adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7

SƏN Kİ BELƏ DEYİLDİN...

MƏZAHİR ƏHMƏDZADƏ
48745 | 2018-05-03 00:18
(Üzləşdiyi problemləri kəskin formada
oxucularla (?) bölüşən həmkarıma)


... Mən indi çox düzgün olaraq burada sənə nə öz adınla müraciət etmirəm, nə də məni ağrıdan və təəccübləndirən son yazılarından konkret misallar çəkmirəm. Geniş izah və suallara ehtiyac duymuram. Həm də düşünürəm ki, bütün hallarda sən məndən heç vaxt inciməzsən. Son dövrlər sağlamlıq problemlərilə üzləşən bizim kimilərin həyat tərzi də başqalaşır, əlbəttə ki. Ağrı-acı öz yerində, imkansızlıqlar və doğmaların, yaxınların laqeydliyi də bir yandan. Bəlkə həqiqətdə bu heç belə də deyil. Hər nədirsə, anladığım odur ki, sənin indiki durumun, aşağı-yuxarı bir həyat dərsi və çözülə bilən problemdir.
Ancaq bunları yazaraq da çalışdığın qəzetdə ictimailəşdirmək cəhdlərin heç də anlaşılan olmadı. Bu halın məni çox ağrıtdı. Sənin həmişəki şux yerişinə, nikbinliyinə, lap açığı bəzi hallardakı mənəmliyinə yaraşdıra bilmədim bunları. Çünki səni heç vaxt maddiyatdan şikayətlənən görmədim bu 30 ildə. Əksinə həmişə hansısa torpaq sahələrindən, qoyun-quzu sürüsündən, digər var-dövlət mənbələrindən şövqlə danışmağı xoşlamısan, hansısa 30 dəst kostyumu necə geydiyindən söz açmısan - zarafatındanmı, gözütoxuluğundanmı?
Sən axı yazı adamısan, peşəkar mətbuat işçisisən. Demirəm populyar, daim axtarılan imza sahibisən. Ancaq qardaşım, sən özünəməxsus mövzuları olan, zəhmətkeşliyi və inadkarlığı ilə fərqlənən mətbuat veteranısan axı! Sən öz fəaliyyətin, qəzetini sevməyin, çalışqanlığınla əsl jurnalist adını çoxdan doğrultmusan.
İndi birdən-birə...
Həyatın hamı üçün rahat, qayğısız, xoşbəxt günlərlə əbədi davamı mümkün deyil ki! Bunun ağrı-acıları, pulsuzluğu, xəstəlikləri, itkiləri, başqa məhrumiyyətləri də var. Sən ki bunları hamıdan yaxşı bilirsən, tez-tez ibrətamiz misallar çəkirsən, iş yoldaşlarına mübarizlik aşılayırsan. İndi nədən şəxsi problemlərinə görə hamını günahkar hesab etməyi özünə rəva bilirsən? Bunları sənə, məhz sənə, sənin kimi nikbin insana yaraşdırmaq olmur, vallah olmur!
Sən belə deyildin axı, ey dost!
Heç olmasa uzağa getməyib mənim taleyimi düşün, çəkdiklərimi müqayisəyə gətir... və bir az rahatlan. Və de ki, səhv etmisən, onu sən yazmamısan. Maradonanın əllə qapıdan keçirdiyi tale topu kimi. Yəni bu dərəcədə müdhiş olan o anlaşılmaz şikayətlər toplusunu inkar elə.
Sənə bir əhvalat danışım. Əvvəlcə bir məsələni səmimiyyətlə təsdiqləyim ki, həyatımda yaxşılıqlar gördüyüm insanlar var və bütün ömrüm boyu həmin o gözəl insanlara özümü borclu bilirəm. Ancaq mən özüm də imkanım daxilində çoxlarına yaxşılıqlar, təmənnasız cəfakeşliklər etmişəm. Ancaq bir nəfər var, təxminən 20 il bundan əvvəl həyatımı çox böyük təhlükəyə ataraq onu böyük bir rüsvayçılıqan və... intihardan xilas etmişəm. Əvvələr o, hər gün mənimlə görüşməsə, ən azından beş-altı dəfə telefonla danışmasa evində rahat yata bilməzdi. Çox sözlər deyirdi, çox iltifatlar göstərirdi. Mənsə bunu bir dost sevgisi və insani hərəkət fəlsəfəsi ilə adiləşdirib onun digər işlərinə də köməklik göstərir, uğurlar qazanmağına çalışırdım.
Həmin dost arzulanan, - yox, bu ifadə yerinə düşmür - yəqin ki, gözlənilən uğurlara nail olmağı bacardı və... O, artıq ölkənin ən zəngin adamlarından biridir. Ancaq hər gün qorxu və təlaş içindədir. Heç bilirsən bu nigarançılığının əsas səbəbi nədir? Mənim onu birdəfəlik silib atmağım! Sonradan çox ləyaqətsiz bir yol tutduğuna görə. Əlbəttə, bu hadisəyə inanmayanlar da tapılar. Özləri bilər. Ancaq həmin məxluqun özü ki bu halı hər gün yaşamaq məcburiyyətindədir.
Paradoks: o mənim kasıb, xəstə canıma və təmiz adıma həsəd aparır.
Əzizim, görürsənmi nələr olur. İnsanın halına acımaq, ona dəstək olmaq bir xeyirxahlıq əlamətidir. Bu birtərəfli də ola bilər, qarşılıqlı da. Belə məsələlərin tərsini görəndə çaşmaq lazım deyil. Doğrudur, belədə adam bir anlıq özünə, öz durumuna nifrət etmək istəyir, ağlında min cür fikirlər dolaşır, bəzən mütləq cavabdehliklərini də unudur. Ancaq bütün bunlar heç vaxt açıq-saçıq mülahizələrlə ictimailəşməli deyil. Bizim jurnalist kredomuz bu halı inkar edir. Bu həqiqəti və həmin o absurdluğu özün də yaxşı bilirsən.
Nə olacaq-olacaq, sən çalış özünə qayıt.
Bu dünyanın ən ağır şərtlərindən olan xəstəlik və imkansızlıqdan heç kəs sığortalanmayıb. Bir də gördün nagahan qarşındadır, nə edəcəksən ki? Və bu "xəstəliyin" heç peyvəndi də yoxdur ki, bir az yüngül keçirəsən...
Güman yenə Allahadır!
P.S. Bax belə, cənab Hüseynov!


TƏQVİM / ARXİV