adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

Bakı şəhidləri  - NATİQ MƏMMƏDBƏYLİ - Kamalə Abiyeva yazır

KAMALƏ ABİYEVA
2631 | 2023-07-18 11:17

Şəhidlər haqqında yazanda öncə vikepediyaya baxıram: Natiq Vahid oğlu Məmmədbəyli Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhididir.

Qəribə hiss dolur ürəyimə : Ağrılı, dərdli, qürurlu, sevincli, kədərli...

Vətən müharibəsi...Vətən müharibəsi şəhidləri... Gözlərim, beynim ilişib qalır bu ifadələrdə.

1972-ci ildə Samux rayonu Qarayeri qəsəbəsində anadan olub baş leytenant Səyavuş Saleh oğlu İmranov. 1989-1994-cü illərdə Azərbaycan Texniki universitetində həm də hərbi təhsil alıb. 1996-2000- ci illərdə Ağdam bölgəsində tağım komandiri olub. Sonra ehtiyata buraxılıb. 30 il neft sənayesində çalışıb. Fəxri neftçidir. 2-ci Qarabağ savaşının qazisidir. Baş leytenant Səyavuş İmranov danışır: 20 ildi ehtiyatdaydım.Tovuz hadisələri zamanı hərbi səfərbərbərliyə könüllü qoşuldum. İlk gündən müharibədə olmuşam. Füzuli, Cəbrayıl, Xocavəndin azad olunması uğruna döyüşlərdən keçdim. Müharibədi. Nə deyim ki? Dəhşətdi. 30 ilin ağrısı, acısı da var. Hamı qələbə üçün döyüşürdü. Ölüm haqda düşünmürdük. Necə igidlərimiz var. Natiq də bizim qəhrəmanımız idi. Toplanma məntəqəsində tanıdım onu. Döyüş bölgəsinə getməliydik. Sürücü lazım idi. “mən bacararam “ deyib önə çıxdı. Heç fikirləşmədi. Sağ-salamat bizi təyin olunmuş yerə çatdırdı. Əslində geri qayıtmalıydı. Qayıtmadı. “Döyüşəcəm” dedi. Nə qədər təkid etsəm də olmadı. Avtomobili təhvil verdi. Çox fədakarlıqlar edirdi. Yaralılara ilk tibbi yardım göstərir, onları təhlükəsiz mövqeyə çıxarır, təxliyyə edilməsinə çalışırdı. Həmişə öndəydi. Oktyabrın 19-da növbəti tapşırıq aldıq. Hadrut qəsəbəsinin Ərgünəş dağına qalxmalı idik. Ərgünəş çox önəmli strateji əhəmiyyətlidir. Düşmən mütəmadi əks hücumlar edirdi. 19-da gecə biz yüksəkliyə qalxdıq. Oktyabrın 20-də sübhdən ağır döyüş başladı. 22-də artıq Ərgünəş tam azad idi. Ordan Şuşa istiqamətində irəlilədik. Bu çətin döyüşdə düşmənin xeyli canlı qüvvəsini və texnikasını məhv etdik. Bizim də şəhidlərimiz, yaralılarımız oldu. Mən də yaralandım. Natiq Məmmədbəyli Ərgünəş dağı uğrunda gedən döyüşlərin ilk şəhidi idi. Başda Natiq olmaqla torpaqlarımızın azadlığı uğrunda şəhid olanların hamısı ilə fəxr edirəm. “Ruhunuz şad olsun, rahat olsun” deyirəm.

Natiq Məmmədbəyli 1993-cü il iyulun 18-də Bakının Xəzər rayonunun Şağan qəsəbəsində anadan olub. 1999-cu ildə Şağan kəndində 124 №li tam orta məktəbdə doqquzillik təhsil alıb. Yaxşı oxuyan sakit, həlim, mehriban Natiq müəllim və şagirdlərin sevimlisiydi. Hələ ibtidai təhsil alarkən Gülsüm müəllimə valideynlərinə “O qədər məsuliyyətlidi ki. Dərs danışanda, tapşırığını yoxlayanda çox həyacan keçirir. Bir nöqtə səhvi belə onu narahat edir, utandırır”. Beləcə böyüyür hər hərəkətini ölçüb-biçən, hər işə məsuliyyətlə yanaşan Natiq Məmmədbəyli. 2008-ci ildə 9 illik təhsildən sonra 101 №li peşə məktəbində tam orta təhsil almaqla bərabər, sürücülük peşəsinə yiyələnir.

2011-2013-cü ildə Goranboy rayonunda N saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət keçir. Xidmətini layiqincə yerinə yetirir.

