Sevsəydik onları yolda qoymazdıq
...Ordu və əsgər həmişə millətin ümid və güvənc yeridir. Ordusu və əsgəri olmayan xalq başqa ölkələrin qapazı altında qalır və onlar hansı mahnını çalır ona oynayırlar. Amma nə yaxşı ki, qüdrətli Azərbaycan dövlətinin güclü ordusu və döyüşkən əsgəri var! İkinci Qarabağ savaşında bir daha Azərbaycan ordusu və əsgəri 44 günlük müharibədə hansı qüdrətə malik olduğunu nəinki bizə, dünyaya sübut elədi! Sübut elədi ki, Azərbaycan ordusu və əsgəri dünyanın ən güclü ordusudur!...
Düşünürdüm ki, orduya və əsgərə münasibət xalqımız arasında 44 günlük tarixi Zəfər günündən sonra daha da artacaq. Bəli, bu gün millətimizin əksər hissəsi ordunu və əsgəri sevir, onu çox istəyir. Bu, danılmaz həqiqətdir! Amma bəzən də görürsən ki, ayrı-ayrı insanlar, ayrı-ayrı adamlar əsgərə çox soyuq münasibət göstərir. Bugünlərdə gördüyüm bir hadisə məni bir ziyalı və vətəndaş kimi narahat eləməyə bilməzdi. Rayondan qayıdanda Bakı-Astara yolunun kənarında bir əsgərin durduğunu gördüm. Amma bir sürücü belə avtomobili saxlayıb onu götürmürdü. Əsgər isə qürurunu sındırmadan heç bir sürücüyə əl eləmir, getmək istədiyini bildirmirdi. Biz ordan xeyli aralanmışdıq, amma ürəyim yenə həmin əsgərin yanında idi; deyirdim görəsən, o əsgəri kimsə maşınına mindirdi, ya yox?!
...Bizdənsə 15 dəqiqə arxada yaxın tanışlarımızdan biri gəlirdi. Ona telefon açdım. Dedim ki, qardaş, yolun kənarında çiynində çanta, bir əsgər durub. Onu götürərsən. Dostumuz da dedi ki, mənim gözlərim üstdə! Sürücü düz gəlib maşını əsgərin yanında saxlayıb və onu maşına əyləşməyə dəvət edib. Əsgər də təşəkkür edib və çox sağ ol deyib! Sonradan tanışım deyir ki, həmin əsgərlə xeyli söhbət elədim. Bu əsgər yox, zabit imiş. İkinci Qarabağ savaşında düz Şuşaya qədər gedib və böyük qələbənin qazanmasında bir zabit olaraq öz xidmətini göstərib. Hətta ölkə prezidenti tərəfindən üç medalla mükafatlandırılıb. Amma həmin zabit yolda durub maşın gözləyəndə avtomobili saxlamayan sürücülərin heç birindən gileylənməyib və deyib ki, hər kəsin özünə görə bir sıxıntısı, bir dərdi var! Bu, Azərbaycan zabitinin düşüncəsi, vətənpərvərliyi və insani hissləridir. Amma biz hər zaman, hər an o əsgərə, o zabitə sevgi ilə, məhəbbətlə yanaşmalıyıq. Gəlin onunla razılaşaq ki, biz türklər qədər Azərbaycan əsgərini çox sevmirik, çox istəmirik. Onlar türk əsgəri görəndə az qala canlarını onların yolunda qurban verələr. Biz isə bəzən yolda durub maşın gözləyən əsgəri görməməzliyə vurur, çıxıb gedir və düşünürük ki, qoy onu başqası götürüb aparsın!...
Yaxın dostlarımdan olan, Birinci Qarabağ savaşının veteranı, əslən Laçında dünyaya göz açan Elbrus deyir ki, bir dəfə Bərdəyə getmişdim. Gördüm ki, əsgər bir taksiyə yaxınlaşdı. Sürücü də ondan Tərtərə getmək üçün bir «şirvan» pul istədi. Əsgərin geri döndüyünü və qanını qaraldığını görüb taksiyə yaxınlaşdım, istədim dişimin dibindən çıxanı deyim, amma özümü birtəhər saxladım. Çıxarıb sürücüyə iki «şirvan» verdim ki, bu əsgəri hara deyir ora apar!
Görürsünüzmü, bəzən biz əsgərə qarşı belə bir laqeyd və soyuq münasibət bəsləyirik! Və onu da düşünmürük ki, bizim də övladımız, doğmalarımız və nəvələrimiz əsgər olub. Deməli, Azərbaycan əsgərinə biz hamımız böyük sevgi ilə, məhəbbətlə yanaşmalıyıq. Çünki onlar hər an, hər dəqiqə savaş başlayanda döyüşə atılacaq, bu xalqın və bu millətin yolunda sinəsini güllənin qabağına verəcək, bu Vətəni, bu torpağı və bizim hamımızı qoruyacaq! Allah Ali Baş Komandan, Prezident İlham Əliyevi, Azərbaycan ordusunu və Azərbaycan əsgərini qorusun! Biz onları qorumalıyıq ki, onlar da bizi qorusunlar!!!