adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

AZƏR BAĞIROV, RUHDAN DÜŞMƏ! - Aqil ABBAS yazır

AQİL ABBAS
578 | 2024-03-12 14:01

CBC Sportda Şəmsəddin müəllimin apardığı  proqramında «Araz-Naxçıvan»ın baş məşqçisi Azər Bağırovun çıxışını  diqqətlə izlədim. Hakimlərdən gileylənməkdə yüz faiz haqlı idi. Həqiqətən hakimlər «Araz-Naxçıvan» və «Zirə»yə qarşı əksər oyunlarda xoşagəlməz mövqe tutublar. Amma heç bir tədbir görülmür. Belə hakimlərə qırmızı vərəqə cəhənnəm, sarı vərəqə göstərən də yoxdu. Yadımdan çıxıb, Avropada hansı oyundasa hakim oyunçuya haqsız qırmızı vərəqə çıxardanda  futbolçu  qırmızı  vərəqəni  hakimin  əlindən alıb özünə göstərdi. 

Doğrudanmı Azərbaycanda hakim  çatışmazlığı var ki, «Araz-Naxçıvan»ın 8 oyununu  eyni  hakim idarə edir.  Və hamısında da rəqib  komandanın 12-ci  oyunçusuna  çevrilir. 

Hakimlər Komitəsinin  sədri Şimşəkdi, İldırımdı nədi  bu və ya digər oyunlarda haqsızlıq edən hakimlər haqqında heç bir tədbir görmür. Ona kim və nə mane  olur? 

VAR sistemi nədən ötəridi? Orda  çalışanların  gözləri görmürmü? Adi bir tamaşaçının gördüyü penaltiləri VAR hakimləri gözdən qaçırır. Heç olmasa mərkəzdəki hakimi VARa baxmağa da  dəvət etmir. Bəzən isə penalti olmadığı halda hakimi VARa baxmağa dəvət edir və ordan nə tapşırıq gəlirsə, hakim  penalti nöqtəsini  göstərir. 

Gileylənmə, dostum, ürəyinə salma. Bu belə  gəlib, belə də gedəcək. Yəqin  nə vaxtsa bizdə də hansısa bir futbolçu  hakimin əlindən qırmızı vərəqəni alıb onun  özünə göstərəcək.

Sənə alqış düşür, qısa bir zamanda çempionatın  başlamasına 15-20 gün qalmış «Araz» kimi maraqlı bir komanda formalaşdıra bilmisən. Və hətta  onu liderlərin qəniminə  çevirməyi  bacarmısan.  Sən öz işində ol.  Onu da deyim ki,  yerli futbolçu qıtlığı  hələ uzun müddət davam edəcək.  Sən onu gözlə ki, əlindəki yerli futbolçuları pullu  komandalar əlindən  alıb səni «Qəbələ»nin gününə salmasınlar.

Möhtərəm Prezident, Cənab Ali Baş Komandan  iki ayın içində Xankəndindəki  stadionu bərpa elətdirdi, ot örtüyünü dəyiştdirdi və bu gün həmin stadion Avropa  oyunlarına da hazırdır. 

Gələk «Araz»ın öz stadionuna, Naxçıvan şəhər  stadionuna. Mən bu stadionda olmuşam, stadionla  tanışam, hər cür şəraiti  var. Doğrudanmı  bu bir il ərzində  stadionu  bərpa etmək, ot örtüyünü  dəyişmək olmaz?  Özü də Naxçıvanda futbolu  sevirlər. Təəssüf ki,  naxçıvanlılar futbolu sevsə də, respublikanın  rəhbərliyində bu sevgini görmürük. «Araz»ın stadionunun bərpasını  da Cənab Prezident öz üzərinə götürməlidir? Bəs, onun yerlərdəki nümayəndələrinin və AFFA rəhbərliyinin işi nədən ibarətdir? 

Bir dəfə «Qarabağ»la «Qəbələ»nin Ölkə kuboku uğrunda final oyunu Naxçıvan şəhərinə salınmışdı. Oyunu izləmək üçün mən də getmişdim. Stadionun yaşıl örtüyü göz qamaşdırırdı. Oyundan əvvəl düşüb meydançanı xeyli gəzdim. Qayıdıb «Qəbələ»nin o vaxtkı prezidenti Taleh Heydərova (futbolu bir yerdə izləyirdik) dedim:

- Heydərov, bu stadionda  futbol oynamaq günahdı. Futbolçularınıza tapşırın ehtiyatlı olsunlar, yoxsa butsiləri  qızacaq və ayaqlarını  yandıracaq.
Elə dediyim kimi də oldu. «Qəbələ»nin ən yaxşı  hücumçusu 27-ci dəqiqədə yıxılıb qaldı meydançada. Butsi ayaq barmaqlarını şişirtmişdi və yandırmışdı. Məcburi əvəzetmə elədilər. Ondan sonra üstünlük bütünlüklə «Qarabağ»ın tərəfinə keçdi. 

