Biz bir sevgi yaşayırıq - Əbülfət Mədətoğlu yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
820 | 2024-11-02 15:04

Sükut həyatımın mənasına, ifadəsinə çevrilib. Yəni hamıdan uzağa çəkilmək, dörd divar arasında oturmaq və yalnız xəyallarla, şəkillərlə baş-başa qalmaq məni özünə o qədər çəkib ki, ətrafımda baş verənlər, necə deyərlər, heç halıma da təsir etmir. Bu, laqeydlik deyil, bu, karlıq, korluq deyil. Sadəcə olaraq mənə hakim olan güc, istək, sevgi məni elə bil ki, tilsimləyib, gipnoz edib və mən də könüllü şəkildə təslim olduğum tilsimin içərisində özümü daha rahat hiss edirəm. Çünki o mühitə, o dünyaya bir nəfərin daxil olmaq, baş çəkmək şansı var. Bir az da fikrimi sadələşdirsəm, mənim dünyama yalnız bir nəfərlik buraxılış vəsiqəsi yazılıb. O da sənə aiddi. Sən isə...

Bəli, mən öz sığındığım məkanda, öz komamda, öz köşəmdə bir sükutun diktəsini o qədər rahatlıqla dinləyirəm ki, onu Allahdan başqa heç kim eşitmir. Əslində dinlədiyim səs sənə aiddi. Mən bu illər ərzində yaddaşıma sənin səsini yazmışam və sənin səsin mənim üçün sükutun özünü də ayağa qaldırır. Onu da dilləndirir. Və belə olan halda hardasa bir az bədii formada ifadə eləsəm, sükutun səsinin dinləyicisinə çevrilirəm...

Hə, dinlədiyim sükutun səsi o qədər aydındır ki, eşitməmək, dərk etməmək mümkün deyil. Hətta hansısa bir sözə, vurğuya görə sorğu etmək, sual vermək də mənasızdı. Ona görə ki, dediyim səs, dinlədiyim nitq göz yaşından da durudu. O dupduru səsi sükut içərisində dinlədikcə ruhum da təzələnir, yaddaşım da təzələnir, xatirələrim də təzələnir. Olmuşlar və olacaqlar da gözümün önündən gəlib keçir. Bax, beləcə sükutun səs amirliyi hakim olur mənə...

Kimsə kənardan baxa bilər, görə bilər və mən onun gözünə dəli kimi, natamam adam kimi görünə bilərəm. Olsun, bu məni heç narahat etmir. Ona görə ki, mənim görüntüm Allahdan başqa hər kimdə nə yaradır-yaratsın, nə əks-səda doğurur-doğursun, son nəticə səninlə birlikdə olmağımdı. Sənin səsinin kölgəsində, dizinin dibində oturmağımdı!..

Bax, elə bu təsvir etdiyim reallığın pərdə arxasında o səs sığal görür, ülfət hiss edir, özünü doğma yerdə, doğma məkanda, doğma varlığın içində görür. Bu da ruhumu silkələyir, ayağa qaldırır. Bax, ayaqlanmış, ayaqda durmuş səsin mənə görünən üzündə yazı var. Pıçıltılardan qaynaqlanan yazı. O mənim indi hamıya demək istədiklərimin ixtisar olunmuş və yazılı variantıdı. Yəqin ki, oxumusan və bilirsən ki:

 

Yastığını qucaqlama gecələr

Qoy qolların yol gözləsin, mən gəlim.

Deyirsən ki, işıq düşər, görərlər -

Yaxşı, onda dönüb olum çən, gəlim!

 

Səhər mehi, çəmən şehi, quş səsi

Qoy sındırsın ürək sıxan qəfəsi.

Qatmaq üçün nəfəsinə nəfəsi -

Sünbül kimi vağanayıb, dən gəlim!

 

Xoş qismətdi anlamaq da, anmaq da,

Sonuncuyam sevdiyimi danmaqda.

Sənin üçün dirigözlü yanmaqda -

Çətin ki, mən Əbülfətə tən gəlim!

 

Hərdən mənə elə gəlir ki, hərəkət etmək gücünü itirirəm. Çünki əlim, ayağım sözümə baxmır və hərdən də elə bilirəm ki, kimsə çiyinlərimdən üzü aşağı basır - torpağa tərəf!..

Özü də elə böyük güclə, təzyiqlə bunu edir ki, mən heç tərpənə də bilmirəm. Həmin anda yadıma böyüklərimin, indi haqq dünyasında olan doğmalarımın dediyi sözlər, fikirlər düşür. Rəhmətliklər deyirdi ki, belə olanda adamın üstündən saat ötür. Mən də gülürdüm. Dərk edə bilmirdim ki, saat adamın üstündən necə ötə bilər. Amma zaman göstərdi, həyat təsdiq etdi ki, həqiqətən elə məqamlar olur ki,  bir an  və yaxud iki an sən özündə olmursan. Elə bil ki, cismin burda oturur, için, ürəyin, ruhun, nəfəsin harasa çıxıb gedir. Özü də elə bir sürətlə gedir ki, onu tutmaq, dayandırmaq mümkün olmur. Az qala bu an zəlzələni xatırladır, silkələnmə baş verir, ruh bədəndən ayrılır və ... və qayıdır yerinə. Bax, onda anlayırsan, dərk edirsən baş verənləri. Və bir də xatırlayırsan böyüklərin dediyini. Yadına düşür ki, üstündən saat keçib. Gör nə vaxtdır öz içimdə təkliyin, sükutun iradəsini yerinə yetirirəm və düşüncəm də, ağlım da, hətta hərəkətlərim də yalnız mənə hakim olan gücə tabedi - o, Sevgi adlanan gücün iradəsini yerinə yetirir.

