adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

PAYIZ DÜŞÜNCƏLƏRİ

MƏMMƏD DƏMİRÇİOĞLU
40680 | 2015-10-31 10:06
Allah o qədər delitantcasına ədalətlidir ki, sidq ürəklə nəyi arzu etsən və varlığınla nəyə can atsan, onu sənə qismət edir. Xeyli zaman idi səfərlərə çıxmaq istəyirdim və budur, bu dəfə işlərim Qəbələ bölgəsində alındı. Köhnə kişilər demiş, "atımı yəhərləyib" səfərə çıxdım.
Yaxşı ki, bu gün çiskin çəkilmiş, hava düzəlmişdi. Şamaxını ötüb, İsmayıllıya tərəf buruldum. Təbiətin payız fəsli, nakam sevgiyə düçar olmuş kövrək qızlara bənzəyir. Tez-tez tutulur, günəşin qabağını pərdələyən qara buludlar çəkilməmiş, duman çökür, yağış çisələyir və az keçməmiş, yenə günəşin əlvan şüaları zolaqlarla şəfəqlənir, saralmış yarpaqlarda titrəşən damcıları almaz qaşlar kimi parıldadır...
Yol boyu, bir-birindən gözəl, füsunkar mənzərələr gözümü oğurlayır, sükanı belə unuduram. Saralmış, qızarmış yarpaqların tökümündə bir hüzn, bir ayrılıq gördüm və dodaqaltı bir payız etüdü pıçıldadım:

Yenə tağlar quruyacaq,
Bostanın ura yerində.
Vaxtsız çiçəklər bitəcək,
Torpağın yara yerində.

Bağ-bağatın yaraşığı,
İlmə-ilmə söküləcək.
Ağacların pıçıltısı
Yarpaq-yarpaq töküləcək.

Yağışlar dimdikləyəcək,
Saralıb solan cığırı.
Heç kim tapa bilməyəcək
Xəzəllə dolan cığırı.

Perik düşən xəyalları
Durnalar alıb gedəcək.
Sonuncu yarpaqları da
Küləklər salıb gedəcək.

Qızıl güllərin kolları,
Yalqız-yalqız üşüyəcək.
Yarıaçılmış qönçənin
Üstünə qırov düşəcək.

O qönçə dərilib yenə
Evimə qonaq gələcək,
Soyuq pəncərədən baxıb,
Sabaha salam verəcək.

Gəncədə olduğum illəri xatırladım. Payızın son ayında üstünə qar yağmış bir qızıl gül kolunun üstündəki yarı açılmış qönçənin neçə üşüdüyünü görmüşdüm. Dərib evimə gətirmişdim o qönçəni. Güldanda açıldı, pardaxlandı. Pəncərədən qarla örtülü qışa baxırdı. Hər qış mövsümündə özümü o qönçəyə bənzədirəm nədənsə. Amma tezliklə baharın gələcəyini xatırlayanda yaşamaq eşqim ümidsizliklərə son qoyur:

Dan ulduzu doğulacaq
Gecənin yahularından.
Dünya asılıb qalacaq
Ay üzünün hilalından.

Yenə ümidlər verəcək,
Vəfalı yarpaq səsləri.
Qaranlıqda tapılacaq
Gündüzün itən kəsləri.

Alışacaq Səməndər tək
Od üstündən əsən mehlər.
Səhər yenə barışacaq
Qönçələrdən küsən şehlər.
Yatıb yuxular görəcək
Sapsarı səhra gülləri.
İtiyinə qovuşacaq,
Gecənin anadilləri.

Ruhum dönəcək canıma
Ağ gecənin nəfəsiylə.
Diri qalacam sabaha
Yoxa dönmək həvəsiylə...

Dan ulduzu doğulacaq,
Gecənin "yahularından".
Dünya asılıb qalacaq
Ay üzünün camalından.

