adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

CAHANGiR ƏSGƏROVA üZRXAHLIQ MƏKTUBU

14004 | 2009-12-16 02:15
Əzizim Cahangir müəllim!
   
   Bu tərəflərin adı Cənnətdi ey! Nə dəbdəbəli villalar var, nə Qüdrət Həsənquliyevin dediyi kimi, şəxsi təyyarələr, nə də təmtəraqlı ad günləri keçirilmir ki, qol götürüb oynayasan. Burdakılar heç saunanın da nə olduğunu bilmirlər, fani dünyadan bura yola salınanda mürdəşirlərin çimdirdiklərinin üstündədirlər. Huri-filan da yoxdu.
   
   Deyirlər guya Leyli ilə Məcnun burda rastlaşıblar. Və istəyiblər ki, Nizaminin günahı ucbatından fani dünyada qovuşa bilməsələr də, heç olmasa Cənnətdə əbədi qovuşsunlar. Nə qədər axtarıblar bir molla tapa bilməyiblər ki, kəbin kəsdirələr. Yalan sözdü, şərdi başdan-ayağa. Dedim ki, heç burda Huri-filan da yoxdu, onda ki Leyli ola. Huriləri bura ona görə buraxmırlar ki, qorxurlar Həvva Adəmi yoldan çıxartdığı kimi Hurilər də bizi yoldan çıxaralar. Ondan sonra Allahın min bir əziyyətlə yaratdığı Cənnət bom-boş qalar axı.
   
   Amma o düzdür ki, burda həqiqətən də indiyədək bir mollaya rast gəlməmişəm.
   
   Qılmanların da mitili çıxıb, beş-altı nəfərdilər, əyinlərinə "Cənnət bələdiyyəsi" yazılmış gödəkçə geyib təmizlik işlərinə baxırlar. Boş vaxtlarında da oturub domino oynayırlar.
   
   Ay Cənnətdə şərab çayları axır, belə-filan, beşməkan, bağ belə, bostan belə. Şərab nədi, heç burda Allahın Xırdalan pivəsi çayı da axmır. Adicə çaylardı, bizim Kür kimi, Araz kimi. Amma adamın Allahı olar, gül kimidilər.
   
   Dərdləşməyə də adam tapmırsan. Cənnətin bu başından o başına gedirsən, otuz-qırx cənnətliyə rast gələsən-gəlməyəsən. Bir çayxana vardı, yığışıb orda dərdləşərdik. Sonra cənnətliklər başladılar ki, Cənnətdə niyə filan şey yoxdu, bəhmən şey yoxdu, müxalif qəzetlər niyə gəlmir, televizor elə gəldi, internet belə getdi, sökdülər. İndi yerində bir reklam lövhəsi ucaldıblar: "Cənnət görmək istəyən elə Cənnətə gəlsin".
   
   Yəni dostum, buranın adı Cənnətdi. Allahın qəzet-jurnallarını da vaxtlı-vaxtında ala bilmirik. Televiziya açılması böhran bəhanəsiylə ildən-ilə keçirilir. Heç gələn ilin büdcəsinə də salmadılar.
   
   İnternet də bir gün işləyəndə, beş gün "densanitariya" eləyirlər, işləmir.
   
   Ona görə də Məmmədhəsən kişinin "Ədalət" qəzetində sizə göndərdiyi məktubdan bir az gec xəbər tutdum. Oxudum və xeyli pərişan oldum. Götürüb Məmmədhəsən kişiyə bir məktub yazdım və verdim bizim Novruzəliyə ki göndərsin. Burda Novruzəli bizim poçtun müdiridi.
   
   Yazdım ki, Məmmədhəsən kişi, ayıb olsun sənə, məni Cahangir müəllimin yanında biabır elədin. 25 manat pul nədir ki, buna görə götürüb qəzetdə o boyda şirkətin prezidentinə elə xoşagəlməz məktub yazmısan?! Bəlkə Cahangir müəllimin əli aşağı düşüb, sənin 25 manatına ehtiyacı var? Cahangir müəllim olmasın, olsun hökumət. Sənə ayda gül kimi 75 manat təqaüd verən hökumətə 25 manat qıymırsan?! Bir də ki sənin Bakıda nə itin azıb? Niyə oğlun Əhməd Naxçıvandakı gül kimi universiteti qoyub oxumağa Bakıya gedir ki, sən də istədiyin vaxt uşağın yanına getmək üçün pul tapa bilməyəsən. Hələ özü də deyirlər ki, Bakıdakı məktəblərdə rüşvət-filan da var.
   
   Və bir də yazdım ki, rəhmətliyin oğlu, eşşəyini tutub əlindən alan Allahın bir kattasından şikayət edib nə qazandın ki, indi o boyda "Azal"ın prezidentindən şikayət edirsən?!
   
   Odur ey, Qüdrət Həsənquliyev Milli Məclisdə Cahangir müəllimin əleyhinə iki-üç kəlmə söz dedi, aeroportda çamadanı itdi. İndi o deputat idi deyin tapıb verdilər, sən deputat da deyilsən. Xudayar bəydən şikayət elədin, eşşəyin getdi. İndi səni elə itirərlər ki, eşşəyinin itməkliyi muştuluq olar.
   
   Əzizim Cahangir müəllim!
   
   Məmmədhəsən kişiyə məsləhət gördüm ki, yolunuz Naxçıvana düşəndə sizdən üzr istəsin, yoxsa bura gələndə vallahi, dəxi onun üzünə baxmaram.
   
   Məmmədhəsən kişiyə hələ çox şeylər yazdım. Amma day onların hamısını yazıb sizin vaxtınızı almaq istəmirəm.
   
