adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

XARiCDƏ QOHUMLARIN VARMI?

16437 | 2009-12-31 01:12
Mən bu gün çoxumuzun gündəlik qayğılar gölünə baş vurub nə qədər çalışsaq da sahilə çıxa bilmək imkansızlığımızdan danışmaq istəmirəm. Süd gölündə üzənlərlə, qayıqlarda gəzənlərlə də işim yoxdur. Qurbağa gölməçələrinə daş atanları, duru suları bulandırmaqdan həzz alanları da yada salmayacağam. İlin son günündə sıxıntılarımızın sonunun gəldiyinə, günümüzün-güzəranımızın yaxşılaşacağına, dünyanın ən böyük gölünün Xəzər dənizinin sahilində yaşayan zəhmətkeş, qayğıkeş, fədakar insanların nəhayət içdən gələn sevincdən üzünün güləcəyinə, qəlbi kimi süfrələrinin hər zaman geniş açılacağına ümidlənib hamını milli birliyimizin rəmzi olan Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə təbrik etmək istəyirəm.
   
   Yaxın keçmişimizdə şəxsi uçot vərəqələrində ayrıca bənd göstərilərdi: xaricdə qohumların varmı? Bu bəndin qarşısında adətən hamı "yox" yazardı. Çünki, "hə" desə, sonradan sorğu-sual başlanacaqdı ki, kimdir o qohumlar, yad ölkələrdə nə işləri var, necə əlaqə saxlayırsınız, son dəfə nə zaman görüşmüşsünüz, yazışmışsınız və s. Bütün bu üzücü proseslərdən qurtulmaq üçün çoxu uzaq-yaxın qohumlarını da danırdı. Amma bununla da yaxanı kənara çəkmək olmurdu. Yadıma bir hadisə düşdü. Yetmişinci illərdə Komsomolun Mərkəzi komitəsində təbliğat şöbəsinin müdiri idim. Rayonlardan birində komsomol komitəsinə yüksək istedadı və təşkilatçılıq bacarığı ilə seçilən gənc oğlanı katib seçmişdilər. O da çox uğurlu iş aparırdı, təşəbbüskarlığı ilə fərqlənirdi. Günlərin birində onu partiya işinə irəli çəkmək istədilər. Elə ki, bu məsələ ciddiləşdi, "xeyirxah" və "ayıq-sayıq" vətən DAŞlar müxtəlif rəhbər orqanlara məktublar ünvanladılar ki, bizim komsomol katibi tərcümeyi-halında ailəsi haqda mühüm məlumatı hamıdan gizlədib. Onun əmisi vətən xainidir. Müharibədə alman faşistlərinə satılıb. İndi də Almaniyada bizim əleyhimizə iş aparır. Kapitalistdir. Restoranı var. Belə bir adamın qohumunun partiya-komsomol orqanlarında rəhbər vəzifə daşıması yolverilməzdir. Onu nəinki irəli çəkmək, bu faktı gizlətməklə saxtakarlığa yol verdiyi üçün cəzalandırmaq lazımdır ki, başqalarına da ibrət dərsi olsun. Eyni məzmunlu anonim məktublar Moskvaya da yollandı. Gəncin yeddi arxdan keçən qohumlarını da yoxlamağa başladılar. Məlum oldu ki, həmin gəncin əmisini Böyük Vətən müharibəsi başlayanda həqiqətən cəbhəyə göndərmişdilər. Alman dilini bildiyindən kəşfiyyat qrupu ilə düşmən arxasında əməliyyat keçirərək "dil" tutarmışlar ki, məlumat alsınlar. Müharibənin ikinci ilində rayon hərbi komissarlığına rəsmi məlumat gəlib ki, filankəs vətən uğrunda gedən ağır döyüşlərdə həlak olub. Qara kağızı veriblər həmin adamın ailəsinə. El adəti üzrə ona yas tutublar, yaxınlarına baş sağlığı veriblər. Bu olub 1943-cü ildə. Hadisədən beş il sonra kənd məktəbində müəllimlik edən ailənin kiçik oğlu evlənib. 1948-ci ildə oğlu doğulanda müharibədə həlak olan qardaşının adını ona qoyub. Oğlan da böyüyüb məktəbə gedib, ali təhsil almaq üçün Bakıya yollanıb. Yataqxanada qalanda gündüzlər oxuyub gecələr işləyib ki, valideynlərinə güc düşməsin. Təhsilini başa vurandan sonra da qayıdıb doğma rayonuna. Gənc mütəxəssis kimi onu azad komsomol işinə irəli çəkiblər. Orda da nümunəvi işinə görə bir az da böyütmək istəyiblər. Bu anonim savaşı da ona görə başlayıb. Yaxşı ki, məsələnin araşdırılması ədalətli insanların əlinə düşdü. Yoxsa üzünü görmədiyi, həyatda varlığı barədə xəbəri olmadığı əmisinə görə onun başı xeyli ağrıyacaqdı.
   
