adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

YAD AĞLAR...

FƏRİDƏ RƏHİMLİ
40393 | 2013-06-15 00:58
Bildiyimiz ən böyük həqiqətlərdən biri, doğulanın bir gün də dünyadan köçəcəyi gerçəkliyidir. Amma heç kim, öz yaxınının bu köçünü təbii qəbul edə bilmir.
Adətən insan əzizini itirəndə özündən asılı olmadan, fəryad qoparır, özünün də inanmadığı durumlara düşür, heç vaxt etmədiyi gözlənilməz hərəkətlər edir. Onun üçün qiymətli olan birindən əbədi ayrılmaq asan iş deyil, əlbəttə! Fikirləşəndə ki, bir daha onu görməyəcəksən, insanı dəhşət bürüyür. Və bir müddət, inana bilmədiyin bu duruma öyrəşənədək, ağlamaq, qışqırmaq, üsyan etmək istəyirsən. Amma vaxt keçdikcə, İlahi qüvvənin yazısına qarşı gücsüzlüyündən, acizliyindən usanaraq, bu həqiqəti qəbul etməyə, Onun iradəsinə tabe olmağa başlayırsan və belə hallarda da - "torpağın üzü soyuqdu, unutdurur" - deyirlər.
Bütün bunlar hər kəsin başına gəlmiş və gələcək hallardı. Bugünkü yazımla bizdəki yas mövzusuna başqa bir səmtdən baxaraq, münasibət bildirmək istəyirəm. Yəni, yazdıqlarım əslində hamının bildiyi, gördüyü və əksəriyyətin adi qarşıladığı bir durum olsa da, bunu adi qarşılaya bilmirəm. Çünki indi yaslarımız da toylarımız kimi, bütün əndazələri aşaraq, sanki bir şou xarakteri alıb. Süfrədə bir - iki fərqlə toylardakı israfçılığın yasda da şahidi olursan. Quran kəlamları oxunan məclisdə Quranın qadağa qoyduğu halların hökm sürməsi və buna din xadimlərinin laqeyd yanaşması da bir ayrı mövzudur...
Amma bu gün yas məclislərindəki, ikrah hissi yaradan "artistlik"dən bəhs etmək istəyirəm. Bəli, məhz artistlik. Beyinlərə hakim kəsilmiş, yasda mütləq qışqırmaq, ağı demək, üz cırmaq, saç yolmaq kimi şouları heç cür anlamıram. Əzizini itirib, nə etdiyini bilməyən, həqiqətən dərddən yanaraq hətta intihar etmək dərəcəsinə gələn anadan, bacıdan getmir söhbət. Mən onları anlayıram. Amma el - oba qınayacaq ki, məsələn, "üç qızı var, biri "ana vay!" demədi", qınağından qorxaraq yalandan vay - şivən qoparanların istedadsız artistliyi əsəbiləşdirir məni.
Qonşu Türkiyədə dost - tanış dəfndə iştirak edir, sakitcə başsağlığı verib ayrılır. Qonum - qonşu isə yeməkləri də özləri bişirərək dərd sahibini yeməyə məcbur edir, gələn qonaqlara çay verir, vəssalam. Nə yas xərci barədə düşünülür, nə əziyyət çəkib şou göstərmək məcburiyyətində qalırlar. Sakitcə dərdini ağlayır. Rusiyada da dəfndən sonra sadə süfrədə onu xatırlayıb, mahnı oxumaqla sakitcə göz yaşı axıdaraq, vidalaşırlar. Bir vaxtlar bəzi kənd və qəsəbələrimizdə yas məclisləri sadə təşkil edilirdi. Təəssüf ki, ümumi axında onlar da özəlliklərini itirdilər.
Bizdə insanın öldüyü gün, üç, yeddi, cümə axşamları, qırx kimi "işgəncələrə" dözməyə məcbur olan yas sahibi tamam əldən düşür. Hələ bu sahədə evin qadın qismi daha böyük "məsuliyyət" daşıyır, onların qarşısında daha böyük "vəzifə" durur: səsi batanadək bərkdən qışqırmalı, bayatılar əzbərləməli, üzünü cırmalı, saçını yolmalı, hər yeni qonaq içəri daxil olarkən şüvən qoparmalı, hələ mərhum basdırılarkən özünü qəbirə də tullamalıdı. Güclə oradan dartıb çıxarmalıdılar ki, şou sona yetsin və qarılar tərəfindən "Əhsən, halal olsun sənə onun əməyi!" desinlər...
Hər dəfə bir yasda iştirak edərkən astadan ağı deyən, qonaqları ağladan, ev sahibinin ürəyini boşaldan dərdlilərə qoşularaq göz yaşı axıtmamaq mümkün deyil. Ancaq məclisin qızğın yerində yuxarıda yazdığım mənzərəni seyr etdikcə, gülməyim tutur.
Ay anam, ay bacım, sən həqiqi dərdini qoyub, artistlik etməyə məcbur deyilsən axı! Bu dərd sənin dərdindi. Aydın məsələdir ki, bu ayrılıq, həsrət ağırdı və sənindi. "Yad ağlar, yalan ağlar" deyirlər, ağılarda. Yad sənin dərdini sənin kimi çəkə bilməz. Ona görə də nə özünə, nə bizə əziyyət vermə! Çünki yolunmuş saçı, qan axan sifəti görməyi hər kəsin ürəyi qaldırmır. Dərdini anlayaraq, ətrafı düşünmədən, onu xatırlayaraq, sakit ağla! O zaman ürəyini boşalda biləcəksən...

Fəridə RƏHİMLİ
[email protected]

TƏQVİM / ARXİV