“BİR DƏRDLİ MACƏRA İMİŞ EŞQ...” ( Üçüncü  yazı) -  Əbülfət MƏDƏTOĞLU yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
1198 | 2023-03-17 10:04

ƏVVƏLİ BURADA

Bəli, mən akademik Kamal Adullanın "Mənim Füzulim”in essesi barəsində növbəti yazını qələmə almamışdan öncə Füzulinin xatırlatdığı və Kamal müəllimin də diqqətini çəkən macəra haqqında bir xeyli düşündüm. Təbii ki, mənim düşünməyim nə qeyri-adilikdi, nə də fərqli bir yanaşmanın ortaya qoyulmasıdı. Ona görə ki, Füzuliyə hansı tərəfdən baxırsan bax, onun sözü, onun fikri Tanrı yanındadı. Və Tanrı yanında olan sözə də, fikrə də çox hörmətli Kamal Abdulla yüksək şərhi və baxışı açıqlayıbdı. Və mənim həmin şərhə və baxışa nə isə əlavə etməyim yanlışlıq da ola bilər, artıq da görünə bilər. Və yaxud da boşuna cəhd də sayıla bilər. Bunlar hamısı mümkündü. Lakin...

Hər kəs fərd olduğu kimi, onun fikirləri də fərdidi və fərqlidi. Yəni demək istəyirəm ki, mənim "Bir dərdli macəra imiş eşq...” essesinə baxışım da özümünküdü. Ona görə də elə fikirlərimi bir növü öz macəram kimi şərh etmək niyyətindəyəm. Demək istəyirəm ki, qəlbində sevgi adlanan duyğunun hansı ölçüdə olmasından asılı olmayaraq, onun özəl macərası da var. Çünki sevgi, eşq bir aşiqin yaşamıdı. Və bu yaşamın da adı macəradı. Ona görə ki, burda həqiqətən MACƏRA var. Macəra həm gerçəklikdi, həm də xəyal... həm olmuşdu, həm olan və hətta olacaq... həm yuxudu, həm reallıq... Deməli, bütün bunlar bir ömürdü – Eşq adlanan ömür. Füzulinin də dərdli macəra adlandırdığı eşq hörmətli Kamal Abdullanın vurğuladığı kimi o həm də yaşamın tarixidi. Axı, həqiqətən eşq yaşanır. Yaşanılan isə ömrə, günə keçir, çevrilir. Ömür-gün də öz növbəsində bir insan həyatıdı. Və bu həyat da elə tarix deməkdi. Onu biz xatırlayırıqsa, onu biz yaddaşımızda təzələyiriksə, onun acısını, şirinini unuda bilmiriksə, buna "Tarix”dən başqa bir ad vermək mümkündürmü?

Füzulinin həmin essenin başlığına çıxarılmış fikri Kamal Abdullanın baxış bucağı altında həm də aşiq Füzuliylə, şair Füzulinin durumunun müqayisəsi müstəvisinə çıxarılır. Onda bəlli olur ki, şair Füzuli aşiq Füzulini hansı mərtəbəyə qaldırır. O mərtəbə yalnız macəra yaşaya bilənlərin mərtəbəsidi. Bunu Qeysin-Məcnunun həyat yolu, həyat tarixçəsi açıq-aşkar göstərir. Qeysin keçmişi və Məcnunun bu günü. İkisi bir-birinə qarışanda həqiqətən bir eşq macərası – özü də kədərli, amma yaşanmış, xatırlanan eşq macərası – qalır, durur gözümüzün qarşısında...

Və mən də bu Füzuli sevdasının, bu ilahi sevginin macərasını gerçək kimi qəbul edirəm. Çünki bu sevgi mənim üçün həm də inancdı. Tarixdən süzülüb gələn inanc!

  • Iyun:
  • 7

TƏQVİM / ARXİV