BU TƏXRİBATDAN BAŞQA BİR ŞEY DEYİL - Aqil ABBAS yazır

AQİL ABBAS
416 | 2022-09-22 00:31

Ölkə 44 günlük  ağır  bir  müharibədən  zəfərlə çıxıb. Qarabağ  azad  olunub, amma  müharibə hələ bitməyib. Demək olarki, Ermənistan 10 noyabr Bəyannaməsinə  əməl etmir. Hərgün  həm sərhəddə, həm də Qarabağın daxilində erməni silahlı qüvvələr ibizim postları, kəndləri atəşə tuturlar. Elə bu günlərdə Ermənistan silahlı qüvvələri bütün sərhəd boyu hücuma keçdilər, nəticədə Azərbaycan 80 şəhidverdi, 250-dən çox yaralımız var.

Həm dövlət, həm xalq olaraq birləşib torpaqlarımızı  qoruyuruq, yəniböyük  problemlərimiz var. Və bu problemləri həll etmək üçün dövlət və hökumət var gücüylə işləyir.

Belə bir zamanda dövləti və xalqı fikrindən yayındırmaq üçün həm xaricdən, həm də daxildən təxribatçı qüvvələr öz əməllərindən əl çəkmir.

İndi də «Göyçə-Zəngəzur Respublikası»  adlı zərərli bir ideya atıblar ortalığa. Keçmişi ləkəli Rizvan Talıbov adlı bir şəxs özünü bu respublikanın  prezidenti elan edib, haşdan-puşdan dövlətin  srtrukturlarını  yaradıb, özünə Türkiyədən də bir müavin təyin edib, Nazirlər Kabineti və Parlament  təşkil edib, nə bilim  nazirlər təyin edib və sair  və ilaxır, at gəldi  örkən apardı, it gəldi çarıq.

Çox qəribədir ki, hətta Zəngəzur-Göyçə respublikası adından İraqa  nümayəndə heyəti də göndərib, bayrağı-filanı, Ankarada  ofisi.

Bildiyiniz kimi, uzun illərdir ölkədə Qərbi Azərbaycan icması fəaliyyət  göstərir, məramı  və proqramı aydındır, mətbuatda bu haqda  çox yazılıb  deyin təkrar etmək istəmirəm. Bu icmanın  əsas məqsədi odur ki, Ermənistanla sülh müqaviləsi imzalanandan sonra Qərbi Azərbaycandan, yəni  indiki Ermənistandan  olan soydaşlarımızı yenidən doğma yurd-yuvalarına qayıtmasında dövlətimizə yardımçı olsunlar. İndi bu icma da bəyanat  yayıb ki, Göyçə-Zəngəzur Respublikasını tanımırlar.

Bu respublikanın yaradılması  təxribatdan başqa bir şey deyil. Əgər hüquq-mühafizə orqanları və gizli xidmət servisləri diqqətlə araşdırsalar ( və yəqin ki, araşdıracaqlar) görəcəklər ki, bu təxribatda həm Ermənistanın, həm də İranın  əli var. Əgər bu gün Ermənistan  ərazisində  bircə azərbaycanlı  yaşamırsa və kimlərsə belə bir respublika yaradırlarsa, onda Ermənistan da dünyaya bəyan edəcək ki, bizim də haqqımızdır Qarabağda yaşayan ermənilər üçün respublika yaradaq, dövlət yaradaq və sair və ilaxır.

Bu qurama respublikanı kim maliyyələşdirir?  Ankaradakı ofisin  pulunu  kim verir? İraqa gedən nümayəndə  heyətini kim maliyyələşdirir? Bunları araşdırıb-aydınlaşdırsaq  kimin əlinin kimin cibindən  çıxdığını görəcəyik.

Bunu mətbuatda və sosial şəbəkələrdə  müzakirə etmək də yersizdi, əksinə, onların  reklamıdı.  Ona görə də qoyun bu işlə  hüquq-mühafizə orqanları, Dövlət Təhlükəsizlik Xidməti məşğul olsun.

TƏQVİM / ARXİV