Mən də könüllü şəkildə, özü də köhnə kişilər demiş, heç nəyi və heç kimi yaxın qoymadan həmin yaşantının, həmin həyata bağlılığın qırılmaz tellərini qorumağa cəhd göstərirəm. Elə bilirəm ki, üstümdən təkcə saat yox, hətta bütün zaman gəlib keçsə belə həmin sevgi yaşadacaq, sənə qovuşmaq, sənin yanında olmaq üçün güc verəcək, yardımçı olacaq. Mən bu cür düşüncənin hakimliyini qəbul etmişəm və bunu da təzələmək, dəyişmək fikrim, niyyətim yoxdur. Xüsusilə ona görə ki, dediyim o ilahi güc, yəni o sevgi elə Allahın özündən gəlir. Üstümdən saat keçsə də yanımdan heç vaxt sənin sevgin ötüb gedə bilməz. O mənə hopmuş, mənim havama, suyuma, ruhuma, qanıma çevrilmiş Allah payıdı, Tanrı hədiyyəsidi. Ona görə də:

 

Allah, mənim üstümdən

Deyəsən saat keçib...

Hardasa ləngimişəm -

Gün ötüb, saat keçib...

 

Dedin sel ol! - axdım da

Nə var mənim baxdımda?

"Xəbərlər"in vaxtında -

Gün bitib, saat keçib!..

 

Dəyirmanla dən yarı,

Səni sevdim, sən yarı!!!

Bu vaxtacan tən yarı -

Gün itib, saat keçib...

 

Bu şeirdə mən bir az hisslərə qapılaraq, iynə ucu boyda etiraf da etmişəm. Sənə xatırlatmaq istəmişəm ki, üstümdən keçən saat itirdiyim günlərin göz dağıdı. Mənə başa salır ki, ömür keçir, gün keçir, itirmə, geri qaytara bilməyəcəksən keçən günləri, illəri. Bax, mən də dolayısı ilə bunu sənə də deyirəm, sənə də ünvanlayıram. Gözlərinin dərinliyindəki kədəri, kirpiklərinin ucundakı nəmi özümə köçürtmək, nəfəsimlə durultmaq istəyimi gizlətmirəm. Amma neynəyim ki, bu təkcə mənim varlığımın diləyidi, istəyidi. Bunun üçün mən sənə pərvanə oluram, amma... Amma sən bir az qürurlu, bir az soyuqqanlı, bir az da tərəddüdlü davranırsan. Mən də bu davranışın qurbanlığı olmağı qəbul edə-edə bir şeyi də fikirləşirəm. Düşündüyüm, fikirləşdiyim budur ki, doğrudanmı, sənin üçün sevgi yoxdu, mövcud deyil və yaxud sevmək çətindi, yaxud sevgi təhlükəlidi.

Deyəsən birnəfəsə dediyim suallar elə mənim özümün özümə ittihamım kimi səsləndi. Amma sən heç reaksiya vermədin. Elə bil ki, bütün baş verənlər o qədər adi və gərəksizdir ki, ona vaxt ayırmağı özün üçün qəbahət hesab edirsən. Əsl həqiqətdə isə mən səni o qədər dəqiq görür, oxuyur və davranışlarını izləyib birmənalı olaraq müəyyən etmişəm ki, sənin iç dünyan ən pak, ən dürüst, ən gerçək sevginin ünvanıdı. Sən o sevgi ilə nəfəs alırsan. Lakin onu o qədər pünhan, onu o qədər gizli saxlayırsan ki, səni görənlər düşünürlər ki, son dərəcə laqeyd və soyuqqanlısan. Təbii ki, bu sənin üçün nə qəbahətdi, nə də günah. Çünki sənin daxilin sənə aiddi. Ancaq onu da bilmək lazımdı ki, bütün sevgilər gün işığıdı. Nə qədər gizləsən də mütləq və mütləq üzə çıxacaq və çıxır da. Mən buna Allaha inandığım kimi inanıram. Deməli, gizlətdiyin sevgi mənim sükutumun səsi, mənim tənhalığımın özü və həyatımın gerçək mənasıdı. Sən gizlətsən də Allah onu məndən gizlətmir və mən də bütün çətinliklərə, bütün ağrı-acılara, bütün tərki-dünyalığa baxmayaraq yanındayam. O sevgi ilə birlikdə:

 

Nə çətin oldu sevmək

Məni bu yaşda, gülüm!

Düşmür bizə sevinmək

Məni bağışla, gülüm!

 

Çiçək qönçəsində şeh

Didədə yaş kimidir.

Mənə yük olan ürək

Üzüksüz qaş kimidir.

 

Dağa qalxan dumantək

Sevinc ötür üstümdən...

Daşa dönüb bu ürək

Gəlib götür üstümdən.

 

Qoyma qalsın ortada

Gözü yaşlı bir bəndə!

İlahi eşq dünyada -

Bir səndədi, bir məndə!

 

Hə, elə bilmə ki, biz ayrı-ayrı dünyalarıq. Elə düşünmə ki, biz bir-birinə əks olan qütblərik. Elə düşünmə ki, biz paralel yol gedirik. Xeyr, biz bir-birimizin içindəyik, bir-birimizin dünyasındayıq. Biz əslində bir-birimizə baxa-baxa, bir-birimizi düşünə-düşünə bir sevgini yaşadırıq!  - əbədi bir sevgini.

TƏQVİM / ARXİV