   Sonra məlum oldu ki, ölüm kağızı vaxtilə yanlış göndərilib. Həmin adam döyüşdə ağır yaralı vəziyyətdə ölülərin arasında sağ qalıb. Yaxınlıqdakı kənddə bir dul qadın ona sahib çıxıb. Neçə aydan sonra ayağa qalxanda o ərazi almanların nəzarətində olduğundan xeyli müddət zirzəmidə gizlənməli olub. Düşmən geri çəkiləndə həmin kəndin sakinləri ilə birlikdə onu da vaqonlara basıb aparıblar. Sonradan həmin qadınla evlənib. Müharibədə əsir və itkin düşənlərin Stalin dövründə vətənə qayıdanda aqibəti hamıya məlumdur. Mən bu barədə uzun-uzadı danışmaq istəmirəm. Əslində onun taleyi bədii əsərin mövzusudur. Bircə onun sağ qalmasından kəndə necə xəbər tutulmasını söyləyim. Yetmişinci illərdə SSRİ-dən Berlinə gələn turistlərin içində azərbaycanlıların olduğunu biləndə bizim komsomolçunun vətəndən didərgin düşən əmisi özünü saxlaya bilməyib kövrəlib, qonaqdan rayonları ilə bağlı nələrsə soruşmağa başlayıb. Deyib ki, mənim orada qohumların olmalıdı. İndi bilmirəm sağdırlar, ya yox. Brejnev dövründə artıq şəxsiyyətə pərəstiş dövründəki buzların tam əridiyini güman etdiyindən o adama ailə üzvləri barədə məlumat verib və xahiş edib ki, imkan olsa maraqlansın, sağ qaldığını, qohumları ilə əlaqə yaratmaq arzusunu çatdırsın. O turist də qərib ölkədəki həmsöhbətindən eşitdiklərini kimə və necə danışıbsa, nəticədə kimlərsə qələmlə silahlanıb rəsmi təşkilatların əliylə komsomola hücum çəkiblər ki, qapısı biryolluq bağlansın.
   
   İndi şəxsi uçot vərəqələrində "xaricdə qohumların varmı " sualı yoxdur. İndi xaricdə qohumum vardır deməkdən kimsə çəkinmir, qorxmur. Buna görə insanları şübhə altına almırlar, sıxışdırmırlar. Qohumlar sərhədlər aşıb, sərbəst gedib-gəlirlər. Adiləşən bu münasibətlərin böyük nemət olduğunu da o illərin ağrı-acısını çəkənlər yaxşı bilər.
   
   Dünya azərbaycanlıları anlayışı müstəqilliyimizdən sonra yaranan və leqallaşan yeni məfhumdur. Biz əlli milyon olub dünyaya səpələnsək də hamımızın bir ana vətəni var Azərbaycan. Bir paytaxtımız var Bakı. Son illər bəzi xətaları nəzərə almasaq, Bakımızın yeni görkəm alması olduqca fərəhləndirici haldır. Heydər Əliyev prospektindən keçməklə hava alanına gedən yolun axar-baxarı, yaşıllaşdırma abadlıq işləri inanmaq olmur ki, belə qısa müddətdə aparılıb. Körpülər, binalar, parklar, fəvvarələr, şəhərin tarixi-memarlıq abidələrinin təmir deyil, bərpası, gecə işıqlandırması şəhər təsərrüfatına, paytaxt mühitinə yeni münasibətin nəticəsidir, son illərin nailiyyətidir. Amerikalılar deyirlər ki, bizim dövlətin sərvəti onun yollarıdır. Belə getsə azərbaycanlılar da yaxın gələcəkdə okeanın o tayındakı dostları eyni düşüncəni paylaşacaqlarına inanıram. Bu inam İlham Əliyevin siyasətindən, problemlərin həllinə orijinal münasibətindən qaynaqlanır. O, bilərəkdən apardığı mühüm islahatların, gördüyü əhəmiyyətli işlərin icra mexanizmini tam açmır, nəticəsini göstərir. İlk dəfə deyil ki, Bakı küçələri süslənir, bəzənir. Fəqət belə gözəl və tamamlanmış şəkil heç vaxt almamışdı. Əvvəllər də bayramlarda xüsusi tərtibat planı ilə şəhər bəzənərdi, binalar işıqlanardı. Amma, işıq salma başqa, gecənin qaranlığında özəlliyi aydınlatma isə fərqli anlayışdır. Bu iş yaradıcı rəssam, memar işidir. Bütün görülənlər yeni yolun, mərhələnin başlanğıcıdır. Biz təkcə yeni əsrə deyil, həm də yeni dövrə qədəm basmışıq. Azərbaycanın gələcək inkişaf konsepsiyasının 50 milyonluq Azərbaycançılıq fəlsəfəsi əsasında yarandığının şahidiyik. Bu dövlət, millət anlayışında yeni intibahdır.
   