Gün günortadan əyilirdi. Maşını sağa burub "Bədo" bulağına döndüm. Kükürdlü suyundan içdim, əl-üzümü yudum və yoluma davam etdim. Ac olduğumu hiss etdim, meşənin dərinliyində olan kafeyə yan aldım. Arıq, balaca bir it nəzərimi çəkdi. Odun yığılmış çalanın altına girib titrəyirdi. Kabab sifariş etmişdim. Yemək gəldi. Gözüm sümükləri sayrışan balaca itdə idi. Hiss etmişdim ki, ofisiantların qorxusundan mənə yaxınlaşa bilmir. Odur ki, yanıma çağırdım. Qorxa-qorxa yanıma gələrək şırvanmağa başladı. Tikənin birini qabağına atdım. İlahi, necə acgözlüklə yedi. Bizə yaxınlaşan ofisiant üstünə necə təpindisə, dərhal qaçıb yenə çalanın altına girdi. Amma gözü məndə qalmışdı. Ofisiant gedəndən sonra yenə yanıma çağırdım. Tikənin birini və bir parça çörəyi qabağına atdım. Doymaq bilmirdi. Yola çıxdım. Balaca it arxamca xeyli qaçıb dayandı. Güzgüdən baxdım. O da arxamca mənə baxırdı...
Qarşımda canlanan payız mənzərələri bir-birini əvəz edir, təbiətin qızıl gözəlliyini gözlərimlə içirəm. Yenə yağış çısələdi. Üşəndim bir az...
Bu il yaman istilər olmuşdu. Payızın ilk günlərində bürkülərin qarsaladığı mehi, elə həmin anlardaca yazdığım payız şeirimi xatırladım:

Bürkülər qarsalayır, mehin qanadlarını,
Sərçələr civildəşir Yarpaqlar arasında.
Saralmış heyvalara çöküb qurubun ahı
Çatlamış nar qövr edir, bağrının yarasında.

Yaxınlaşır payızla, tağların ura vaxtı,
Son ümid tək düşəcək sonuncu meyvələr də .
İlk arzu, son ümid də, dərilib ömrümüzdən,
Çiyinlərdə gedəcək bəzəkli heybələrdə.

Guruldayır göy üzü, dəli şimşəklər çaxır,
Şamların şölələri titrər şamdanlarında.
Sükutu dimdikləyir, gecəyə yağan yağış
Qaranlıqlar çimişir payız axşamlarında.

Payız axşamlarında çırpınır qanad kimi,
Küləklər vıyıldaşır qövr edən nalələr tək.
Silkinir budağından çayların axınına,
Axır sarı yarpaqlar atılmış namələr tək.

Payız bərəkət ayı, payız hicran fəslidi,
Həm də bir ölüm gəzər bu bərəkət ayında.
Bahar açılan çiçək, payızda solan kimi
Kimi doğulmaqdadı, kimi ölüm hayında.
Ömür bərəkətdisə, ölüm də Allah əmri,
Haqqınmı var ömrünü onunla bölməməyə...
Qışa tədarük gedir, hər evdə, hər eşikdə
Qocalar hazırlaşır, bu qışı ölməməyə.

...Bu da mənim üçün hazırlanmış mənzil. Çisəkli yağış ara vermir. Hər yerdən su süzülür. Yenə bir neçə ay bu mənzildə tək yaşayacam. Nə etməli, "işləməyən dişləməz" deyiblər. Mən onsuz da tənhalığa öyrənmişəm. Xəyallarımla yaşamaq daha maraqlıdı son zamanlar. Dostlarım seyrəlib. Ölənlər öldü, qalanları da məni tamam unudublar. Dipdiri bir intizar bürüdü canımı.

Qürubun gözlərindən çilənib göy üzünə,
Çilik-cilik buludlar, sarı çiçəklər kimi.
Min illik intizar tək, Anadillərin səsi
Görən kimi itirib, görəsən bəklər kimi.

Ayın qərib haləsi, min illik intizar tək
Bəyaz qulaclarıyla gecələri qucaqlar.
Min illik intizar tək məğrib-məşriq arası
Sönür axşam düşəndə, səhər yanan ocaqlar.

Sevdalı bahar gəlir, uçub gedir bir anda,
Çiçəklər açır-solur min illik intizar tək
Min illərdi könlümdə dönüb İshaq-Mushaqa,
Oxuyur intizarla sevda dolu bir tütək.

Sazımı özümlə götürürəm səfərlərə gedəndə. İndi mənim könül bağladığım yeganə dostum odur. Bu intizardan yaxa qurtarmaq üçün köynəyindən çıxardım. Öpüb alnıma qoydum. Çox sevdiyim "Sallama Kərəmi" havasını çaldım və dodaq altı mızıldandım:

Daşın sinəsinə başını söykə,
O daşın döyünən ürəyindəyəm.
Yarğan yaraların donan səbri tək
Qoşa qayaların kürəyindəyəm.

Səpil bu gecənin qaranlığına,
Anadil hicrində inlə dərdimi.
Aya bax, qatardan qalan durnanın
Qərib avazında dinlə dərdimi.

Dinlə nə söyləyir o çökmüş palıd,
O qurumuş cökə, soğulmuş o çay.
Off, o daş ürəyi, o çay, o palıd...
Mənim içimdəki boğulmuş haray.

