adalet.az header logo
  • Bakı 7°C
  • USD 1.7

Ağlaşma - Faiq QİSMƏTOĞLU yazır

FAİQ QİSMƏTOĞLU
405 | 2022-12-07 12:11

...Biz başqa millətlərdən fərqli olaraq daha çox ağlayırıq. Məsələn, bir dərdimiz olanda o dərddən çıxmaq haqqında yol aramaqdan, dəsmal götürüb ağlamağa üstünlük veririk. O qədər ağlayırıq, ağlayırıq ki, axırda gözümüzün yaşı da quruyur. Təbii ki, ağlamaq elə-belə deyil. Bizim millətin dərdi, qəmi, kədəri başqa xalqlarınkından qat-qat çoxdur. Amma bu, o demək deyil ki, başqa xalqların kədəri yoxdur. Sadəcə olaraq başqa millətlərlə bizim fərqimiz ondan ibarətdir ki, onlar bir ağır dərdə düçar olanda tay oturub bizim kimi səhərdən axşama qədər ağlamırlar. Düzdür, səhərdən axşama qədər otururlar, amma bu dərddən çıxmağın yollarını axtarırlar, tapırlar və özlərinə əlac qılırlar...

İndi bu ağlamaq ki, var, bizim və müsəlmanların çoxdankı işidir. Yəni ağlamağımızın və kiriməyimizin kökünü axtarsaq, çox uzaq bir keçmişə gedib çatar. Amma heç onun kökünü də axtarmaq istəmirik. Ən azından ona görə ki, axtarıb, axtarıb tapa bilməsək, axırda yorulub əldən düşəcək və oturub yenidən ağlayacayıq. Yenidən ağlamamaq üçün heç keçmişə də qayıtmaq lazım deyil.

Böyük Mirzə Cəlil felyetonların birində yazırdı ki, bizim millət ilin 365 gününü ağlayır. Ancaq yenə dərdinə çarə tapmır ki, tapmır. Əgər ağlamaqla dərdə əlac qılınsaydı, gərək onda bütün məsələlər öz həllini tapaydı. Deməli, Mirzə Cəlil də zamanında həddindən çox ağlamağı bu millətin əsas dərdi hesab edib. Və nə qədər yazsa da, nə qədər desə də, bir xeyri olmayıb. Əksinə, millət irəli getmək, inkişaf etmək əvəzinə, bir qədər də ağlamağa güc verib...

Ümumiyyətlə, müsəlmanın işi belədir. Çünki müsəlman bir iş görməmişdən əvvəl yaxşı-yaxşı fikirləşmir, gəlib quyuya düşəndə görür ki, balam, tay ordan çıxmaq mümkün deyil, qalıb quyunun dibində. Bax, onu ağlamaq tutur. Bəlkə Allahın yazığı gələ, o müsəlman da o quyudan çıxa! Çünki başqa bir müsəlman ürəyi yumuşalıb onu quyudan çıxartmayacaq. Amma bir yəhudi, bir xristian, bir avropalı quyuya düşsə, o millətin hamısı olmasa da, çox hissəsi çalışacaq ki, yığışıb onu quyudan çıxartsın. Tay, bizimkilər kimi durub baxmayacaqlar ki, quyunun içinə düşən adam nə vaxt öləcək...

Deyirlər ki, toy məclisinin yaraşığı oynamaq, yasınkı isə ağlamaqdır. Amma həddindən çox oynayanda və həddindən çox ağlayanda da, o yaraşıqdan bir əsər-əlamət qalmır. Sadəcə yadda qalan o olur ki, kimlərsə toyda özünü yorub pis günə qoydu, kimlərsə də yasda saçını yolub, üzünü cırıb-dağıdaraq ağır vəziyyətə düşür. Ancaq yəhudilərdə və xristianlarda heç də belə deyil. Onların toyları da normal keçir, yasları da.

Ay başınıza dönüm, qırx gündə yas məclisi eləyərlər? Din ərəb ölkələrində yaranıb və Peyğəmbərimiz də ərəbdi. Peyğəmbər rəhmətə gedəndə ona cəmi 3 gün yas tutublar, nə indiki kimi 40 gün ağlayıblar, nə ehsan veriblər, nə də dəbdəbəli məzar düzəldiblər. Ancaq biz indi yaslarımıza baxsaq, lap havalanmış kimi olarıq. Birincisi, yenə dəbdəbəli məclislər keçirilir, ehsanlar verilir, masanın üstündə araqdan başqa hər şey qoyulur. Bilmirik bu ehsandı, yoxsa nəyinsə reklamı?! Və bir də ona təəccüblənirik ki, 40 gündə ağlamaq olar? Hələ bəzi millətimizin nümayəndələri 40 məclisi verəndən sonra bir 52 də verirlər. Bax, bu nə deməkdir, mənasını heç cürə başa düşmək olmur. Mərhumun ildönümü gələndə cümə axşamı da verirlər. Ondan sonra il mərasimini təşkil edirlər...

