adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

YENi PROYEKTiMiZ: GERiYƏ BAXANDA

TOFİQ ABDİN
21281 | 2012-06-09 08:27
Hər nə qədər unudulmaz dramaturqumuz İlyas Əfəndiyev desə də ki, GERİYƏ BAXMA, QOCA insan istər-istəməz geriyə baxmalı olur və özəlliklə yazar tayfasının, şəxsən mənim özüm zaman-zaman geriyə baxmağa məcburam. Geridə bir o qədər şirin günlər olmasa da, bir çox təsəlliverici şeylər yaşanmışdır. Bu məqamları və olanları yada salmaq həm də ibrətamiz bir ovqatın yaranmasına səbəb olur. İstər şəxsi yazarlıq həyatımızda, istərsə də bizdən öncə yaradan sənətkarların yazılarında elə anlar var ki, bu günümüzün içindən çıxan məqamların ta özüdür. Bu proyektimizdə öz yazılarımızla birlikdə zaman-zaman klassiklərin əsərlərindən istifadə edəcəyim yazılarda son dərəcə öyrədici məqamların olduğunu görəcəksiniz.
   
   Vallah, aradabir bu cür yazılarda lazımdı.Çoxları bu cür yazıları şəxsi yazılar hesab eləsələr də, içəridən baxanda zəhləm getmiş bir çox İCTİMAİ ŞEYLƏRİ görmək olar bu cür yazılarda...
   
   Təbii bu olan bir şeydi:yazar Əli Həsənli haqqında mən bir yazı yazdım, xatırlarsınız YAZAR ƏLİ HƏSƏNLİ NEYÇİN YAZIR adında yazının bir çox məqamları yazar Əli Həsənlinin çox sadiq dostu və yazar kimi Əli Həsənlini həmişə sevən, müdafiə eləyən Azər Abdulla haqqında idi. Yazar Azər Abdulla təklif elədi ki, Əli Həsənli ilə birlikdə sənə bir qonaqlıq vermək istəyirik. Pis istək deyildi təbii, amma Azəri demirəm, yazar Əli Həsənlinin üç kişilik bir stola qonaqlıq verə biləcək halının olmadığını mən gün kimi bilirdim ( Azər də mənə xatırlatmışdı, qonaqlıq olub illər öncəsi), amma yenə də əski dostların bir yerə yığışması məni bir az şirnikdirdi. Mən də razılıq verdim və Əli Həsənli vurub Binədən 28 May metrosuna getmiş və mən də 8 km-dən ora getməliydim. Gözəl bir gün idi, 28 may... Buna baxmayaraq mən evdən çıxmağa aşina olmayan birisi və üstəlik də çox uzaq gəlirdi mənə bu görüş yeri və Azər özü rahat olsun deyə bizi dartıb lap evinin yanına çağırırdı.
   
   Neyləmək olar, getməsəm olmaz və hətta Azər mənim şirnikdirici təklfimi də qəbul etmədi və mən də başımı aşağı salıb getdim onların qəbuluna. Əski dostlarla mənim bir zamanlar yüz dəfələrlə keçdiyim ( və hətta onların da ) gəncliyimin səmti olan küçədən köhnə Lenin prospekti ilə üzü yuxarı dırmanmağa başladıq: bu küçədən kimlər keçmədi aman Allahım: Əkrəm Əylisli, İsa İsmayılzadə, Abbas Abdulla, Arif Mustafazadə, Tanrıqulu Əliyev, İbrahimxəlil, o İbrahimxəlil ki, unudulmaz rəssamımız Səttar Bəhlulzadənin dostu idi və onu Gürcüstana, Qardabaniyə aparmışdı, Vidadi Məmmədov, Azər Abdulla, İmran Xəlilov, Movlud Süleymanlı (ilk eşqə elə bu məhlədə düşümüşdü) və mən də eləcə...Bu küçədən sağa burulub o zamankı 3-cü Sverdlov, indiki Mirbəşir Qasımov küçəsiylə şərqə doğru addımladıqda bir zamanlar yaşadığım o balaca komaya az gəlib getmədilər və həmən komadan tutulub KQB-yə götürüldüm.( Burada bir parantez açım: "Poltika" qəzetinin gözəl yazarı Ceyhun Musaoğlu bir ara məni şirnikdirdi ki, bəs o evlə bağlı bir yazı hazırlamaq istəyirəm. Olur dedim. "Amma özüm də bəzi şeyləri yazıram"- dedim. Amma unuduldu o təklif. Olmadı.)
   