Nə var yaşamağa adam ömrünü,
Yollar aparacaq belədən belə.
Susub min illərlə, daş ürəyinlə,
Daş ömrü yaşamaq belədir lələ.

Daşın sinəsinə başını söykə,
Tilsimdən çıxacaq neçə min sənə.
Bu dünya neçə yol ölüb, dirilib,
O daşın ürəyi deyəcək sənə.

"Aran gözəlləməsi"nə keçid aldım. Xəyallar məni çox uzaqlara apardı. Bayırda çiskinli hava, mənim könlümdə isə bahar nəğmələri dil açdı "Aran gözəlləməsi"ndə. Uşaqlıq illərim, aran köçü, yaylaq binələri binələndi xəyalımda...

Yenə o yaylaqlar yadıma düşdü,
Dindi xatirələr, dil fağır oldu.
Ağladı şehlərlə Leyli qönçələr,
Bülbül cəh-cəh vurdu, gül fağır oldu.

"Məzəm" tamaşadı, "Göy dağ" şəkildi
Dağdağan o döşdə qıvrım kəkildi.
"Ayğır bulağı"ndan duman çəkildi,
Açıldı köysündən, tül fağır oldu...

Ot-ələf göyərdi köç yollarında,
Bədöylər kişnəməz doloylarında.
O ötən illərin aloylarında,
Ocaqlar qaraldı, kül fağır oldu.

Budur, köçümüz Cöyüzdü bulağıdan qalxıb, Sarıbulaq yaylığına tərəf yollandı.

Bu da Nazar dağı:
Göylərdən yağan işığın,
Sularla axmağına bax.
Yarpızların əl eləyib,
Dalınca baxmağına bax.

Qarlı gədiklər mələşir,
Kəkliklərlə kəlmələşir.
Qoç buludlar kəllələşir,
Şimşəyin çaxmağına bax.

Bülbül oxur köksü sarı,
Qönçədə gizlənib yarı.
Lalələrin arıları
Yandırıb yaxmağına bax.

Sökdü külək tağ buludu,
Dağ başında dağ buludu.
Göy zirvənin ağ buludu
Süngüyə taxmağına bax.

Heyrət içində dayanın,
Nərgiz ətrinə boyanın.
Səngərə yatmış qayanın,
Gürzünə, toxmağına bax...

Bu da bizim binə yerlərimiz. Sarıbulaq yaylığı. Hərə bir yanda dəyə qurur, ocaq yeri hazırlayır...

Yenə yaylaqların bahar vaxtıdı,
Yenə binə qurdu el yaxasından.
Çiçəkli ağaclar gəlinlik geyib,
Asıldı dağların tül yaxasından.

Qarlı gədiklərə göllər aynadı,
Port-portun suları coşub qaynadıg
Göylər guruldadı, şimşək oynadı
Axdı quzeylərin sel yaxasından.

Qaranlıq dərədən sular sallanıb,
Daşlar şır-şırları içib, hallanıb.
Çiçəklər allanıb, qönçə ballanıb
Arılar sallanıb gül yaxasından.

Körpəcə bulaqlar nə sızlar yen,
Başına cəm olub gül qızlar yenə.
Sallaşdı lilparlar, yarpızlar yenə
Köklü yoxuşların lil yaxasındang

Dostum, gəl sevindir bu oylaqları,
Küskün bənövşəyə bənd olan yarı.
Nisgili, həsrəti, dərdi, qübarı,
Mamırlı daşların sil yaxasından.

Pəncərəm tərləyib. Şüşələrdən çay axır sanki. Sazın səsi bayırda yağan yağışın səsinə qarışıb: Bir anlıq mənə elə gəldi ki. səhər üzü bahara açılacaq, iydə çiçəklərinin ətri adamı bihuş edəcək. Saz çalıram və qımqıma edirəm:

Bu gecə yağışı küləklə gəldi,
Sular pəncərəmdə saçaq-saçaqdır.
Əlvan böcəklərin yuxularında,
İydə çiçəkləri islanacaqdır.

Şimşək işığında qızıl ilan tək,
Şırımlar aşağı iməklər yağış,
Balalı quşların yuvalarında,
Göz yaşları kimi çiçəklər yağış.

Bu gecə yağışı külənlə gəldi,
Söndü ağacların çiçək şamları.
Gecə qaranlığı susuz yanırdı,
Bu yağış suvardı qaranlıqları.

Bu gecə yağışı yudu ətrini,
Çiçəkli iydələr yuxuya getməz.
Körpəcə quşların dimdiklərində
İslanan dualar Tanrıya yetməz.


Məmməd Dəmirçioğlunun
təqdimatında

TƏQVİM / ARXİV