“Uşaqlıqdan sevimli oyuncaqları maşınlar olub. “Maşın ustası olacam” deyirdi həmişə. Təkcə sürücülük öyrənmədi, həm də yaxşı maşın ustası idi.-deyir anası Güldanə xanım.-Oğlum çox istiqanlı, çox mehriban, zəhmətsevər idi. İdmanı sevirdi. 3 il klassik güləşlə məşğul oldu, çox yarışlarda iştirak etmişdi, fərqlənmişdi. Sadəcə zədələr aldı, idmandan ayrılmalı oldu. Heyvanları da sevərdi. Qoyun saxlayırdı. Sübhdən qalxar heyvanlarına baxar, sonra işə gedirdi. Öz zəhməti, qazancı ilə özünə ev tikirdi. Seçib sevdiyi qızla nişanlıydı. Amma ərazi bütövlüyümüz də onu narahat edirdi. Müharibə xəbəri yayılan kimi “mən də gedəcəm” dedi. Mənə bildirmədi, amma hərbi komissarlığa gedib, təkid edirmiş. Bir gün gec çağırdılar deyə narahat oldu. 28 oktyabrda çağırdılar. Həmin gecə “ana, mənim yanımda yat”dedi. Balamdan qəribə, heç vaxt duymadığım ətir gəlirdi. Onu gətirəndə də bu ətri duydum. O gündən bu ətir yayılıb hər yerə elə bil. Cənnət ətri...Balam uca məqamdadı-bir də qürurla bunu söylədi ana.

Siz heç qürurlu şəhid anaları danışanda göz yaşının səsini eşitdinizmi? Mən eşitdim. Bu göz yaşında gah ağrı-acıya, dərdə batdım, gah da gördüyüm bütün çirkablardan təmizləndim.

Vətən savaşı zamanı könüllülərin sayı-hesabı yox idi. Azərbaycan torpaqlarının Ermənistanın işğalından azad etmək arzusu vardı çoxları kimi Natiqin də. O bu arzu uğruna silaha sarıldı. Atası Vahid kişi tez-tez oğlunun necə tələsik getdiyini xatırlayır: Tovuz hadisələrindən, Polad Həşimovun ölümüündən sonra rahatlıq tapmırdı. O vaxt könüllü yazılmışdı. Hər gün İkinci Qarabağ savaşının başlanmasını gözləyirdi. Hərbi komissarlığa qaça-qaça getdi. İnsan övladını hamıdan üstün bilsə də, yaşadıqca yenidən tanıyır. Onun gedişi yadıma düşdükcə kövrəlirəm, qürurlanıram. Necə vətənsevdalıymış oğlum...

Xalqın qəhrəmanı oldu.Tariximizə şərəf gətirdi.Şagird gündəliklərinə yazılan qara günləri sildi.

Tural Məmmədbəyli: Natiqlə təkcə qardaş deyildik, dost idik. Çox sevinirdi döyüşə gedəcəyinə. Zəng edəndə elə rahat danışırdı ki, elə bil ölümlə üz-üzə deyil. “Necəsən” soruşanda, “Torpaqlarımızı alırıq, necə olaram-əla. O qara tarixləri silirəm, qardaş” deyirdi. Bizim gündəliklərdə işğal günləri yazılırdı qara hərflərlə. Məktəbli olsaq da, hər baxanda əsəb keçirirdik. O qara tarixləri silməyi çox arzulayırdıq. Qardaşım kimi oğullar o qara günləri sildi tariximizdən. Natiq şəhid olandan sonra oğlum dünyaya gəldi Qardaşımın adını daşıyır. Məhz Natiq kimi oğulların sayəsində böyüyən nəslin gündəliyində qələbə günləri yazılacaq. Bunu çox arzulayırdı. Ən ali arzusu torpaqlarımızın azadlığı idi. Ən ali arzusuna çatdı qardaşım.

Natiq “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medallarına layiq görülüb.

Seyfulla Ağayev onun həm də xalası oğludu: İkimiz də yazılmışdıq. Mənə bir gün əvvəl zəng gəlmişdi. Elə narahat idi. Bütün günü”məni niyə çağırmırlar”-dedi. Səhər sevinə-sevinə zəng vurdu ki, mən də gedirəm. Mən tankçı idim. Ona görə döyüşlərdə ayrı düşdük. Amma orda da onun igidlikləri haqqında eşidirdim. Onunla fəxr edirdim...

“ Gözəl dost, cəsur döyüşçü idi Natiq. Sinəsini hər kəs üçün sipər edərdi. Müharibədə hər şeyi gözə alırsan. Orda olmaq bir başqadı. Döyüşmək ağır deyil əslində.Torpağını azad edirsən. Ən ağrılı döyüş yoldaşlarının şəhid olduğunu görməkdi. Çox çətin olur. O döyüşlərdə yaralandım. Natiqin şəhid olduğunu gördüm. Heç unutmaq olmur...”-bunları xatırladı qazi Elnur.

“Zəfər paradından iki gün əvvəl yuxuma gəldi. Maşınım orda olacaq. Elə bildim özü də ordadır. Onun varlığını hiss edirəm. Onun ətri gəlir hər yerdən-cənnət ətri...”-bir də bunu dedi Güldanə xanım.

Elədi, əziz Ana, gözəl Ana. İndi igidlərimizin, şəhidlərimizin ayağı dəyən hər yer cənnətdi. Bizim Azərbaycan cənnətdi. Onun hər qarışında şəhidlərimizin izi var. Ona görə bu yurdun havasından, suyundan, dağından, daşından cənnətin ətri gələcək həmişə.

TƏQVİM / ARXİV