   Bu mazilər dolu küçəylə baş alıb bir xeyli getdik. İçimizdə təbii o günlərin dəhşətli bir nostoljisi və siz deyin necə ola bilər ki, tanış yerləri keçəsən və heç nəyi xatırlamayasan. Bir də o cür adamlar ola ortada...
   
   Xatırladıq... xatırladıq...İndiki durumumuzda bizə uzun gələn bir yol getdikdən sonra bu iki dost məni qaçqın zəngilanlıların yaşadığı bir yataqxananın yanına gətirdi və bunu da vurğuladılar ki, bir az o tərəfdə Amerika Birləşmiş Ştatlarının Səfirliyi yerləşir...Necə oldusa ağlımdan dəli bir təssüf keçdi: DÜNYA DEMOKRATİYASININ BAŞINI ÇƏKƏN BU ÖLKƏNİN SƏFİRLİYİNİN ÇƏNƏSİ ALTINDA ZİLLƏT ÇƏKƏN BU QAÇQINLAR TALEYİN ƏN DƏHŞƏTLİ AĞRISIDIR İNDİ. YANİ BAŞQA BİR SƏMTDƏ OLSAYDILAR DƏRD YARIYDI...SƏFİRLİYİN LAP ÇƏNƏSİNİN ALTINDA İNLƏYİRDİ BU İNSANLAR.
   
   Olan olur, qardaşlar, taledən qaçmaq olmaz...
   
   Nazim Hikməti xatırladım:
   
   Azaddıq avtobus deyildir ki,
   
   birinə kecikdinmi o birinə minəsən
   
   Azaddıq sevgilimiz kimidir
   
   Bir dəfə aldatdınmı
   
   Bir də çətin dönər...
   
   Bütün bu gördüklərimiz və görəcəklərimiz qazandığımız yarım azadlığın bəhrəsi kimi adamın içini ağrıtsa da, əldən bir şey gəlmir, başımızı aşağı salmaqdan başqa bir təsəllimiz qalmır.
   
   Qonaqlıq nə qonaqlıqg Təbii ağır yazar taleyinin qonaqlığı nə olacaq? Amerika Səfirliyinin tam çənəsinin altında üç Azəri yazar ( belə deyək, hər halda üçümüz də Yazarlar Birliyinin üzvüyük, özü də Sovetlər vaxtından) nemetski bir şot və dəhşətli bir qulluq.Yəni Zəngilan qaçqınlarının qonşuluğunda olan bu yeməkxana mənə bir zamanlar böyük zövqlə oturduğum Mincivan stansiyasındakı yeməkxanaları xatırlatdı və nə soruşduq cavab bu oldu: bu yox... o yox... xanımlarımızın evdə daha dadlı bişirdiyi yeməkləri sadaladığdan sonra məcbur olub qatıqla (baxın, İstanbul türkləri QATIQ sözünü çox zaman YAVANLIQ kimi istifadə edirlər, məhz burada qatıq doğurdan da yavanlıq oldu bizə) içməyə başladıq...
   
   Mən müğənni Teymur Mustafayevin bir zamanlar çox sevdiyi və mənim də ondan eşidib indi çox tez-tez söylədiyim "MƏQSUDİMİZ NƏ MEY, NƏ MEYXANƏDİ,DİDARİ-YARİ GÖRMƏK ÜÇÜN BUNLAR BİR BƏHANƏDİ" misralarını mızıldana-mızıldana, yenə də başladıq əski günlərə dönməyə, yəni ALTMIŞINCILAR silsiləsinə.Təbii yazar Əli Həsənli də, yazar Azər Abdulla da haqlı olaraq bu fikirdə idilər ki, onlar heç zaman DAŞLAŞMIŞ ALTMIŞINCILAR və hətta ondan sonra olan heç bir nəslin içinə soxula bilmədilər...
   
   Bu da çox təbii idi...Çünki onlar kim idilər? Əslində bu sual içimin ağrılarının altında bir az insafsız səslənir. Amma ortda olan həqiqət buydu...Bunu bir çoxlarının bilməsini istərdim!!!!!!
   
