azan oxunmasa da, Azan vaxtıdır. Daşaltı kəndi Cıdırın ətəyində Şam namazına hazırlaşır. Şəhidlərimizin ruhu Daşlatıda sıraya düzülüblər. Namazlarını qılıb bu sıldırım qayalara dırmaşacaqlar.

Sonrası Cıdır Düzündən şəhərə enən daş döşəməli yol, evlər, Vaqifin məqbərəsi...

Görəsən, əməliyyat zamanı Vaqifin məqbərəsində gizlənən olubmu? Sözə sığınan olubmu?

Atəş səsləri...

9 sentyabr, 2022-ci il, Şuşa yoxlanılıb, erməni yoxdur, düşmən yoxdur, mina yoxdur!

TƏQVİM / ARXİV