adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

YENi PROYEKTiMiZ: GERiYƏ BAXANDA

TOFİQ ABDİN
22065 | 2012-07-14 12:23
Hər nə qədər unudulmaz dramaturqumuz İlyas Əfəndiyev desə də ki, GERİYƏ BAXMA, QOCA insan istər-istəməz geriyə baxmalı olur və özəlliklə yazar tayfasının, şəxsən mənim özüm zaman-zaman geriyə baxmağa məcburam. Geridə bir o qədər şirin günlər olmasa da, bir çox təsəlliverici şeylər yaşanmışdır. Bu məqamları və olanları yada salmaq həm də ibrətamiz bir ovqatın yaranmasına səbəb olur. İstər şəxsi yazarlıq həyatımızda, istərsə də bizdən öncə yaradan sənətkarların yazılarında elə anlar var ki, bu günümüzün içindən çıxan məqamların ta özüdür. Bu proyektimizdə öz yazılarımızla birlikdə zaman-zaman klassiklərin əsərlərindən istifadə edəcəyim yazılarda son dərəcə öyrədici məqamların olduğunu görəcəksiniz.
   
   Həftəlik yazılar yazmaq və iki qəzetə yazmaqla (bir dəfə də yazmışam) bəziləri tərəfindən çəkdiyimi çəkirəm, üstəlik də onların nə dərəcədə haqlı olub-olmadığını da bilmirəm, amma bunu hər zaman vurğulayanda içimdən çox incidici bir ağrı keçir: bu insanlar, nədən belə deyirlər, nədən istəmirlər ki, mən bu qəzetlərə yazı yazım. Mən bir yazaram, öz əxlaqi ölçüsü olan və həmişə də müəyyən bir etika içərisində, amma heç də trafaret və ya boyunduruğa gəlməyən asi xasiyyətlə yazılar yazıram və bu qəzetlərə də ürəyimdən keçənləri yazmaqla və bugünkü həyatımızda baş verən bəzi şeyləri də öz içimdən keçirərək yazmağa davam edirəm ki, buna bir təhər baxanlar var. Yazdıqlarım üçün yox, (onları çox zaman heç oxumurlar da, çünki hamımız münəccimik, qabaqcadan nə yazırıq hamımız bilirik) çox zaman məhz bu qəzetlərə yazılar yazdığım üçün məni tənbeh eləyirlər və bu insanların əlində böyük bir imtiyaz olmasa da, onlar məni ona görə qınayırlar ki, mən bu qəzetlərdən yazılarım üçün az da olsa zəhməthaqqı alıram, buymuş məni şirnikdirən və bu baxımdan, onların düşüncəsinə görə bu qəzetlərə yazı yazmağı dayandırmalıyam.Bir çox zaman mən bu adamları haqlı bulsam da, bir çox zaman mübahisə məhz o dərəcəyə çıxır ki,aradan çıxıram və sonra bunun altını çəkməyə başayıram.Nədən onlar belə düşünür ki,mən bu aldığım para qarışığı yazılar yazıram? Doğrudur bu da var, çünki mən pis-yaxşı yazaram, mənim və mənim ailəmin yaşayışı yazarlığımdan çıxır. Mənim şirkətim yoxdur.Mənim mağazam yoxdur.Mən rüşvət almıram,heç verən də yoxdur və mən nə bilim hansısa partiyanın üzvü deyiləm ki, mənə pul versinlər ki,onlara xidmət edim. Mən bütün bunları bilirəm və bildiyim üçün də başımı aşağı salıb, bu yazılarımı yazıram və bir çox yazılarım da mənim ürəyimdən olur ki, bunu danmaq istəmirəm və ən çoxu da mən necə yazıramsa onlar da o cür çap eləyirlər.Bu da indiki məqamda bir o qədər çətin olmasa da, amma bir az çətindir. Bunu danmayaq.
   
   Məni indiki məqamda incidən, dostlarım tərəfindən qeyri-məqbul qarşılanmasıdır ki, bunu mən heç cür izah edə bilmirəm Və heç şübhəsiz, mən deyək ki,bu qəzetlərə yazılar yazmasam bu qəzetlər heç bir şey itirən deyil.Çünki ədəbiyyatımızın indiki məqamında əstəğfürullah Peyğəmbər dirilib gəlsə belə onun sözünə mütləq bir "mız" qoyan tapılacaq, mən buna əminəm və ola bilsin, hətta bu "mız"da bir az həqiqət də olacaq,bunu da danmayaq,amma bu cür yaşamaq da çox çətindi.Sən gözlərinin işığını verirsən, bir yazı üçün və o yazının oxunması cəhənnəmə, hələ bir də səni qınayırlar. Filan belə oldu, filan belə getdi... O adam sənin yazdığın yazıya layiq deyil... daha nə bilim nələr...g
   
   Şərti olaraq belə deyək ki, mən çox zaman ədəbi-publisistik yazılar yazıram ki,bunu hələ də bizim ədəbyyatımızda ciddi ədəbiyyat hesab eləməyənlər var ki,bu məni indi-indi yandırmır və çox əvvəllər mən publisistikanın məhz ədəbiyyat olduğunu söyləmişəm. Amma, bir neçə il öncə görkəmli yazar Əkrəm Əylisli "525-ci qəzet"dəki müsahibəsində bu məsələyə toxunur, deyir ki, məhz zaman publisistkaya daha meyllidir, romanlar, povestlər çətin oxunur.
   
   Mən artıq bunu neçə illərdir deyirəm və bunu da öz yazılarımda həyata keçirməyə çalışmışam.
   
