adalet.az header logo
  • Bakı -°C

XATİRƏLƏRİMİN DİRİLDİYİ SƏFƏR - Əbülfət MƏDƏTOĞLU yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
278 | 2025-11-06 13:57
A- A+

Adam nə yaşayacağını, nə düşünəcəyini və ümumiyyətlə, zaman axarının onu hansı cəbhəyə çəkib aparacağını öncədən bütün detalları ilə müəyyənləşdirə bilmir. Sadəcə, təxminlər, fərziyyələr və bir də yaxından-uzaqdan olan dəstək. Bax bunlar hansısa bir qərarı qəbul etməkdə, hansısa bir addımı atmaqda daha çox əldən tutur, daha çox təkan verən gücə çevrilir. Bu mənada mən öz günümü, öz istəyimi bəzən ipə-sapa düzmək istəyəndə bir anlıq duruxuram. Elə bil ki, dərindən nəfəs alıb özümü nəyəsə hazırlamaq halına gəlirəm. Və bu keçirtdiyim stressmi, hiss-həyəcanmı, hər nədirsə məni qarşılaşacağım məqama hazırlayır. Bax onda əvvəldə vurğuladığım o məqamlar bir daha yadıma düşür. Və...

Beyləqana getmişdim. Yas mərasimindən sonra doğmalarmının Beyləqandakı məşhur Cərcis peyğəmbər məzarlığında dəfn olunmuş atamı, anamı, qardaşımı ziyarət etdim. Bu görüş həyatımın bəlkə də ən ağır dəqiqələrindən birini yaşatdı mənə. Çünki onların heç birinin sualına cavab verə bilmədim. Eləcə susdum. Həm içimdə, həm də yanaqlarımda məni göynədən göz yaşlarımın az qala səsini eşitdim. Damlalar məni sakitləşdirmirdi, əksinə, odun üstünə düşən yağı xatırladırdı. Sanki içimi alov qarsıyırdı. Valideynləri itirmək, qardaş acısını yaşamaq təsəvvür edilməz bir sızıltıdır. Bunu yaşayanlar bilir. Sözlə demək, o mənzərəni, o halı sözə gətirmək heç də asan deyil. Bəlkə də mənim gücümdən xaricdi.

Belə bir durumda yanımda dayanmış oğlum israrla məni 35 il həsrətini çəkdiyimiz Tuğ kəndinə aparmaq istəyini dilə gətirdi. Elə onun israrından sonra, təbii ki, internet resurslarının köməyi ilə işğaldan azad edilmiş Qarabağa getmək üçün icazə alındı. Biz yola düşdük. İlk dəfə idi ki, kəndimizə oğlumla gedirdim. Çox qəribə hiss idi. Oğlum Qarabağı zorla tərk edəndə iki yaşında idi. Anasının əlindən tutub çıxmışdı baba ocağından. İndi isə atasının əlindən tutub həmin ocağa aparır. Füzuli rayonunun ərazisindəki polis nəzarət postundan keçəndən sonra sanki yuxudan oyandım. Başladım bu yollar barəsində, onun çevrəsindəki kəndlər haqqında oğluma bilgi verməyə. Bir-bir kəndlərin adlarını deyib bu kəndlərdə baş verən faciələrdən danışdım ona. Çünki bunların bir çoxunu Birinci Qarabağ savaşının canlı şahidi kimi gözlərimlə görmüşəm, yaşamışam. Bax indi yenidən doğulan, yenidən yaratmağa başladığımız Füzuli şəhəri. Onun tən ortasından keçib gedir Tuğ kəndinin yolu. Amma biz öncə Hadruta gedirik. Uşaqlığımın, gənclik illərimin xeyli xatirəsi var bu şəhərdə. Çünki bu qəsəbə Sovet dönəmində rayon mərkəzi idi. Və bizim pioner, komsomol, olimpiadalar, yarışlar və digər tədbirlər silsiləmiz bu rayon mərkəzində yekunlaşırdı. Komsomolun tərifnaməsini də, hətta “YUNOST” gənclik düşərgəsinə göndərişi də mənə Hadrutda rayon Komsomol Komitəsində vermişdilər. Bir məktəbli kimi aldığım mükafatların çoxu məhz bu qəsəbə ilə bağlıdır. Hətta ilk övladım da, yəni oğlum da nə qədər qəribə olsa da Hadrut xəstəxanasında dünyaya gəlmişdi.

Ona görə də mən oğluma bu xəstəxananı da göstərdim. Burada on beş gün gecə-gündüz onun həyatda qalması üçün aparılan mücadiləni də, dostların sayəsində Bakıdan tapılıb göndərilən dava-dərmanın onun həyatda qalmasına necə yardımçı olmasını da həm xatırladım, həm də danışdım. Burda bir məqamı da vurğulayım ki, Hadrut qəsəbəsində heç vaxt məscid də olmayıb, azan səsi də eşidilməyib. Amma indi burada çox möhtəşəm bir məscid tikilib. Biz aziləvi o məscidi ziyarət edəndə, müqəddəs kitabımızı öpəndə sanki özümü ruhlar aləmində hiss etdim. Doğrudur, buranın havası, suyu, özəllikləri dillər əzbəridi. Amma burda köhnə kişilərin dediyi kimi, Allahın evini ziyarət etmək, bu evin içindəki havanı udmaq tamam fərqli bir xoşbəxtlikdir. O xoşbəxtliyin içərisində Hadrut qəsəbəsindən Tuğa gedirik. Bir vaxtlar bu yolu biz daha çox atla, ya da Sovet hökumətinin “bərkgedən” maşınlarıyla, “Niva”, ya da “UAZ”la gedib-gəlirdik. O dağlıq ərazidən keçən yol həmişə problemli olub. Amma indi bu yoldan ən son model maşınlar belə rahat şütüyüb gedirlər. Ona görə də əvvəllər bir neçə saat çəkən yolçuluq indi 10-15 dəqiqə çəkir. Gəlib çatırıq kəndimizə. Bu da ata ocağı. Kolluğun içində itib-batmış bir yuva...

