adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7

Aktyor: “Kloun olmaq hər aktyorun işi deyil” - MÜSAHİBƏ

2608 | 2024-03-28 12:56

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının aktyoru, bir çox uşaq verlişlərinin aparıcısı, körpələrin sevimlisi sevilən aktyor  Rəhim Rəhimov Adalet.az-da  həmsöhbət oldu.

-Kukla Teatrında çalışmağın əyləncə tərəfi məlumdur. Uşaqların üzündə təbəssümə səbəb olursunuz. Uşaqları əyləndirməyə xidmət edirsiniz… Mütləq ki işinizin çətin tərəfləri də var… Elə deyilmi?

-Əslində Kukla Teatrında çalışmaq çox çətin və məsuliyyətli işdir. Birinci növbədə uşaqların psixologiyasından, onun daxili dünyasından, həyata baxışından və maraqlarından xəbərdar olmalısan. Uşaq, Kukla Teatrındakı aktyoru səhnədə qəbul etməlidir. Əgər uşaqda maraq yaratmırsansa, o səni qəbul etmirsə, demək, sən aktyor olaraq onun üçün maraqlı deyilsən. Kukla Teatrında aktyor işləmək, kuklanı əlində tərpədib, müxtəlif tipli geyim axrsanından danışmaq demək deyil. Bu teatrda çalışırsansa, sən kukla sənətinin dərinliyini bilməlisən. Kukla oyunlarını və plastik  hərəkətləri mükəmməl ifa etmək lazımdır. Kukla bir cansız əşyadır. Aktyor səhnədə ona hərəkətləri ilə canlılıq gətirməlidir.  İşimizin çətin tərəfi bu dediklərimdir ki, biz bunların öhdəsindən gəlməliyik. O ki, qaldı əyləndirmək məsələsinə, bu yerdə sizinlə razılaşmayacam. Biz əslində uşaqları əyləndirmirik, sadəcə onları düşünməyə  sövq edirik. Ola bilər ki, hər hansı bir hərəkətimizdən onların üzündə təəbbəssüm yarada bilərik, ancaq bu hələ əyləndirmək demək deyil. Əyləndirmək üçün müxtəlif şənliklərdə  və şou-proqramlarda klounlar olur.

-Demək istəyirsiniz ki, əyləndirmək klounların işidir?

-Təbii ki, bu da onların sənətidir. Ancaq sizə onu deyim ki, hər hansı bir təlxəklik kloun olmaq demək deyil. Kloun dediyimiz uşaqları düşündürərək güldürməlidir, müxtəlif lazımsız və mənasız hərəkət və ya sözlə yox.

Kloun olmaq hər aktyorun işi deyil. Mən şəxsən heç vaxt kloun ola bilmərəm.  Çünki bilirəm ki, bu işi bacarmaram.

-Heç kloun kimi çıxış etmək fikriniz olub?

-Yox, dediyim kimi, bacarmamışam. O, çətin peşədir. Çünki, mən Azərbaycanda Klounada deyəndə 3 nəfər aktyor tanımışam: Qurban Məsimov, Pərviz Məmmədrzayev və Elman Rəfiyev. Bu üç insanın klounada ilə bağlı işini görəndən sonra demişəm ki, yox, məndən klounada olmaz. Onu da qeyd edim ki, mən bu üç aktyoru hər hansı bir toylarda və ya özəl yığıncaqlarda kloun kimi görməmişəm. Ancaq tədbirlərdə çıxış ediblər. Çünki onlar həmişə  uşaqları düşündürərək güldürüblər. Onlar tədbirlərdə gəlib öz tamaşalarını göstəriblər. Yəni bəziləri kmi təlxəklik etməyiblər. Çünki hər üç aktyor klounada sənətinə böyük dəyər veriblər.
Klounada çox böyük və çətin  sənətdir. 

-Aktyor olmağın “açarı” nədədir?

