adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7

Aqil ABBAS: BU FİLM  DÖVLƏT  MÜKAFATINA  LAYİQ  FİLMDİ

AQİL ABBAS
1994 | 2021-11-11 09:00

Qarabağın azad olunması ilə bağlı çox filmlər  çəkiləcək, çox əsərlər  yazılacaq, simfoniyalar, mahnılar bəstələnəcək. Azərbaycan xalqının dünyanı sarsan  bir qələbəsidir Qarabağ zəfəri.

Birinci Qarabağ savaşında düşmənin  az qala  dünyanın  aparıcı ölkələrini də arxasına alıb  və ən müasir silahlarla  silahlanıb əliyalın  Azərbaycan xalqının  6 il ərzində  işğal etdiyi  torpaqlarını bu millət  44 günə azad elədi. 44 günə!

30 ilə  tikdiyi  istehkamları 44 günə məhv elədi.

İkinci Dünya   Müharibəsində almanlar 3 ay ərzində SSRi-nin Avropa hissəsini demək olar ki, işğal eləmişdi. Sovet hökuməti  işğal olunan  əraziləri  faşistlərdən  azad etməyə 4 il vaxt sərf elədi. Biz isə  ermənilərin  6 ilə  aldığı torpaqları  44 günə  azad elədik!

Bəli, 44 günlük müharibə  haqqında  hələ çox  filmlər, əsərlər  yazılacaq, simfoniyalar, musiqilər, mahnılar   bəstələnəcək.

Nə xoş ki, elə bir filmi İctimai  Televiziyada  izlədik. Mədəniyyət Nazirliyinin  dəstəyi ilə Bakı Media Mərkəzi hamımızın  ürəyindən  tikan  çıxaran bir film qoydu ortaya: «Şuşa, sən azadsan».

Əvvəllər  belə bir  film vardı: «Get və bax». Deyəsən, «Belarusfilm» çəkmişdi. Təbii ki,  müharibə haqqında idi. O filmə  dəfələrlə  getməyə  və baxmağa dəyərdi.

Mən filmləri  müqayisə etmək istəmirəm, sadəcə olaraq, «Şuşa, sən azadsan» filminə  dəfələrlə  getməyə  və baxmağa dəyər.  Filmdə bircə  detala  toxunacam. Biz adətən əsgərimizə, zabitimizə döyüşçü  gözü ilə baxırıq, onların  cəsarətinə, qeyrətinə, qüruruna valeh oluruq.

«Şuşa, sən azadsan». Bu filmdə  biz əsgərimizin də, zabitimizin də necə böyük intellekt  sahibi  olduqlarını da gördük, filosof olduqlarını  da gördük, şair olduqlarını da gördük.

Zabit deyir:

- Şuşa da döyüşürdü.

Bunun  özü  bir əsərin   mövzusudu, ayrıca bir  filmin  mövzusudu.

Böyük Vətən Müharibəsi  iştirakçılarından  çox eşitmişəm, deyirdilər, hətta  and da içirdilər ki, öz gözümlə görmüşəm, Həzrət Abbas  göy  atda, göy paltarda bizdən  öndə faşistlərlə  vuruşurdu. İndi Şuşa da döyüşürdü, ağaclar da döyüşürdü, bulud, duman da döyüşürdü.  Və Şuşanı  azad edən  hər bir  əsgər  və zabitimiz özü  Həzrət Abbasa dönmüşdü. Həzrət Abbas kimi  döyüşürdülər.

Film  bədii deyildi, sənədli idi, amma on bədii  filmin  yükü , çəkisi vardı  filmdə.

Saytlarda, sosial  şəbəkələrdə  bu film çox geniş  müzakirə olundu.  Hamı  istədi ordan bir  şey tapıb  ondan  danışa.

Film Xüsusi Təyinatlılara  həsr olunub.

Mən bu  yazını niyə yazdım? Filmi tərifləmək üçün yox. Bu yazını  ona görə  yazdım ki, yaxşı olar ki, İctimai Televiziya bu filmi  Respublika Dövlət Mükafatına  təqdim  etsin. Film Dövlət  Mükafatına  layiqdir.

Söz  İctimai Televiziyanın sədri  Balaş  Qasımovundur.

Bakı Media Mərkəzinə və bu  filmi  araya-ərsəyə gətirən bütün  yaradıcı  kollektivə  həm öz adımdan, həm də «Ədalət» qəzetinin   bütün oxucuları  adından  təşəkkür edirəm.  Yorulmayasınız. Sizdən yeni filmlər gözləyirik.

Onu da qeyd edim ki, İctimai Televiziyanın həmin  gün göstərdiyi film-konsert də əslində müharibəyə həsr olunmuş ən gözəl filmlərdən biri idi.

Mir Şahinin «Yalnız O» filminə də təkrar-təkrar  baxmağa dəyər.

Bu müharibədə xalq bir oldu. Yaxşı olar ki,  telekanallarımız da   bir-birini   qısqanmasınlar, bir olsunlar, filmi hansı kanal çəkməsindən asılı olmayaraq, hamısı  göstərsin.

Bütün  kanallarımızda, dövlət kanalı Az.TV başda olmaqla,  Qarabağ savaşı ilə bağıl  gözəl sənədli filmlər   çəkilib.

Əziz  kanallar, kimin   çəkməsindən  asılı  olmayaraq paylaşın bu filmləri. Bu, mənim yox, bütün tamaşaçıların  xahişidi.

 

TƏQVİM / ARXİV