   Dünən Novruzəli sevinə-sevinə gəldi ki, Mirzə, Məmmədhəsən kişidən cavab gəlib.
   
   Məktubu açıb oxudum və xeyli feyziyab oldum. Deyirəm axı, Məmmədhəsən kişi abırlı adamdı, görüb-götürmüş adamdı, belə iş tutmaz, qüdrəthəsənquliyevlərin sözü ilə oturub-durmaz. Heç demə, yazığın Qüdrət Həsənquliyevdən zəndeyi-zəhləsi gedirmiş.
   
   Yazır ki, Usta, sözün düzü niyə mənə usta deyə müraciət elədiyini başa düşmədim. Məmmədhəsən kişi əvvəllər mənə Mirzə deyərdig.
   
   g məktubu çapa hazırlayarkən bu yerə çatanda dedim Mirzəyə bir bilgi verim. Bir teleqram yazdım, verdim uşaqlara ki, düşüb poçtdan yola salsınlar. Teleqramda yazdım: "Əziz Mirzə, indi bir türk serialı çıxıb - "Qurdlar vadisi". O teleserial göstəriləndən bəri hörmətli kişilərə, xudayarbəylərə, şeyxnəsrullahlara yarınmaq üçün Usta deyirlər, bu da onların çox xoşuna gəlir. İnşallah, internetiniz işləyəndə xəbər edin, sizin elektron poçtunuza göndərim, baxın feyziyab olun"g
   
   Hə, Cahangir müəllim, Məmmədhəsən kişi yazır ki, Usta, mən hara, müxalifət hara? Nə onları sevirəm, nə də onların şər-şəbədə qəzetlərini oxuyuram, düzü heç o qəzetlər bura gəlmir də. Bəzi vələduznalar internetdə çıxarıb çayxanalarda paylayırlar. Daha sonra yazır ki, Usta, vabşe, bu çayxanaları bağlamaq lazımdı, şər-şəbədə yuvasıdılar. Hansına girirsən müxalifət söhbətləri, elə bil müxalifətlə şərikdilər.
   
   Əzizim Cahangir müəllim!
   
   Bu yerdə məni necə gülmək tutdusa, az qala qəşş edəcəkdim. Yazıq Məmmədhəsən kişi bilmir ki, elə Cənnətdə də belə şeylərə görə çayxananı sökdülər.
   
   Hə, daha sonra yazır ki, Usta, qaldı o "Ədalət"də çıxan məktuba. And olsun Cahangir müəllimin qiymətini 62 faiz qaldırdığı Bakı- Naxçıvan reysinin ala bilmədiyim biletinə, mənim o məktubdan zərrə qədər də xəbərim yoxdu. O Aqil Abbasdı, kimdi özü Cahangir Əsgərovdan qorxur deyin, götürüb mənim adımdan istifadə edib.
   
   Usta, sən götür onun yazılarını bir oxu, hamısı səndən çırpışdırmadı. Qurban olsun qurban olduğuna, həm də yazığım gəldi, dedim qaçqın adamdı. Yoxsa verərdim məhkəməyə, qəzetini bağlatdırardım. O da Xudayar bəy deyil ki, qorxum.
   
   Əzizim Cahangir müəllim!
   
   Məmmədhəsən kişi daha sonra yazır ki, 25 manat nədir ki, ondan ötrü Cahangir müəllimin xətrinə dəyir. 25 manat qurban olsun Cahangir müəllimə də, onun əli aşağı düşmüş hökumətinə də. Mən nəinki biletlərin bahalaşmasına dilxor oldum, əksinə, böyük ruh yüksəkliyi ilə qarşıladım. Hələ deyirlər yanvarın 1-dən biletin qiyməti 95 manata qalxacaq, bax, onda lap qol götürüb oynayacam.
   
   Qaldı uşağın yanına gedib-gəlməyə. Keçmişdə uşaqları göndərərdik Sibirə - əsgərliyə və düz 2 il üzünü görə bilməzdik. İndi elə bilərəm uşaq düşüb Vladivostokda morskoy flota, üç il görüşə bilməyəcəyik.
   
   Düz deyirsən, mənim Bakıda nə itim azıb? Deyirlər orda küçələrdə bir avtomobil tıxacı var ki, bəzən hamilə qadınlar elə Təcili Yardımda doğurlar, çox vaxt bəylə-gəlin də şadlıq sarayına gedib çata bilmirlər, elə maşındaca evlənirlər.
   
   Daha sonra yazır, Usta, yeri gəlmişkən, xəbərin var, indi eşşəklər yaman hörmətə-qiymətə miniblər ey. Almaniyadan 40 min dollara alıb gətirirlər.
   
   Əzizim Cahangir müəllim!
   
   İndi gördüz Məmmədhəsən kişinin sizdən heç bir şikayəti yoxdu. Vələduznalar onun adından istifadə ediblər. Ona görə də heç kimdən, heç nədən çəkinməyin, Yeni ildən qiyməti 95 manat nədi, lap 100 manata qaldırın, qoy Məmmədhəsən kişi qol götürüb oynasın. Uzaqbaşı, Qüdrət Milli Məclisdə bir çıxış yapacaq, iki-üç nəfər də dəstək verəcək. Yapsın da.
   
   Məmmədhəsən kişiyə də məsləhət görürəm ki, əgər pul sarıdan korluq çəkirsə, dursun gəlsən bəri, burda hər şey pulsuzdu.
   
   Zilhiccə ayının 27-si, 1430-cu il
   
   (Müsəlman tarixini
   
   bilməyənlər üçün:
   
   15 dekabr 2009-cu il)

TƏQVİM / ARXİV