- Mən deyərdim ki, əslində insan aktyor olmur, o, əvvəldən aktyor doğulur. Sadəcə zaman keçdikcə bunun elminə yiyələnir. Bu sənət bir başa ruh məsələsidir. Bu sənəti sevmək insanın daxilində olmalıdır.

Çox təəssüf edirəm ki, teatr səhnəsində “ə nətərisən”, “gə dana ta”  v.s kimi dialekt sözlər istifadə edilir. Bu sözlər hər hansı bir bölgənin işlək sözləri ola bilər. Ancaq o demək deyil ki, bu sözləri mədəniyyət ocağı sayılan teatrda istifadə edəsən. Bu tip ifadələri  məişətdə istifadə edə bilərlər, amma  bu sözləri səhnəyə gətirmək olmaz. 

Əgər həmin ifadələr səhnədə ifa etdiyimiz tamaşanın mətninə daxil edilibsə, biz onu tamaşa vaxtı deyə bilərik. Ancaq səhnədə ləhcə ilə danışmaq düzgün deyil. İfadəmə görə üzr istəyirəm, “qədeş” adamlardan aktyor olmaz.

-Hamı sizi Kukla Teatrının aktyoru kimi tanıyıb. Yaradıcılığınızı bundan sonra da Kukla Teatrında davam etmək fikriniz var ?

-Əlbəttə, o teatr mənə öz evim qədər doğmadır.  Aktyor kimdir, aktyorluq nədir və aktyor necə olmalıdır kimi  düşüncələri mənə məhz  Kukla Teatrının səhnəsi öyrətdi.

Mən ilk teatrda işləməyə başlayanda 1 il Bakı Bələdiyyə Teatrında çalışmışam (tələbə vaxtı).

-Niyə məhz Kukla Teatrı?

-Bunu bütün müsahibələrimdə də demişəm, bura gəlişim təsadüf olub. Təsadüfən bu teatrda işləmişəm. Ancaq bu təsadüf ömrümün  xoşbəxt anlardan ibarət bir hissəsinə çevrildi. Mən bütün uğurlarımı Kukla Teatrının aktyoru olaraq əldə etmişəm. Hər kəs məni iş üçün Kukla Teatrından tanıyırdı.
Mən ali təhsil alsam da belə, hələ tələbə olarkən işləməyə başladım ki, evdən pul almalıyam. Təbii ki, valideynlərim bizə çox yaxşı baxırdılar. Sadəcə bir gənc kimi mən artıq sərbəst həyata atılmaq istəyirdim.

Qazandığım pula maddi ehtiyaclarımı təmin edirdim. Atamın mənə hər gün verdiyi pulları isə yığırdım (gülür). 
Ali məktəbdə birinci kursu bitirmişdim, artıq yay tətili idi. Düşündüm ki, 3ay ərzində nə işlə məşğul ola bilərəm. Buzovnada limonad sexində işləməyə başladım. İkinci kursda Bələdiyyə Teatrında çalışırdım. Kütləvi səhnələrdə rol ifa edirdim. 1997-ci ildə Kukla Teatrına gənc kadr lazım idi. Orda da özümü sınadım. O zaman baş rejissor Rəhman Əlizadə idi. O mənə dedi ki, gələrsən işləyərik. Həmin vaxtdan bu günə kimi doğma teatrımda çalışıram.

- Tam 27 il kuklalarla işləmək…

-Bəli, ancaq tam səməmi deyim ki, zamanın necə keçdiyini heç özüm də hiss etməmişəm. O qədər maraqlı işim olub ki, bu işdən yorulmamışam. 

Bundan əlavə də müqavilə ilə Musiqili Komediya Teatrında çalışırdım.

