80-ci dubl - Etibar CƏBRAYILOĞLU yazır

ETİBAR CƏBRAYILOĞLU
232809 | 2020-09-11 17:47

Milli televiziyamızın və kinomuzun canlı əfsanələrindən biri-Vasif Babayevin növbəti yubiley yaşına

Onun haqqında yazmaq, danışmaq həm də milli televiziyamızın tarixindən, kinomuzun uğurlarından bəhs etməkdir. Onunla danışmaq, ünsiyyət qurmaq qədim İçərişəhərimizin mistik havasını duymaq, dolanbac küçələrini xəyalən gəzməkdir. Onunla görüşmək, söhbətləşmək qardaşı, mərhum kinorejissor, milli kinomuzda romantizmin əsasını qoyan Arif Babayevi yenidən xatırlamaq deməkdir.   

Söhbət Xalq artisti, Azərbaycan Prezidentinin Fərdi təqaüdçüsü, Beynəlxalq Televiziya və Radio Akademiyasının akademiki, “Humay” Milli Mükafatının laureatı Vasif Babayevdən gedir. 80 yaşlı həmişəcavan Vasif Babayevdən.

 

            Televiziyamızın köməyinə gələn adam

 

Vasif Babayev 1940-cı il sentyabrın 16-da İçərişəhərdə, ad-sanına, maddi imkanına görə sayılıb-seçilən Hacıağa kişinin ailəsində doğulub. Bu gün Mədəniyyət və İncəsənət Universiteti adlanan ali təhsil ocağını bitirib. Milli televiziyamızın ilk rejissorlarından sayılan qardaşı Arif Babayev 1964-cü ildə onu öz çalışdığı kollektivə-Az.TV-yə gətirib, rejissor köməkçisi kimi.

Tanrının qisməti, özünün istedad və bacarığı, tükənməz enerjisi ilə Vasif müəllim uzun illər boyu Az.TV-nin köməyinə çatıb, rejissoru, baş rejissoru, bədii rəhbəri olduğu “Ana televiziya” üçün maraqlı verilişlər, proqramlar hazırlayıb, filmlər çəkib. Azərbaycan televiziyasının sovetlər birliyi məkanında öncül mövqeyə çıxmasına ən çox zəhməti olanlardan biridir. Milli televiziyamızın tarixində bir çox ilklər məhz Vasif Babayevin adı ilə bağlıdır. Görkəmli rejissorun çəkdiyi “Xuraman” sənədli filmi 1979-cu ildə Ümumittifaq Telefilmlər Festivalında “Baş mükafata” layiq görülüb. Bu, Azərbaycan kino tarixində qazanılan ilk “Qran-Pri” kimi tarixə düşüb. Vasif Babayev tanınmış jurnalist Nadejda İsmayılova ilə birlikdə ötən əsrin 80-ci illərinin sonunda Dövlət Təhlükəsizlik Komitəsinin arxivlərindəki araşdırmaların nəticəsi olaraq ilk dəfə Mikayıl Müşfiq, Salman Mümtaz, Abbas Mirzə Şərifzadə, Ülvi Rəcəb və digər repressiya qurbanları barədə silsilə verilişlər ərsəyə gətirib.

Görkəmli Azərbaycanlı alim və sərkərdə, sovet kosmik sənayesinin rəhbərlərindən biri, uzun illər ərzində Kosmik Uçuşlar üzrə Dövlət Komissiyasına sədrlik etmiş general Kərim Kərimovu da geniş tamaşaçı auditoriyası ilk dəfə məhz Vasif Babayevin sayəsində tanıyıb. Onun bu əfsanəvi insan haqqında çəkdiyi “Xahiş edirəm hazırlıq haqqında məlumat verin” və “Yüksəliş” filmləri böyük maraqla qarşılanıb.

Televiziya rejissorları arasında ilk dəfə Xalq artisti fəxri adına layiq görülmək də məhz Vasif Babayevə nəsib olub.

 

                     Ondan yaxşı qardaş varmı?

 

Vasif müəllimlə uzun illərdir ki, dostluq edirəm. Evində dəfələrlə qonaq olmuşam, hər dəfə də ömür-gün yoldaşı Afət xanımın, övladları Hüsniyyənin və Aslanın daim gülərüz, mehriban münasibəti ilə qarşılaşmışam. Sənət, gündəlik ətrafımızda baş verən hadisələrlə bağlı saatlarla söhbətlərimiz, mübahisələrimiz olub. Hər dəfə Vasif müəllim qardaşı, unudulmaz kinorejissor Arif Babayevi xatırlayıb, çəkdiyi filmlərdən, nakam qalmış arzularından danışıb.

Vasif müəllimin mənzilində xüsusi bir saxlanc var, mərhum Arif Babayevlə bağlı nadir foto və sənədləri, mətbuatda çap olunan yazıları ev sahibi xüsusi həssaslıqla qoruyub saxlayır.

Kino tariximizə “Gün keçdi”, “İnsan məskən salır”, “Uşaqlığın son gecəsi”, “Arxadan vurulan zərbə”, “Bizi bağışlayın”, “Alma almaya bənzər”, “Birisi gün gecəyarısı”… kimi filmlər bağışlayan qardaşı unutmaq olarmı heç?