   Bugünkü Azərbaycanın vəziyyətini dəyərləndirmək istəyən 40 il öncə respublikada baş deyən əsaslı dəyişiklikləri, hadisələrin sonrakı axarını, sürətini, istiqamətini diqqətlə öyrənməlidir. O zaman respublikada növbəti rəhbər dəyişikliyi sovet rejimi çərçivəsində belə idarəetmədə yeni mərhələnin, köklü keyfiyyət dəyişikliyinin parlaq nümunəsinə çevrildi. General Əliyevin hakimiyyətə gəlişi hərbi çevriliş olmasa da, sözün həqiqi mənasında dirçəliş idi. Yüksək nizamintizam, tələbkarlıq, təşəbbüskarlıq sayəsində tezliklə hər sahədə işgüzar və yaradıcı mühit yarandı. Tam əminliklə demək olar ki, bir çox xəyalların gerçəkləşməsi həqiqətən 1969-cu ildən başladı. Bu haqda çox danışılıb. Amma mənim fikrimcə, çox şeylər barədə də heç danışılmayıb. Heydər Əliyevin tarixi xidmətləri yeni tariximiz vərəqləndikcə bir-bir açılacaq və hər qaranlıq məqam tam bəlli olanda həqiqi dəyərini alacaq.
   
   Artıq neçə illərdir ki, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd olunur. Bu da Ümummilli Liderimizin xidmətidir. Onun təşəbbüsü ilə 2001-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Alı Məclisinin sessiyasında bu qərar qəbul olundu. Naxçıvan Ali Məclisinin müraciəti əsasında Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası dekabr ayının 31-nin Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan olunmasını rəsmiləşdirdi. Ölkə miqyasında qəbul olunmuş bu bayram harada yaşamasından, təhsilindən, siyasi baxışlarından asılı olmayaraq hər bir azərbaycanlının qəlbində vətənə məhəbbət, əsrlərdən süzülüb gələn mənəvi-əxlaqı dəyərlərə hörmət və sədaqət hissini gücləndirdi və ən başlıcası da qloballaşan dünyada bu ali sərvətin nəsildən-nəslə ötürülməsini əmrlə, sərəncamla deyil, mənəvi ehtiyac hissinin hər bir kəsin daxilində güclənməsi ilə təmin etdi. Heydər Əliyevin bir müqəddəs arzusu da var idi: Azərbaycançılıq ideologiyasının bütün soydaşlarımız arasında yayılması, hamının bir ideya, Vətən sevgisi kontekstində bütövləşməsi. Bu birlik müstəqillik əldə edəndən sonra böyük siyasi, iqtisadi və diplomatik uğurların rəhni oldu. Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ilin noyabr ayında Dünya Azərbaycanlılarının I Qurultayının Bakıda çağırılması tarixi hadisədir. Qurultayda onun proqram xarakterli çıxışı diasporumuzun formalaşmasında həlledici əhəmiyyət kəsb etdi. Az sonra Xaricdə Yaşayan Azərbaycanlılarla iş üzrə Dövlət Komitəsinin yaradılması, xaricdə yaşayan azərbaycanlılarla bağlı Qanun qəbul edilməsi, müxtəlif ölkələrdə yaşayan soydaşlarımızın həyatında canlanma yaratdı. Müxtəlif ölkələrdə keçirilən tədbirlərin təkcə sayı deyil, səmərəlilik əmsalı artdı. Kortəbii fəaliyyətə, pərakəndəliyə tədricən son qoyuldu. Diasporumuz sistemli şəkildə təşkilatlandı. Yaşadıqları ölkələrin ictimai-iqtisadi və ictimai-siyasi həyatına soydaşlarımızın fəal inteqrasiya prosesi gücləndi. Azərbaycan reallığının, ölkədə baş verən proseslərin dünya ictimaiyyətinə çatdırılmasında diaspor təşkilatlarının xidmətləri nəzərəçarpacaq dərəcədə artdı. Azərbaycanla dost ölkələrin diaspor təşkilatları ilə bircə əməkdaşlığın inkişaf etdirilməsi öz müsbət nəticələrini verir. Bayram münasibətilə prezident İlham Əliyevin xalqa müraciətində belə bir fikri xüsusi vurğulanır ki," Müstəqil Azərbaycan Respublikası bütün dünya azərbaycanlılarının doğma yurdu və etibarlı dayağıdır. Onu göz bəbəyi kimi qorumaq və gücləndirmək hər birimizin ümdə vəzifəsidir".
   
   Bayramımız mübarək olsun, əziz həmvətənlər! Tanrı bizi qorusun, biz də doğma Vətəni!
  • May:
  • 3

TƏQVİM / ARXİV