   Və yenə də bir neçə il öncə tanımış xanım yazarımız Afaq Məsud öz həmkarı yazar Bəsti xanım Əlibəyli ilə dialoqunda buna toxunur və mən də bunu çox alqışlayıram, çünki nə zamansa mən bunu içimdən keçirmişəm və yazmışam.
   
   Öncə Afaq Məsuddan bir sitat: "Məncə bu gün bədii fikri,yaxud ideyanı dolayısı fəndlərlə təqdim edən irihəcmli romanları,hekayələri oxumağa heç kimdə nə hövsələ,nə də vaxt qalmayıb. (ayrıntı bizimdir-T.A.) Bir də bu barədə dəfələrlə demişəm,müasir oxucu artıq süni bədiiləşdirməni sevmir, hər tərəfdən yorucu həyatından bezgin düşmüş bu insanları belə üsullarla "aldatmaq" əslində günahdı.O əvvəllərdə idi,Tolstoyun rahat,qayğısız həyatdan darıxan oxucuları bu dahiyanə, lakin darıxdırıcı romanlarda öz boz, maraqsız günlərini,aylarını əridir,bu çəkisiz,yüngül boşluqları,böyük yazıçının zəngin sanballı dünyasında keçirdikləri üçün özlərini ona borclu bilirdilər. İndi isə oxucu "təmiz söhbət" istəyir. Yəni müxtəlif həcmlərdə, bədii janrlarla demək istədiklərimizin özünü, məğzini eşitmək istəyir.Bu mənada dediyiniz silsilələr elə bilirəm zamanın tələbidir."
   
   Daha öncələr mən yazmışdım: "Bir oxucu kimi, lap bir ədəbiyyatı başa düşən bir oxucu kimi mən bu hadisə (yəni ədəbi hadisə) deyilən əsərin nə zaman yaranacığını və kim tərəfinən yaranacağını belə şübhə ilə qarşılayan bir adamam və heç bir şeyi şişirtmədən hadisə-madisə axtarmadan ədəbiyyatda ən kiçik dərdlərin ifadəsi mənim üçün bir hadisədir və bugünkü günümüzün ritmi və surəti daha böyük şeylər yazmağı bir qırağa itələyir, daha anlaşıqlı və daha ağrıdıcı şeylərdən yazmaq kimi missiya ortaya çıxıb ki, indi heç bir inciklik olmadan, demək lazımdır ki, insanların roman və povest oxumağa imkanı yoxdur, hövsələsi yoxdur.Varsa da bunun qarşılığı bir borcdur: indi 300-400 səhifəlik kitabları görəndə belə adam qorxur.Əlinə belə almaq istəmir.Bu mənim bir oxucu fikrimdir."
   
   Təkrar edirəm: mənim bu miniatür ədəbi-publisistik (şərti olaraq belə deyək, amma belə deyil) yazılarımı ciddi ədəbiyyat hesab eləməyənlərə və onun sətirləri arsında əsil cağdaş ədəbiyyatın ağrılarını görməyənlərə mən daha nə deyəcəyimi bilmirəm və onların ədəbiyyat adına nələri ədəbiyyat hesab elədiklərini də anımsayaraq düşünürəm ki, bəlkə də onlar üçün ədəbiyyat kimisə yıxıb sürümək və kimisi haqlı çıxarmaq,kiminsə haqsızlığını sübut eləməkdirsə, mən bunu heç zaman düşünməmişəm və bu ədəbiyyatdan yazmaq nə işdir bunu anlamaqda çətinlik çəkirəm.Bu gün mən kiməsə durub avanqardizm haqqında dərs deməyə qalxaramsa, o da qalxar, mənə deyər :ay adam, sən xoruz kimi banlama, bunu biz səndən pis bilmirik, çünki bu kompüter dünyasında bir anın içində yüz dəfə yüz yerdən avanqardizm haqqında oxuyub adamın gözlərini ovurlar.
   
   Dünya belədi: indi kimsə kiməsə dərs vermək və ədəbiyyatın bu qədər geniş yelpazəsində kimisə hansısa ədəbi çırpıntıdan xilas eləmək olduqca çətin olduğu üçün, mənim bu "ədəbiyyatdan yaz məsələsinə" münasibətim, bir az başqa cürdür.Bu gün ətrafa baxıram ki,mənim yazacağım şeylər çox azdır. Mən bu ədəbiyyatdan yazmağa qalxsam onda gərək heç bir şeydən yazmayım və bunu da düşünürəm ki, axı elə mən ədəbiyyatdan yazıram də.
   
    Əslində mən yazmaq istəmirəm, amma yazmaya da bilmirəm.Bizim bir sıra insanlarımızın psixlogiyası elədir ki,az-az yazanda, sanki sən quran ayəsi yazırsan və az-az ədəbi camiədə görünəndə sənə daha çox maraqla baxırlar.Amma bunu da eləməyi bacarmaq lazımdır.Mən bunu da bilirəm ki, əyər söyüş söymürsənsə, demək səni oxumurlar.Amma oxusalar da, oxumasalar da mən yazıram. Çünki məni mənim özüm maraqlandırır, məni oxuyanlar yox.
   
    Bu mənim artıq alın yazım olub. Özümün özüm üçün yaratdığım alın yazım.
   
   Gəldik yazının sonuna və mən belə bir sual verirəm: mənim bu yazım ədəbiyyatdan deyilsə,bəs onda nədir? Biz bir-birimizi oxumuruq və oxusaq da bəyənmirik, bəyənsək də mız qoyuruq.
   
   Və beləcə davam edir həyat...

TƏQVİM / ARXİV