 

                             İçəri, içəri, İçərişəhər…

 

80 yaşlı yubilyar dünyaya gəldiyi İçərişəhərin dolanbac küçələri ilə addımlayır. Dünyanın bu mistik məkanında Qala divarları, hər ev, hər küçə, hər ağac ona doğmadır. Qardaşları Arifi, Akifi, uşaqlıq dostu Vaqif Mustafazadəni xatırlayır.

Mərhum şairimiz Ələkbər Salahzadə sanki Vasif müəllimin ürəyindən keçənləri qələmə alıb:

 

                         İçərişəhər, İçərişəhər!

                         Hara tullamısan, açarı

                                                      şəhər?

                        Mən sənə könlümü açaram

                                                         şəhər,

                        aç, aç, könlümə aç qapılarını,

                                    aç mənə ürəyini,

                        qoy dolsun havanla içərim, şəhər!

                       ... içəri

                               içəri,

                                      içəri, şəhər...

 

Vasif müəllim dar küçələri, məhəllələri dolaşdıqca ürəyində Arif Babayevin böyük ustalıqla yaratdığı “Gün keçdi”, “Uşaqlığın son gecəsi” filmlərinin qəhrəmanları ilə həmsöhbət olur, Oqtayı, Əsməri yada salır, Muradın, Rüstəmin, Davudun, İsmayıl dayının, Mənsurə xalanın səsini eşidir sanki.

Yeri gəlmişkən, yəqin çox az adam bilir ki, “Uşaqlığın son gecəsi” filmindəki motosıkl, göyərçinlər Vasif müəllimin qardaşı Akifin olub.

İçərişəhərə sevgisindən söhbət düşəndə yubilyar dostum həmişə maraqlı bir ifadə işlədir. Deyir ki, bu sevgini dillə ifadə etmək mümkün deyil.

Sentyabrın 16-da Vasif Babayevin 80 yaşı tamam olur. Həmişə cavan və pozitiv, televiziyamızın və kinomuzun canlı əfsanəsi, İçərişəhər sevdalısı yola saldığı illərdən, gördüyü işlərdən qürur duyur, sabaha da inamla baxır. İnanır ki, 80 sonuncu dubl deyil, hələ qarşıda neçə dubl var!

 

  

                          Dost yubileyi bayram olar...

 

İradə Tuncay (“Ədalət” qəzetinin baş redaktoru, Əməkdar jurnalist):

- Xalq artisti Vasif Babayevi bütün professional keyfiyyətləri ilə bərabər gənclərə hamilik edən, onların inkişafına dəstək olan bir insan kimi tanımışam. Təsadüfi deyil ki, hər zaman olduğu kimi, bu gün də gənclərin arasındadır. Təbrik edirəm!”

 

Çingiz Abdullayev (Alman-Azərbaycan Cəmiyyətinin sədri, professor):

- Vasif Babayev təpədən-dırnağacan İçərişəhərlidir. Şirin danışığı, geyimi, hətta antropoloji quruluşu bunu sübut edir. Vasif müəllimin mədəni tədbirlərdə, təqdimat mərasimləri və premyeralarda, dostlarla qeyri-rəsmi məclislərdə necə deyərlər mövzuya uyğun geyinib-keçinməsi onun şəhər mədəniyyətinə dərindən bələd olmasından xəbər verir. Vasif Babayevin görkəmli elm xadimi Çapay Sultanovla, futbol əfsanəsi Ələkbər Məmmədovla, tanınmış futbol hakimi Rüstəm Rəhimovla şən zarafatlarını, səs-küylü mübahisələrini saatlarla müşahidə etmişəm. Bu gün sıralarımızda olmayan mərhum dostlarımızın xatirəsini Vasif müəllim həmişə ehtiramla yad edir, bunun özü də müsbət insani keyfiyyətdir.

Vasif Babayevin Bakımızın yaraşığı İçərişəhərə necə bağlı olduğunu bayaq xatırlatdım. Bəzən dostlarla İçərişəhərdə görüşəndə öz aramızda zarafatla deyirik ki, gərək Vasif qədeşdən icazə alaydıq, çünki İçərişəhərin açarı Vasif müəllimdədir.      

Dəyərli dostumun yubileyini ürəkdən təbrik edir, ona uzun və sağlam ömür arzulayıram və deyirəm ki, İçərişəhərin açarını möhkəm saxla!

 

Qulu Məhərrəmli (BDU-nun professoru, Əməkdar jurnalist, media eksperti):

- Bir vaxtlar İşərişəhərin dar küçələrindən başlanan həyat yolu Vasif Babayevi geniş sənət dünyasına çıxarıb. Dramatik epizodlarla və sayrışan uğurlarla zəngin olan bu dünya onu parlaq bir simaya, nüfuzlu şəxsiyyətə çevirib. Yubileyini gənclik enerjisi və yaradıcılıq şövqüylə qeyd edən Vasif müəllim elə bir məktəbdir ki, ondan daim öyrənmək lazımdır. Çünki Vasif Babayev bütün varlığı ilə, təpədən-dırnağa, iliyinəcən yaradıcı adamdır, televiziyamızın canlı tarixidir, bir epoxadır.  

Etibar CƏBRAYILOĞLU     

  

TƏQVİM / ARXİV