AYNA tərəfindən avtobus zolaqlarında minik avtomobillərinin sərnişinləri rahat şəkildə mindirib-düşürməsini təmin etmək məqsədilə xüsusi yerlərin yaradılması davam etdirilir.
AYNA-dan Adalet.az-a verilən məlumata görə, növbəti belə yerlər 8 Noyabr prospektindəki 4 ünvanda (“Zəfər parkı”nın yaxınlığı, 2 saylı “ASAN xidmət” mərkəzi ilə üzbəüz, 59 nömrəli orta məktəbin yanındakı yerüstü piyada keçidinin yaxınlığı və onunla üzbəüz ərazi) təşkil edilib və müvafiq lövhə yerləşdirilib.
Qeyd edilib ki, bundan əvvəl 5 məntəqədə - Yusif Səfərov və Rəşid Behbudov küçələrində, həmçinin Rəşid Behbudov və Mikayıl Rəfili, 28 May və Fikrət Əmirov küçələrinin kəsişməsində, Neftçilər prospektində (Azərbaycan Dövlət Kukla Teatrının yaxınlığında) minib-düşmə yerləri sərnişinlərin ixtiyarına verilib.
Məqsəd avtobus zolaqlarında ictimai nəqliyyatın hərəkətinə mane olmadan sərnişinlərin minib-düşməsinə imkan yaratmaqdır.
Minib-düşmə yerlərindən istifadə zamanı ictimai nəqliyyatın hərəkətinə şərait yaradılmalı, minib-düşmələr ən qısa vaxtda yerinə yetirilməli, təhlükəsizlik və manevretmə qaydalarına əməl edilməlidir.