Yazılarımda da, parlament çıxışlarımda da Ali Baş Komandanı, Cənab Prezidenti Fateh Sultan Mehmetlə müqayisə edərək Fateh İlham Əliyev adlandırmışam.
Bəziləri «fateh» sözünü qəbul etməmişdilər. Əslində isə «fateh» ərəb dilində olub döyüşlərdə qələbələr qazanan sərkərdəyə deyilir.
Fateh Sultan Mehmet İstanbulu 53 günlük müharibədən sonra fəth edə bilmiş, İstanbulun surlarına türk bayrağını sancmış, Konstantinopolu da İstanbulla əvəz etmişdi. Cənab Ali Baş Komandan isə 200 il işğalda qalan Qarabağı 44 gündə fəth edib Şuşa qalasına Azərbaycan bayrağını sancmışdı və 30 illik Şuşi adını ləğv edərək yenidən Pənah xanın qalasını Şuşa adlandırmışdı: «Şuşa, sən azadsan!».
Şahmat oynayanlar bilir, qrossmeysterlər uzağı 15-16 gedişi əvvəlcədən görürlər. Siyasi şahmatın qrossmeysteri, dahisi Ulu Öndər Heydər Əliyev isə 40 gedişi görürdü və 41-ci gedişi də bilirdi. Şahmatda adətən 40-cı gedişdə oyunu təxirə salıb növbəti günə saxlayırlar. Ulu Öndər də 41-ci gedişi görürmüş və gedişi varisi İlham Əliyevə saxlayıbmış.
Və İlham Əliyev 41-ci gedişi edərək həm Ermənistanı, həm də onun havadarlarını necə mat vəziyyətinə saldısa, hələ də özlərinə gələ bilmirlər.
Təbii ki, Ali Baş Komandanın 42-ci, 43-cü gedişi də var, sadəcə olaraq, bizim həmin gedişlərdən xəbərimiz yoxdur. Nəyi, nə vaxt deməyi və etməyi yalnız o, özü bilir.
24 dekabr Cənab Prezidentin doğum günüdür. Artıq uzun illərdir ki, Cənab Prezident öz ad günlərini əvvəllər məcburi köçkünlərlə, son beş ildə isə doğma yurdlarına qayıtmış qarabağlılarla bir yerdə keçirir.
Biz görmüşük ki, ad günü olan şəxslərə adətən hədiyyələr bağışlayırlar. Amma Cənab Prezident öz ad günündə xalqa hədiyyələr bağışlayır. Doğma yurd yerlərinə dönmüş insanlara tikdirdiyi evlərin açarlarını və onlar üçün fabrik və zavodların açılışlarını bağışlayır, onlara yeni iş yerləri bağışlayır, şəhər və kəndlər bağışlayır, sevinc bağışlayır!
Cənab Prezidentə ən böyük hədiyyə isə xalqın alqışıdır. Xalq da bu alqışı ondan əsirgəmir.
Yeri gəlmişkən, adətən biz Türkiyə türklərindən, qardaşlarımızdan müəyyən ifadələri götürüb özümüzünküləşdirmişik. Heç demə, onlar da bizim, xüsusilə Cənab Prezidentin ifadələrini götürüb öz filmlərində tarixiləşdirirmişlər.
«Mehmet Fateh Sultanı» serialının gərək ki, 62-ci bölümündə Sultan Mehmet yumruğunu göyə qaldırıb ordusuna deyir:
- Biz qarşımızdakı qalanı Dəmir Yumruğumuzla darmadağın edəcəyik.
Və sonra da döyüşçülərdən biri qalaya Türk bayrağını sancanda deyir:
- Bir kərə yüksələn sancaq, bir daha yenməz!
Cənab Ali Baş Komandan, Möhtərəm Prezident İlham Əliyev, Sizi doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, can sağlığı, yeni-yeni uğurlar arzulayıram. Və inşallah, tezliklə siyasi şahmatda 42-ci, 43-cü gedişinizi də gözləyirik.
Tanrı Sizi və Mehriban xanım Əliyevanı xalqımıza gözü dolusunca versin!
Tanrı Sizi qorusun!
Tanrı Azərbaycanımızı qorusun!
Hörmətlə:
Aqil ABBAS,
Millət vəkili, yazıçı


Bakı -°C