   Məhz buna görə də indi ALTMIŞINCILAR deyiləndə və onlardan sonrakı nəsillərin adı sıralananda bu yazarların adı heç bir siyahıya girmir. Yaxşı ki, girmir və ona görə də onlarla mübarizə eləyən də yoxdur. Bu da Allahın işidir.Tənqidimiz və ədəbiyyatçılarımız həmişə VƏZİFƏ aludəçisi olduğu üçün başlarında yenə də SOVET ABI-HAVASI məhz o illərin nostoljisi üstündə yaxa cırmaqla məşğuldurlar. Və həqiqətən də onlar Altmışıncılardır. O dövrün bütün ağırlığı onların boynunda idi, çünki onların boyuna biçilmişdi vəzifə və bu ağrıları daşımaq. Halal xoşları olsun: HAQSIZ TƏNQİDLƏR DƏ, HALAL TƏRİFLƏR DƏ...
   
   Neysə, uzun və üzücü bir qonaqlıq zamanı bir dilənçi yanaşır. Azər ona nəsə verir və sonra biri də gəlir, Azər ona deyir ki, bəs indicə verdik. Mənim bağıra-bağıra danışmağımı, Azərin bəzi haqsız ( həmişə olduğu kimi özünə görə haqlı) düşüncələrini mübahisə edirik və hətta Azərin mənə : "Sən o mükafatı zorla almısan" ( Azər "Sözün sorağı" mükafatını qəsd edirdi və bu mükafat mənə Ədəbiyyatı təbliğ üçün verilib) kimi bir ifadəsin və hətta kiminsə ona "Tofiq, o mükafata heç layiq deyil" sözlərinin "şirinliyini" içə-içə söhbətin keçidi dəyişir.Üçümüzün də ruhən uzaq düşdüyümüz, məsələn, Mövlud Süleymanlıdan danışdıq, inadkar və haradasa inadının qurbanı gözəl ziyalı Natiq Səfərovdan danışdıq və bir zamanlar kimləri sevmişdik yada düşdü və itirdiyimiz sevgilərin ağrıları altında əzilə-əzilə daha bir çox şeyləri xatırladıq...
   
   Təbii mən bu ağrıları, qonaqlığı detallarınca yazmaq istəmirəm, amma bir şeyi deyim: Yazar Əli Həsənli allahın ona verdiyi dili udmuş kimi nə danışdı bilmirəm, amma yenə də bir şeylər dedi deyəsən...
   
   Yazının bu yerində dayanıram və bir də düşünürəm: Əli nə dedi, nə danışdı, vallah xatırlaya bilmirəm.Amma elə hey deyirdilər: bu qonaqlıq heç, bir dəfə də oturarıq...
   
   Azər bizi yola saldı, biz də Dədə Qorqud bağının içiylə yavaş-yavaş Gənclik metrosuna üz tutduq. Və mən son illər burdan keçməmişdim.Nə görsəm yaxşıdı: buralarda, bu bağın içərisində nə qədər evlər tikilib və nə qədər qaçqın yaşayır buralarda, aman Allahım! Və düşündüm : bunlar heç zaman geriyə dönməz... heç zaman...
   
   Bəlkə yanlış düşünürəm: eləsə üzr istəyirəm bu düşüncəmə görə...
   
   Vəssalam...
   
   SÖZ ARDI
   
   BAŞ REDAKTOR ZƏNG ETMİŞDİ
   
   
   
   Bu yazı keçən həftə çap etdirdiym UÇURULAN YALNIZ BİNALAR DEYİL yazımın havasından yaranıb və çapını sayın baş redaktorumuz İradə xanım Tuncayın mənə olan qəfil zəngindən sonra ürəklənib gerçəkləşdirməyi düşündüm. İradə xanım Tuncay çox nadir hallarda bir yazının yaxşı və pis olması barədə fikirlərini söylər və üstəlik də indi sovet dövründəki kimi iclaslar-miclaslar da yox ki, həftəlik araşdırmalar aparılsın. Sovet dövründə letuçua deyilən bir məqam vardı. Bu letuçkada bəzi yazılar haqqında söhbətlər gedərdi. Vallah bilmirəm bəlkə indi də var bu məsələ. Mən bu qəzetə kənardan yazdığım üçün belə şeylərin olub-olmadığından xəbərsizəm. Amma necə oldusa İradə xanım mənim keçən həftə çap olunan UÇURULAN YALNIZ BİNALAR DEYİL yazımı oxuyuyb zəhmət çəkib zəng də etmişdi və dedi: YAZIN MƏNİ ÇOX KƏDƏRLƏNDİRDİ. Baş redaktor baş redaktordu, mən də onun yazarı. Sevinməmək olmazdı. Və üstəlik də ürəklənib həmin havada bu yazını da yazdım.

TƏQVİM / ARXİV