Bayaq dedik axı, yasda ağlamaq olar, hər bir əzizimizin dünyasını dəyişməsi çox kədərli bir hadisədir. Amma ağlamağın da öz yeri var. Məsələn, mən rəhmətə getmiş anamın, atamın və iki qardaşımın məzarının üstünə həmişə tək gedirəm. Çünki qohum-əqrəba ilə gedəndə orda bir şəbeh yaradırlar ki, adamın az qala ürəyi partlasın. Ağı ağı dalınca və sonra da şaxsey-vaxsey! Ürəyi zəif adamlar bəlkə də qəbir üstdə olsa, ürəyi partlayar. Ona görə də ürəyi xəstə adamların qohum-əqrəba ilə qəbiristanlığa gedib rəhmətə qovuşanları ziyarət etməsi çox təhlükəlidi. Bayaq dedim, qəbiristanlığa getmək olar. Molla bir yasin oxuyar, sən də məzarı ziyarət edərsən, əllərinlə başdaşlarını sığallayarsan və bununla da sakitləşərsən. Onsuz da adam rəhmətə getmiş doğmalarını ziyarət edəndə istər-istəməz kövrəlir və göz yaşları içinə axır...

...O günü bir yas məclisə getmişdim. Hər tərəfdə ağlaşma idi... hər tərəfdə molla səsi... hər tərəfdə ağı... hər tərəfdə göz yaşı... hər tərəfdə adamların kədərli və qəmli duruşu...Bütün bunlar istər-istəməz insana mənfi bir aura gətirir. Hər gün yasa getmək, hər həftə yas məclisində iştirak etmək və ağlayıb göz yaşı tökmək insanın ömründən bir yarpaq qoparır...

Bu yazımı oxuyanda bəlkə də çoxları məni qınayacaq. Ümumiyyətlə, mən yas məclislərində 40 gün ağlamağın və yas tutmağın əleyhinəyəm. Bilirsiz, bu nə deməkdir? Bu, o deməkdir ki, həmin adamlar 40 gün çox çətin bir vəziyyətdə olurlar və onların bir çoxunun stresdən, gərginlikdən psixologiyası pozulur və nevroloji xəstəlik yaranır.

Mən bunu gözümlə görmüşəm ha! Hələ bəziləri bir az da irəli gedərək əzizlərini itirəndə başını divara vurur, başını yumruqlayır və hətta sir-sifətini cırıqlayır. Çox adam da həmin insanları sakitləşdirə bilmirlər. Heç kim məni qınamasın. Mən də əzizlərimi itirmişəm. Amma ağlamaqla, başı divara vurmaqla, sir-sifəti cırmaqla heç bir şey geri qayıdan deyil. Sadəcə olaraq biz bir şeyi qəbul etməliyik. Allah bizi yaradıb və bir gün də öz yanına aparacaq. Onu da çox normal, çox sakit qarşılamaq lazımdır.

...Bir dəfə ərəb ölkələrindən gəlib səfirliklərində işləyən bir diplomatla görüşdük. Yaxın dostumla onun oğlunun ölüm xəbərini eşidib o səfirliyə getdik. Üç gün idi ki, gözünün ağı- qarası olan bir oğlu dünyasını dəyişmişdi. Biz ona başsağlığı verəndə, sifətində təbəssüm yarandı və dedi ki, heç kim Allahın əmrindən çıxa bilməz! Buna da şükür! Görürsüz, ərəblər 3 məclisindən sonra yas da saxlamır. Çünki onlar Allahın böyüklüyünə və əbədiliyinə bizdən çox inanırlar. İnanırlar ki, müvəqqəti dünyadan çox əbədi dünya var və əbədi dünyada əməli-saleh insanlar çox rahat yaşayırlar...

Bizim isə nə Qurandan xəbərimiz var, nə də Allahın böyüklüyündən. Hərə özü üçün bir şey «kəşf edir» və bildiyi kimi də yaşayır. Bir rəhmətə gedənimiz olanda 40 gün yas tuturuq, üzümüzü qırxmırıq, ağlayıb-sızlayırıq. Bax, budu bizim əsas dərdimiz, qəmimiz, kədərimiz.

Böyük Mirzə Cəlilin nəsihətlərindən də bir nəticə çıxarmadıq. İlin 365 günü olmasa da, yenə böyük hissəsini elə ağlamaqla keçiririk. Həddindən çox ağlamaqsa zəiflik, acizlik və nadanlığa bir işarədir. Amma ağlamaya da bilərik. Rəhmətə gedənlərimizi ziyarət etməklə, Yasin oxutmaqla, ruhlarını sevindirməklə bir rahatlıq taparıq! Bunu isə eləmək və həyata keçirmək elə də çətin deyil...

TƏQVİM / ARXİV