07 Oktyabr 2025 12:46
163
ƏDƏBİYYAT

Xəlil Mirzənin ŞEİRLƏRİ

Bu dəli küləyin...

 

...Bu dəli küləyin yalından tutub

Uçuram yoxluqdan sənliyə sarı.

Şirin bir xəyalın əlindən tutub

Uçuram kədərdən şənliyə sarı.

 

Bu külək taleyin çərpələngidir,

Fırladır zamanın olaylarını.

Telləri tellərin- göydə rəqs edir,

Yaradır səadət halaylarını.

 

Bu dəli küləyin səsinə qurban!

Necə coşquludur, qəhqəhən kimi.

Eşqinə, nəfsinə, bəhsinə qurban!

Necə də yaraşır sənə sən kimi.

 

Bu dəli küləyə bir namə verdim,

Aparıb çatdırsın sənə əlbəəl.

Köksümdə nə vardı, mən ona verdim,

Köksünə yerləşdir, sən əvvəl-əvvəl.

 

Bu dəli küləyin ağlına qurban!

Necə zamanında dadıma yetdi.

Özgəyə getməsin ağlın, a qurban!

Aldı məktubumu, adına getdi.

 

X.Mirzə,     15.07.25.

 

        Eşqimizə

 

Bu son görüş oldu, qərar verən sən,

Bu gündən qoydun sən son eşqimizə.

Parladı Gün kimi, soldu gül kimi,

Can, min kərə can, can eşqimizə.

 

Bu gündən həsrətin nökəri olduq,

Acı xatirələr şakəri olduq.

Bu gün belimizin bükəri oldu,

Buludlar yağdırdı qan eşqimizə.

 

Həsədlə baxardı bizə sevənlər,

Bəlkə gətirdilər gözə sevənlər?!

Daha söyləməzlər üzə sevənlər

“Fidan” eşqimizə, “şan” eşqimizə.

 

Bitdi macəralar, bitdi nağıllar,

O nazlı, o məsum, isti nağıllar.

Sevdalı günlərlə itdi nağıllar,

Ha sızla, ha odlan, yan eşqimizə...

 

   11.07.25.

 

Həsrət yağışı

 

Bu, həsrət yağışı, bu, qəm yağışı,

Bu, əzab yağışı, sitəm yağışı.

Çəkib ürəyimə son damlayatək

Elə gözlərində tutam yağışı.

 

Təki taleyinə yağmasın sənin,

Təki qəhər olub boğmasın səni.

Təki gözlərini sağmasın sənin-

Özüm dəryasında batam yağışın.

 

Yolun aşıq olsun, bəxtin bəxtəvər,

Daha çəkməyəsən qüssə, qəm, kədər.

Sənə dua edib ölənə qədər

Ölüb, gözlərində itəm yağışın.

  08.07.25.

 

TƏBRİZİM

 

Yenə sinən oldu sipər yadelli həmləsinə,

Düşmən olsan da hərçənd, hər yeni “hərb” kəlməsinə.

Bilirəm, dözəcəksən bu xəyanət cümləsinə,

Ay mənim yaraşıqlı, “Cənnəti-İrəm” Təbrizim!

Yolunda hər cəfaya mən müntəzirəm, Təbrizim!

 

Nifaq salıb haqqa yenə keçisaqqal mollalar,

İslamı pərdə ediblər özü baqqal mollalar,

Başı boş, nəfsi iti, bu oğru, çaqqal mollalar.

Səninlə bir olanla mən də əlbirəm, Təbrizim!

Azadlıq carçısıyam, azad şairəm, Təbrizim!

 

Bir ovuc farsa edir xidməti bu qanlı rejim,

Özünü mömin sayır bu erməni yönlü rejim.

Ulu Türkün xofundan hər an gözü qanlı rejim

Çəkəcək cəzasını, hökmən, bilirəm, Təbrizim!

Səni candan sevəni candan sevirəm, Təbrizim!

 

Sən möhtəşəm bir qalasan, minillik tarixinlə,

Adəmin məskənisən, sən özəllik tarixinlə.

Qovşarsan nəhayət, öz əzəllik tarixinə-

Sən əsir olduqca gər, mən də əsirəm, Təbrizim!

Zülmün zənciri çürük, mən dəxi şirəm, Təbrizim!

 17.06.25.

 

 

Nəvəm nağıl söyləyir

 

Səhər, axşam- hər zaman,

Dayanmadan, durmadan

Nağıl istəyən nəvəm

Daha məni dinləmir.

Özü nağıl uydurur,

Özü qəhrəman seçir,

Özü nağıl söyləyir.

 

Daha divin yolunu

Məlikməmməd kəsməyir.

Cırtdan hər addımbaşı

Böyüklərdən küsməyir,

Böyükləri aldatmır,

Böyükləri pusmayır.

Yeddibaşlı əydaha

Daha od püskürməyir.

 

Onun qəhrəmaları

Ya “Hörümçək adam”dır,

Ya da “Betman”dır, nədir.

O qəhrəman adları

Heç yadımda qalmayır.

Onun uydurmaları

Tükənməyir, bitməyir.

Məndən nağıl istəyən

Mənə nağıl söyləyir.

 

Yaxşımı bu, pismi bu,

Qərar verə bilmirəm.

Bir onu bilirəm ki,

Mən nağıl söyləmirəm,

Nəvəm nağıl söyləyir.

Nəvəm nağıl uydurur,

Mən də ki...  dinləyirəm...

                        09.06.25.

Çıxdım yollara...

 

...Yenə xəyallanıb çıxdım yollara,

Axıb xatirələr gölünə düşdüm.

Zindan ağırlığım məndən boşalıb,

Yenə kəndimizin yoluna düşdü.

 

Yenə də bu yolda düşdüm izimə,

Məni neçə kərə kəndə yetirib.

Neçə pərvazlanan arzu daşıyıb,

Ümidə, ünvana, bəndə yetirib.

 

Çılğın arzuların ilk ünvanıdır,

Qoynunda min sevgi yaşadır kəndim.

Çiyninin qayğısı ulduz sanıdır,

Ülvi adətlərin yaşıdır kəndim.

 

Kəndimin min şəhər sevgisi vardır,

Şəhərin bir kəndlik sevgisi yoxdur.

Hər kəndin şəhərdə güzgüsü vardır,

Şəhərdə bir sevgi güzgüsü yoxdur.

 

Şəhərin kəndimə can borcu, qucaq-

Taleyin ən gerçək oyunu budur.

Şəhərin dərdlərin kəndim udacaq,

Şəhər yaranandan pis oynçudur.

 

...Yenə xəyallanıb çıxdım yollara,

Ruhum hara uçur,  səfərim ora...

 03.05.25.

 

 Uduzdum.

 

Yenə bir yuxu gördüm,

şirin, aydın, dumansız.

Bunu fikirləşməmişdim,

O biri yuxularım kimi

ssenarisini yazmamışdım,

mövzusunu seçməmişdim.

Plansız, filansız

gəldi yuxuma o qız.

 

Yerə, göyə,

Yerdə, göydə nə varsa

and içmişdim hər şeyə-

Onu unudacaqdım,

ondan qisas alacaqdım.

Hər fitnəyə əl atacaq,

lazım gəlsə,

əzrayılın özü ilə

ittifaq da quracaqdım...

Yəqin o, daha müqəddəs

nərələsə and içib,

daha güclü sirrlərlə

sövdələşə bilib.

Uduzdum...

01.05.25.