adalet.az header logo
  • Bakı 29°C

Bir Məhəbbət günü ...- Əbülfət MƏDƏTOĞLU yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
225 | 2022-07-04 16:06

Məhəbbət KAZIMOVUN doğum gününə

Bəri  başdan deyim ki, canında, qanında, bütövlükdə varlığında məhəbbət olan hər kəs bu adı daşıyanlara bir az qəribə baxırlar. Şəxsən mən düşünürəm ki, məndən çox və məndən böyük sevgisi, məhəbbəti olan kimsə yoxdur. Ona görə də adı «Məhəbbət» olan hər bir insana bir az fərqli bucaq altında baxıram və bu adamları izləyirəm. Görüm, həqiqətən onlar adlarını doğruldur, yoxsa papağı günə yandırırlar. 

Bu gün xoş bir xatirə ilə, amma bir az da nisgillə xatırladığım bir dostum var idi. Əslində elə indi də var. Sadəcə  o var olanda cismi də, ruhu da gözümün önündə idi. Amma indi ruhudu, bir də səsi!..

Mən hər səhər işə başlamazdan öncə onun «Laçınım»a qulaq asırdım. 2020-ci ilin sentyabr ayının 27-dən sonra artıq onun «Əlvida»sına qulaq asıram. Düşünməyin ki, «Laçınım» mahnısından doymuşam. Yox, sadəcə olaraq artıq onun Laçında olduğuna  yüzdə yüz əminəm və bu əminlik məni bir az  da  onun üçün qəribsədib. İçimə hopub ki, Məhəbbət Kazımov Laçındadı, həsrətini çəkdiyi o cənnəti gəzib dolaşır və ordan mənə əl eləyir. Bu əl yelləmək bir əlvida işarəsidi. O zamana qədər ki, bizim ruhumuz sarılacaq bir-birinə... 

Bəli,  mən Məhəbbət adını daşıyanların  bir  qismini   izləyəndə gəldiyim qənaət bu oldu ki, məhz Məhəbbət Kazımov bu adın ən layiqli təmsilçisidi. Çünki onun nəfəsi də, zənguləsi də, həyatı da, adamlara münasibəti də, gözələ və gözəlliyə diqqəti də ancaq məhəbbət idi. O ,  bu adı içində, həyatında hər gün bir buğum da  göyərdirdi. Elə do!!! Məhəbbət Kazımov başqa cür ola bilmirdi və ola da bilməzdi! Çünki adı da Məhəbbət idi, həyatı da. 

Bu ayın ilk günü Məhəbbət Kazımovun 69 yaşı tamam oldu. Onu hər gün xatırlayan, onun baməzə söhbətlərini, qəribə jestlərini tez-tez dilə gətirən dostları öncə məzarını ziyarət etdilər. Bu ziyarətin təşəbbüsçüsü və təşkilatçısı Məhəbbət Kazımovun can dostu, xalq artisti Yasin Qarayev idi. Məhz onun bir işarəsi ilə Ramiz Qusarçaylı Qubadan gəldi Bakıya. Gəldi və ziyarət elədi könül dostunu. Füzulinin Gecəgözlü kəndindən olan Bəylər Sərxanov da, hamımızın çox gözəl tanıdığımız dəyərli ziyalımız professor İlham Rəhimli də, «Azərbaycan» Nəşriyyatının sayılan əməkdaşlarından Afiq Vəlimətov da, muğam müsabiqəsinin laureatı Məhəbbət Kazımovun sevilən ən gənc dostu və davamçısı Şəmsəddin də, elə bu fikirlərin müəllifi ola mən Bəndəniz də yığışdıq «Məhəbbət» kafesinə. Saatlarla oturduq, Məhəbbətdən danışdıq, Məhəbbətin bizlərə məhəbbət aşılayan söhbətlərini, sözlərini xatırladıq, Şəmsəddinin ifasında Məhəbbət Kazımovun mahnılarını dinlədik... Bir sözlə, iyulun 1-də biz yeni ayımızı Məhəbbətlə başladıq, Məhəbbətlə qeyd etdik. Məhəbbəti öz aramızda gördük. 

Xoşbəxt o insandı ki, sağlığında da, Tanrıya qovuşanda da ilk dəfə necə tanınıb görünübsə, elə o cür də tanınır və yaddaşlarda qalır. Bax, Məhəbbət Kazımov da o xoşbəxt insanlardan, bizim dostlarımızdan biridir. Bu məqamda xalq şairi Səməd Vurğunun böyük Üzeyir Hacıbəylinin ölümünə yazdığı şeirinin misraları düşür yadıma. Səməd Vurğur yazmışdı ki:

 

Ölüm sevinməsin qoy,

Ömrünü vermir bada.

Xalq qədrini canından  

Daha artıq bilənlər.

 

Şirin bir xatirətək

Qalacaqdı dünyada

Sevilərək yaşayıb

Sevilərək ölənlər!

 

Hələ orta məktəb illərində oxuduğum bu şeirin ovqatı üstündə mən də Məhəbbət Kazımovun sevilərək yaşayıb, sevilərək hər kəsə sevgi aşıladığına inanan dinləyicisi, dostu kimi deyirəm:

- Biz bir Məhəbbət günü yaşadıq. O günün işığı, ovqatı bu gün də bizimlədir. Deməli, Məhəbbət sevənlərinin, doğmalarının, dostlarının, bir də musiqi xiridarlarının hər zaman yadındadı, yanındadı. Nə gözəlmiş Məhəbbətin günü!

  • Avqust:
  • 6

TƏQVİM / ARXİV