Niyə dedim bu stadionda futbol oynamaq günahdı? Çünki meydançaya ot əvəzinə çoxillik bitki olan çayır əkilmişdi. Çayır da həmişə yaşıl olur, amma asfalta dönür. İndi bu meydançanı çayırdan təmizləmək çox ağır zəhmət tələb edir. Çünki bu bitkinin  kökü dərinə gedir, nə qədər təmizləsən də su görən kimi  yenidən cücərir. Yəni bu meydança «karçovka» edilməlidir, yəni dərin şum ki çayırın köklərini də çıxara bilsinlər. Ondan sonra burda ot əkmək olar. Yəni bu bir il müddətində respublikanın rəhbərliyi  bunu edə bilməzdimi? Projektorsuz da oynamaq olar, oyunu  salarsan gündüz saat 3-4-ə, qarşıdan da yaz-yay gəlir. 

Nə vaxtadək «Araz» özgə meydançalarda oynamalıdır, guya ev sahibidir, əslində isə qonaqdır. 

Azər Bağırov, ürəyini sıxma, gec-tez düzələr, qayıdarsız öz evinizdə-eşiyinizdə, öz meydançanızda oynayarsınız. «Turan» Tovuz kimi, «Qəbələ» kimi. İnşallah, tezliklə «Kəpəz» də Gəncəyə qayıdar.

Mən «Araz» komandasını Əhməd Ələsgərovun vaxtından tanıyıram. Bir neçə dəfə ondan müsahibə almışam və onun dəvəti ilə oyunları izləmək üçün  Naxçıvana da getmişəm. Yəni əslində «Araz» köklü  komandadır. Hətta bu komandanın məşqlərini də izləmişəm. Əhməd Ələsgərovun  qəribə bir  metodu vardı. Futbolçuların kürəyinə neçə kiloqram ağırlıqda yük bağladıb dağlara  dırmaşdırırdı. Məşq zamanı da ayaqlarına  müəyyən  çəkidə  yük bağladırdı. O yükü bellərindən və ayaqlarından açandan  sonra futbolçular  ceyran kimi qaçırdı. 

Stadion da  ağzınadək dolu olurdu. Hətta Əhməd müəllim deyirdi ki (yeri behişt olsun), fasilə vaxtı müəyyən azarkeşlər stadionu gəzib azarkeşlərdən pul toplayırdılar və oyundan sonra gətirib komandaya bağışlayırdılar. Yəni naxçıvanlılar öz komandalarını  belə sevirdilər. 

Və sonda. Mən yazımda komandanın adını «Araz-Naxçıvan» deyil, «Araz» kimi qeyd etdim. Çünki bu komandanın adı yaranan gündən «Araz» olub, hamı da bilir ki, «Araz» Naxçıvanındır. Sözüm «Turan» Tovuza da aiddir. Tovuzda həmişə futbol  olub, klubun adı da «Turan»dı. Klubun adına əlavə Tovuz  sözünü  yazmaq nəyə lazımdı? Yadınıza  düşürsə bir ara «Qarabağ» komandasının adı «Qarabağ- Azərsun» idi. Sonra komandanın rəhbərliyi  ağıllı bir iş gördü «Azərsun» sözünü  klubun adından çıxartdı. 

Dostum, Azər Bağırov, ruhdan düşmə və əsəbləşmə! Sən gözəl bir komanda yaratmısan, hələ qarşıda da 10 tur var. 3-cü,4-cü, nə bilim 5-ci yerdə gedən  komandalardan  cəmi 6 xal geridəsən. «Araz» özünü  toparlasa Avropa Çempionatına da düşə bilər. Düzdür, siz qarşınıza bu məqsədi qoymamısınız, birinci planı  yerinə yetirmisiniz - yüksək liqada  yerinizi  saxlamısınız. Çalışın ikinci  planı da yerinə yetirin. 

Sizə uğurlar!
 

TƏQVİM / ARXİV