- Söylədiklərinizi nəzərə alsaq, 2-3 teatrda fəaliyyət göstərmisiniz.  Demək ki, başqa seçim imkanlarınız ola bilərdi…

-Bəli, düz deyirsiniz. Musiqili Komediya Teatrına məni aktyor kimi dəvət etdilər. Ancaq dedim ki, məni aktyor kimi yetişdirən, məni teatra gətirən Rəhman Əlizadə olub. Mən öz müəllimimi “satıb” başqa teatrı seçə bilməzdim. O məni bağışlamazdı.  Bu, müəllimimə ən böyük xəyanət olardı.
Bundan əlavə bir neçə dəfə uşaq layihələri aktyor və ya aparıcı kimi məni seçmişdilər. Hətta bir dəfə gəlib tamaşaya baxandan sonra mənə yaxınlaşdılar və layihə haqqında danışdılar. Razılaşdıq, dedilər ki, sabah gəlin söhbətləşək. Mən də o vaxt teatrdan “6 şirvan” əmək haqqı alırdım. Orda dedilər ki, maaşınız “96 şirvan” olacaq. Təsəvvür edin ki, teatrdakı maaşımdan qat- qat çox əmək haqqını eşidəndə donub yerimdə qaldım. Onlar da elə bildi ki, maaş məni qane etmədi (gülür). Dedilər ki, sizi deyəsən qane etmir. Dedim ki, yox, razılaşıb işləmək olar, hər şey yaxşıdır.
Daha sonra həmin layihə yayımlanan telekanalda dublyaj redaksiyasından təklif aldım.

-Bu qədər çalışmağınıza baxmayaraq hər bir aktyor kimi sizin də maddi çətinlikləriniz mütləq ki olurdu…

-Əlbəttə, bütün aktyorlar kimi mənim də maddi vəziyyətim heç də yaxşı olmayıb. Hələ ailə həyatı qurandan sonra çətinliyim daha da çoxalırdı.

-Bütün bunlara baxmayaraq səhhətinizdə problem yaşamağınız  bir başa işlərinizə də təsir etmişdi.

-Əlbəttə, təbbi ki, bütün bu çətinliklərlə yanaşı mənə donor tapılmamağı işimi daha da çətinləşdirirdi. Hər şey lap müşkül olmuşdu. 

Hər kəsdən (dostlardan), öz kollektivimizdən , teatr rəhbərliyimizdən və digər teatrlardan o qədər dəstək görürdüm ki, bu qədər sevildiyimi görəndə az da olsa çətinliyimi unudurdum. Ən əsas tək olmadığımın fərqində idim. Donor olaraq atam və gəlinimiz(qardaşımın həyat yoldaşı) uyğunlaşırdı. Atam xəstəlik keçirdiyi üçün həkimlər icazə vermədi. Ondan sonra gəlinimiz addım atdı. Mən etiraz etdim ki, yox, olmaz sən cavansan.
Son qərar belə oldu ki, qardaşımın həyat yoldaşı  mənə donor seçildi. 

Hazırda onun da səhhəti normaldı. Münasibətlərimiz də olduqca qaydasındadır. Hətta əvvəlkindən daha yaxşı anlaşırıq (gülür). Çox şükür, indi hər şey yaxşıdır. İndi həyatın anlamını əvvəlkindən də çox dərk edirəm. Yaşamaq gözəldir.

-Bu çətin anlarda kimlər sizin həyat ələyinizdən keçdi?

-Tam səmimi deyəcəm, çox adam. Əvvəllər can- can deyənləri, həmin anlarımda nədənsə yanımda heç görmədim.  Belə insanlarla yanaşı, həmin anda mənə çox böyük dəstək olan dostlarım da var idi. Hamısı sağ olsun. Çox şanslıyam ki, donor tapıldı və Vitse-prezident Mehriban xanım Əliyeva əməliyyatın bütün maddi tərəfini öz üzərinə götürdü.

-Ömrünüzü iki yerə bölmək olar: əməliyyatdan əvvəl və əməliyyatdan sonrakı həyatınız. Həm maddi, həm də mənəvi tərəfdən hansı daha çətindir?

-Kaş ki zamanında səhhətimin qədrini bilərdim. Bütün “olmaz”lara  “olar” deyib istifadə edirdim. O vaxt yaşamaq daha rahat idi. 

Əntiqə Kərimzadə
 

TƏQVİM / ARXİV