Yazıçı İlqar Fəhminin kitabları təqdim olundu
Müasir Azərbaycan ədəbiyyatının ən ciddi imzalarından biri olan şair, yazıçı-publisist, dramaturq İlqar Fəhminin yanvarın 7-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan” klubunda 4 kitabının təqdimat mərasimi keçirildi. Adalet.az xəbər verir ki, "Son reportaj”, "Nostalji”, "Sən kimsən Səfəvi?” və "Bu gündən dünənə” adlı kitabları "XAN” nəşriyyatında işıq üzü görüb.
Təqdimat mərasimini açan şair, "Ulduz" jurnalının baş redaktoru Qulu Ağsəs İlqar Fəhminin yaradıcılığı haqqında qısa məlumat verərək onu klassik ədəbiyyatın bilicisi kimi dəyərləndirdi: "İlqar Fəhmi öz yaradıcılığında şərqlə qərbi, klassikayla, müasirliyi birləşdirən qələm adamıdır. Xoşbəxt o müəllifdir ki, elitar mədəniyyət yaradır, eyni zamanda onu kütləviləşdirə bilir. İlqar Fəhmi də belə ədiblərdəndir. O, bütün təbəqələrə nüfuz edə bilir. Qəzəli hamının anladığı dilə gətirib".
AYB-nin katibi, Xalq şairi Fikrət Qoca İlqar Fəhminin yaşının az olmasına baxmayaraq, çox böyük uğur qazanan qələm adamı kimi tanındığını bildirib, ona yaradıcılıq uğurları arzulayıb. Müəllifi ən məhsuldar yazıçılardan biri kimi dəyərləndirən Xalq şairi qeyd edib ki, tutduğu məsul vəzifə İlqar Fəhminin yaradıcılığına heç vaxt mane ola bilməyib.

Əməkdar İncəsənət Xadimi Əli Əmirli çıxışında müəllifin dramaturgiyasına toxundu. Qeyd etdi ki, İlqar Fəhmi bu janrda da şərq və qərb ədəbiyyatını çox gözəl uyğunlaşdırmağı bacarır. O, klassik janrda da müasir fikir deyə bilir. Əsərləri oxunaqlıdır, müxtəlif səviyyəli oxucuları təmin edə bilir.
"Kitabevim.az”ın, "XAN” və "Hədəf” nəşrlərinin direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiq müəllifin kitablarının bədii dəyərindən söhbət açdı. Bildirdi ki, o, müasir yazarlar arasında yaradıcılığının çoxsahəli olması ilə seçilir və bu səbəbdən də nəşriyyatın diqqətini cəlb edib. Yazıçı-publisist nəsr əsərlərindən başqa, qələmini nəzmdə də sınayıb, şeirlər, qəzəllər yazıb, əsərləri müxtəlif xarici ölkələrdə nəşr edilib. Bu günədək nəşriyyatda onun səkkiz kitabı çap edilib.

Daha sonra filologiya elmləri doktorları Vaqif Yusifli, Asif Rüstəmli, ədəbi tənqidçi Əsəd Cahangir, Aydın Xan Əbilov və başqaları onun yaradıcılığının zənginliyi və həyata nikbin baxışı ilə seçildiyini, oxucuda maraq oyatdığını vurğuladılar. Qeyd olundu ki, o, bir fərd olaraq da üstün və sadə xasiyyəti ilə başqalarından fərqlənir. İlqar Fəhmi təkcə yazıçı kimi deyil, həm də cəmiyyətin ziyalı təbəqəsi kimi, söz deməyə haqqı olan bir üzvü kimi zamanın sual və tələblərinə cavab verir.
Sonda İlqar Fəhmi yeni şeirlərini oxuyub və imzalı kitablarını oxuculara təqdim etdi.
Qeyd edək ki, İlqar Fəhminin romanı əsasında çəkilmiş "Aktrisa” filmi 2011-ci ildə Kann kinofestivalında ilk dəfə Azərbaycan pavilyonunun açılışında nümayiş etdirilib. İ.Fəhmi "Ölüm növbəsi", "Aktrisa", "Dərvişin qeydləri", "Axırıncı dayanacaq" və başqa ssenariləri əsasında da film çəkilib.
Digər Xəbərlər
23 May 2026 13:51
Vətəndən Vətənə: Türk dünyası ziyalılarının Özbəkistan görüşündən səfər qeydləri
22 May 2026 14:28
Biz kimik, Azərbaycan xalqımı, sovet xalqımı? Hər ikisimi, heç birimi?
21 May 2026 21:36
İşıqdan-işığa yol gedir insan - Sabir Rüstəmxanlının şeirləri
21 May 2026 21:23


Bakı -°C

