adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

DADANMISIZ DOLMAYA, O DA BİR GÜN OLMAYA - Aqil Abbas yazır

AQİL ABBAS
623 | 2022-08-01 19:01



Bütün gənclik illərim yaylaqda keçib, düz iki ay. Kəlbəcərdə, daha dəqiq desək, İstisuyun Taxta deyilən yaylağında. Mindən çox alaçıq qurulardı. Fənərkadan yeməkxanalar tikilirdi, hər yeməkxanada da canlı musiqi – ya aşıqlar, ya da xanəndələr. Bazar-filan, səhər-səhər hər alaçığın önündə samovar tüstüləyərdi. Havaya bir meyxoş ətir dağılardı bu samovarların tüstülərindən.
Əsl yaylaq festivalı idi: çalan kim, oynayan kim, güləşən kim. Futbol yarışları ayrı bir dəstgah idi. Yaylağa köçən hər rayonun bir futbol komandası yaradılırdı, afişalar vurulurdu. Dəlidağdan, Yüzbulaqdan, hətta Minkənddən bu yarışları izləmək üçün minlərlə tamaşaçı gəlirdi. Bu futbol yarışları indiki Azərbaycanın region diviziyasından, eləcə də birinci diviziyasının oyunlarından maraqlı keçərdi. Yəni bir sözlə, əsl yaylaq festiıvalı idi. Nə Mədəniyyət Nazirliyi, nə də hansısa bir rayonun icra hakimiyyəti təşkil etmirdi. Saytal oğlanlar yığışıb təşkilatçılıq edərdilər.
Hər həftə şənbə-bazar günləri Bakıdan konsert briqadaları gələrdi. Şövkət Ələkbərovanı ilk dəfə canlı olaraq həmin yaylaqda görmüşəm. Belə konsertlər pulsuz olurdu. Yalnız səyyar kino gətirənlər 10 qəpikdən bilet satardı, o da açıq havada. Yağış, dolu olardı, sel baş verərdi. Bəzən sel bir də görürdün bir alaçığı yuyub apardı. Bir yol Minkəndə ayrılırdı, bir yol da Cermuxa gedirdi. Maşınlar yağışdan, doludan sonra batardı, yaşlı-cavan tökülərdik maşınları çıxarmağa – bu da bir əyləncə idi.
Səhər tezdən çobanlar tökülürdü yaylağa, hamının gözü qabağında qoyun-quzunu kəsərdilər, hər məhlənin də öz çoban-qəssabı olardı. Hər alaçığın qabağında bir ocaq qalanardı, qonşu-qonşuya pay göndərərdi, ya da yığışıb bir süfrənin arxasında bir qismət çörək kəsərdilər. Hamı da bir-birini tanıyardı, çünki uzun illər bir yaylaqda istirahət edərdilər.
Atam adətən şənbə günü Telman əminin «QAZ-53»-ündə gəlirdi. Yalan olmasın, bir maşın yemiş, qarpız, üzüm gətirərdi. Bütün günü qonşulara yemiş, qarpız, üzüm daşıyardıq, hədiyyə edərdik. Bazar günü də bizi, qohum-əqrəbanı doldurardı «QAZ-53»ə ya Yüzbulağa, ya Dəlidağa, ya da Gəlin qayasına aparardı. Ən çox da sevinərdik işlədiyi sovxozun fermalarına gedəndə.
Təxminən 20 il bu yaylaq festivallarının iştirakçısı olmuşam. Aradan illər keçib, yaylaqda tanış olduğum dostlarla indi də görüşürük, xoş xatirələri yada salırıq.
İndi bir yaylaq festivalı keçirilib Hacıkənddə.
Üç il bundan qabaq Gədəbəydə keçirilmişdi, çox da gözəl təşkil olunmuşdu, hamı razı qalmışdı. Gədəbəy cənnətdi, adamları da dağ adamı, qonaq-qara sevən, mehriban, xeyirxah. Gədəbəy həm də genişlikdi - meşələri, suyu.
Bu il isə bu festival Hacıkəndə salınıb. Əvvəla, yer düz seçilməyib. Festivalın yerini tez-tez dəyişməzlər. Məsələn, Boluda hər il Koroğlu festivalı keçirilir. Festival üçün də ən münasib yer Gədəbəydi. Yağış da yağsa, dolu da yağsa indiki xoşagəlməz hadisələr baş verməzdi.
Baxıram, neçə gündür qələm dostlarımız bir ağızdan festivalı vururlar. Doğrudanmı bu festivalda maraqlı heç nə olmayıb? Deyilənə görə, 20-yə yaxın türk dövlətindən nümayəndələr gəlibmiş. Çalıblar, oynayıblar, deyiblər, gülüblər, türk xalqlarını bir-birinə bağlayıblar. Heç kəs bundan yazmır. Bütün jurnalistlər ac qalmalarından yazır. «Dadanmısız dolmaya, o da bir gün olmaya». Redaktorlar festivala göndərdiyi müxbirlərinin cibinə bir yüz manat pul niyə tapıb qoymurdular?
Təşkilatçılıq zəif olub, bunu başa düşdük, amma dünyanın müxtəlif ölkələrindən gəlmiş nümayəndələrin iştirak etdiyi festivalı belə gözdən salmaq kimə və nəyə lazımdı? Məşhur ifadədə deyildiyi kimi, gələn il sizə Yezid lazım olmayacaq? Belə gözdən salınmış festivala gələn il qonaq çağırmayacaqsız?
Mətbuata festivalı vurun əmrini kim verib?
İnşallah, gələn il bu festivalı Kəlbəcər yaylaqlarında keçirərsiniz.
Təşkilati işi də Oksfordda oxuyanlara deyil, ömründə heç olmasa bir-iki dəfə yaylaqda selə-suya düşmüş, alaçıq qurmağı bacaran, dağın-dərənin qədrini bilənlərə tapşırın.
 

TƏQVİM / ARXİV