adalet.az header logo
  • Bakı 31°C
  • USD 1.7

«ATƏŞ»i oxucu kimi görmək və duymaq... - Əbülfət MƏDƏTOĞLU yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
336 | 2022-04-25 13:13

Bu mənim ilk və isti təəssüratımdı

 

Ötən şənbə günü «Ədəbiyyat» qəzetini gözdən keçirirdim. Adətimdi, çalışıram ki, həftədə bir dəfə işıq üzü görən bu qəzetin saylarını diqqətdən yayındırmayam. Və açığını deyim ki, qəzetdə çap olunan əksər materiallar həmişə diqqətimi çəkir. Bu dəfə də belə oldu və mən «Ədəbiyyat» qəzetində «ATƏŞ»lə qarşılaşdım. Və...

Bəri başdan deyim ki, imzasını da, özünü də kifayət qədər tanıdığım, necə deyərlər, iç dünyasına  yaxşı bələd olduğum  Arzu Əsəd «ATƏŞ»i mənə əlyazması formasında olanda oxumuşdu... İlk dinləyici, ilk oxucu mən olmuşdum. Elə Arzu «ATƏŞ»i oxuyub bitirəndə mən onu təbrik etdim. O da üzümə baxa-baxa dayandı və baxışlarından oxudum ki, fikrimi bilmək istəyir. Təbii ki, fikir bildirmədim. Amma dedim ki, çap olunar, bir də oxuyaram. Sonra baxarıq. İndi Arzuya da, elə oxuculara da etiraf edirəm ki, yaxşı ki, tələsik münasibət bildirməmişəm. Çünki dinləməklə bəzən şeirin alt qatına enmək olmur. Çünki səs, intonasiya və xüsusilə də öz şeirini Arzu Əsəd kimi söyləmək özü oxucunu yönəldir və bu «yönəltmə» dinləyicini elə gipnoz edir ki, o, bəzən nə deyəcəyini və yaxud reallığı tam tuta bilmir. 

Bax, bu mənada mən ötən istirahət günümün müəyyən hissəsini «ATƏŞ»ə həsr etdim, iki dəfə oxudum. Elə indi də masamın üstündə, əlimin altındadı. Və şeiri gözdən keçirə-keçirə ilk, isti düşüncələrimi bilgisayara diktə edirəm.  Başlayaq elə atəşin özündən...

 

Bəllidi ki, atəş  bir döyüşün, bir silahın, bir öldürməyin ilk aurasını, ilk təəssüratını yaradan sözdü. Atəş həm də «od», «alov» ifadəçisidi. Deməli, bu iki çaları bir araya gətirəndə insanın gözü qarşısında yaranan mənzərə daha çox yandırmaqdan, öldürməkdən qidalanan əmri, hökmü ortaya qoyur. Və məlum olur ki, bu söz atəş açanın yox, atəşi alovlandıranın yox, həm də daha çox ikinci şəxsin iradəsini icra etməkdir. Bax, elə mənim ilk təəssüratıma görə Arzu Əsəd burada məhz ikinci şəxsi, daha doğrusu, atəş əmri verən İNSANI, bir az da konkret desəm, bu yerdə 44 günlük savaşımızın sərkərdəsini, Ali Baş Komandanını poetik dillə tərənnüm edibdi. 

Arzu Əsəd «ATƏŞ»lə əslində 30 il yol gəlib. Daha doğrusu, 2020-ci ilin sentyabr ayının 27-dən noyabr ayının 10-na kimi olan dövrün fonunda 30 il geriyə qayıdıb. Torpaqlarımızın zaman-zaman işğalına, itirdiklərimizə, itkilərimizə, qəhrəmanlarımıza, şəhidlərimizə üz tutub, onların ruhu naminə, onların qisası naminə atəşin vacibliyini və o vacib olanın da öz yerində, öz məqamında reallaşdığını şeirləşdiribdi. Arzu Əsəd yazıb ki:

 

Atəş!

İllərcə yetər gözlədik, atəş!

Biz səbr elədik,

haqq dedik, haqq istədik, atəş!

Bildik ki, sonunda, haqqın dili atəş,

Zalım bu nahaq dünyada

bir dil bilir – atəş!     

 

Zənnimcə elə bu misraların hər birinin ip ucundan yavaşca tutmaqla Şuşa Zəfərinə doğru bir yola çıxmağımız mümkündür.  Ona görə ki, artıq içimizdə bir əminlik var. Bu yolda bizim qayəmiz də, məramımız da, istəyimiz də, xəyallarımız da, yuxularımız da, reallığımız da Atəşdən asılıdı! Yalnız 30 illik həsrətə və sadaladığım nüanslara atəş bizi qovuşdura bilər. Bəzən deyirlər ki, söz pərən düşüb, fikir dağınıqdı, amma bu kiçik parçada söz bir-birinin içindədi, fikir bir-birinin davamı kimi sərgilənir. Və əmin olursan ki, bəli, illərin gözlətdiyini atəş bizə qaytaracaq. Çünki gözləntinin sonu gəlib çatıb və sonun çatdığını da, məqamın yetişdiyini də həm atəş, həm də o atəş əmrini verən dəmir yumruq kimi ortaya qoyubdur!.. Ona görə də Arzu Əsədin misraları inandırıcıdı, fikirləri gerçəkdi. Axı: 

 

Atəş!

İllərcə, əsrlərcə yığılmış,

bir millətin atəş deyə

ruhunda sıxılmış

nifrət və qəzəbdən!

Atəş- ölümün, sürgünün, talanın,

tarixin qusduğu min bir yalanın

doğduğu min türlü səbəbdən.

Atəş – bəlalardan, çilələrdən,

kədərin, həsrətin inlətdiyi

qəlblərdə qalan xatirələrdən!

Atəş – əlli milyon sinədə

«İntiqam» deyə çarpan tək ürəkdən.

Atəş – keçmişdən,

bu gündən,

gələcəkdən!

Atəş – İHA-lardan,

Atəş – SİHA-lardan,

toplardan, tanklardan,

ən modern, ən qorxunc silahlardan,

bətnində cəhənnəm daşıyan

dev füzələrdən.

Atəş!

 

Mən özüm üçün «uzun şeir» adlandırdığım bu «ATƏŞ»in sizə təqdim etdiyim parçasının bir neçə dəfə oxumuşam və özüm üçün əmin olmuşam ki, bu parçanı oxuyan hər kəs gözünün önünü mütləq döyüş səhnəsini gətirəcək. Qulaqlarında «atəş!» hayqırtısı gözlərinin önündə yeri, göyü qovuşduran mərmilərin, güllələrin, tankların, topların nəriltisinin yaratdığı «cəhənnəm»...

Yəqin ki, oxucular real döyüş səhnələrinin nə demək olduğunu yaxşı bilirlər. Bax, mən də həmin səhnənin əslində bu dünyanın cəhənnəmi olduğunu görmüşəm, şahidi olmuşam və bu «uzun şeir»də onu bir daha yaşadım. 

Arzu Əsədin «ATƏŞ»ini oxuduqca bir gerçəyin də şahidi oldum. O da şairin nəyə, kimə, hara atəş açılmasının vacibliyini seçib təyin etməsidi. Yəni o gülləni havaya atmır. Bir şair olaraq bir anlıq   kənara çəkilib bir döyüşü idarə edən zabit kimi atəş nöqtələrini göstərir. Bu da şeirə sadə şəkildə desəm, dirilik gətirir, həyat verir. adam elə bilir ki, o şeirin içərisindədi, o məqamın içərisindədi. Sözlər onun ürəyindən, onun dilindən gəlib keçir. Lap bir az da dəqiqləşdirsəm, atəş açan da, atəş əmri verən də elə hər kəsin özüdü. Yəni, şeirin içindəki adamdı. Bu anlamda bir məqamı da qeyd etməyi vacib sayıram. O da Arzu Əsədin «ATƏŞ»indəki siyasi, ictimai çalarlardı. O, həm şair- müəllif kimi, həm də vətəndəş-döyüşçü kimi proseslərin içindədi. Özünü kənara çəkməyibdi. Əminəm ki, şeirin bu cür uğurlu alınmasında məhz bu məqamın əlahiddə xidməti olubdu. Və bir də şeirin dipdiri olmasının bir səbəbi də biz oxucuların həmin hadisələri qan yaddaşımıza köçürməyimizlə bağlıdı. Biz hələ o zamanın, yəni 44 günlük müharibənin coşqusunun içərisindəyik. Ona görə də şair bizim nəbzimizi tuta bilibdi. Üstəlik poetik dilin şirinliyi, «tutulan nəbzimizə» balıqçı qarmaq atan kimi ,özünü atıb və ruhumuz o şirinliyin məstliyini yaşayır. 

Mən Arzu Əsədin bu «uzun şeirin»dəki tarix çalarlarını keçib gəldiyimiz zamandakı qarşılaşdığımız nüansları   ayrıca xatırlatmaq istəyirəm. Bu xalqın, yəni türkün keçdiyi, yazdığı tarixdi. İstər Nadirin, istər Qacarın, istər Atatürkün, istər Ulu Öndərin və istərsə də bu gün Ərdoğanla Ali Baş Komandanın obrazlarının bütün gerçəklik lə ifadəsi və buradakı tamlıq oxucunu, yəni məni qane edib, razı salıb. Çünki bu atəş:

 

Yanmış sinələrdən qopan üsyan

«Noldu, Paşinyan?»

Atəş deyir, atəş!

 

Hər birimizin, uşaqlı-böyüklü, dilimizin əzbəri olan həmin o məşhur ifadənin atəşə tutulması şairin tapıntısı, poetik uğurudu. 

Bəli, Arzu Əsədin «ATƏŞ»i barəsində isti-isti içimdən gəlib keçənləri bilgisayara diktə edəndə mən bir daha əmin oldum ki, bu atəş hədəfə birbaşa dəyibdi. Ona görə də müəllifi, eləcə  də oxucuları təbrik etmək lazımdı. Mən də bu təbriki böyük sevgi ilə sizə çatdırıram.

TƏQVİM / ARXİV