Oğlum suallar verir və mən də cavablandırmağa çalışıram. Onun xatırladığı həyətdə özünün dibində oynadığı alma ağacıdır. Təkrar-təkrar vurğulayır ki, bu ağacda babam mənə yelləncək asmışdı. Bu, həqiqətən belə idi...

Kəndin içərilərini də gəzib qayıdırıq “Salman” bulağına tərəf. Həmin yol həm də Şuşaya gedir. Zəfər yoluna qovuşur. Biz isə Azıx kəndindən keçib Qırmızı bazara tərəf gedirik. Çünki mən torpaqlarımız işğaldan azad ediləndən sonra bir neçə dəfə Şuşada olmuşam. Amma Xocavənd istiqamətində olmadığımdan bu yolu getməyi könlümdən keçirtdim. Oğlum da istəyimi dəstəklədi. Yəqin ki, dünyaca məşhur Azıx mağarasının da bu kəndin ərazisində olduğunu hamınız bilirsiniz. Elə biz də həmin yolla Xocavəndin kəndlərini gəzə-gəzə Qırmızı bazara yetişirik. Artıq hava qaralmaq üzrədir. Amma kəndə gəlmiş köç karvanı və karvanda gələn adamların xoş əhval-ruhiyyələri kövrək xatirələrimə şən notlar qatır. Tanımadığım soydaşlarıma ürəklə “evləriniz mübarək, yurdunuz ruzili-bərəkətli, işıqlı olsun!” deyirəm. Bu sözləri dilə gətirəndə ürəyimin çırpıntısını özüm də hiss etdim. Çünki boşalan kəndlərimizi də görmüşdüm. Adamların ağlaya-ağlaya, dəli kimi bağıra-bağıra, qadınların saçlarını yola-yola evlərinə necə baxıb göz yaşı tökdüklərini heç vaxt unutmamışam. Məhz bu səbəbdən də qayıdış köçü mənim ağrılarıma sanki məlhəm idi.  

Qırmızı bazarın içərisində oğlum təklif edtdi ki, bəlkə bir çay içək. Etiraz etmədim. Maşını kəndin ən yüksək hissəsində q    ərarlaşan “Çinarlı” restoranı¬na sürdüm. Düzünü deyim ki, gözlərimə inanmadım. Burda əməlli-başlı qələbəlik idi .Ərazidə işləyənlər, yaşayanlar və bir də Qarabağa səfər edənlərin çoxu burada çay içib çörək yeyirmiş. Bunu mənə restoranda çalışan həmkəndlilərim də söylədi. Onların səmimiyyəti və yaratdıqları şərait mənimçün yetərli oldu. Axı bu restoranda süfrəyə qoyulan hər şey elə bu torpağın məhsulu idi. Bu da mənim uşaqlıqdan bəri qanıma-canıma hopmuş dadı-tamı təzələdi. 

“Çinarlı”dan ayrılıb Xankəndinə gedirik. İnanın ki, qaranlığın oturuşduğu, ətrafa hakim olduğu bir gecədə ətrafı seyr etmək, hətta arada maşının işığında yolu sağa-sola qaçıb keçən müxtəlif heyvanları, gecə quşlarını izləmək adamı elə həyəcanlandırırdı ki, sanki sirlər dünyasında, möcüzələr aləmindəydik. 35 il həsrətini  çəkdiyim mənzərə anbaan bərpa olunurdu. Magistralın ortasındakı ilxını görmək özü tamam fərqli bir mənzərə idi. Vəhşiləşmiş atlar nə maşını vecinə alırdı, nə də bu qaranlıqda onu seyr edən bizləri. Amma sonra hiss etdim ki, yanılmışam. Çünki atlar maşınımızın dayandığını hiss edən kimi dördnala yerindən baş götürüb meşənin dərinliyinə üz tutdu...

Bu da Xankəndi. Gəncliyimin şəhəri. İlk dəfə qəbul imtahanı verdiyim şəhər. Bəlkə də bu şəhərdə keçən günlərimin hər biri bir kitablıq yazının mövzusudur. Burda sevincli anlarım da olub, kədərli, qayğılı, hətta qorxu, təhlükə yaşadığım məqamlar da. Ona görə də şəhərdə qalacağımız binanın qarşısında maşından  düşəndə sanki içimdən nələr keçdiyini oğlum hiss etdi. 

Ata, bəlkə şəhəri gəzək, - dedi. Dərhal razılaşdım. Gəzə-gəzə Xankəndinin 35 il əvvəlki günlərindən söhbət açdım oğluma. O da işi ilə əlaqədar tez-tez gəldiyi şəhər haqqında, daha doğrusu, yeni tikililər, görülən işlər barəsində məlumat verdi mənə. Bir vaxtlar şəhər böyüklərinin, başbilənlərinin əyləşdikləri binanın qarşısında dayanıb burada keçən günlərimi xatırladım. Sonra yenidən qurulan stadiona baxdım, açılan iaşə obyektlərinə, apteklərə, abadlaşan parklara, tikintisi başa çatmaqda olan Zəfər abidəsinə, Qarabağ Universitetinin möhtəşəm binasına, bir sözlə, gözlərimə sığışan, amma bu mənzərədən doymadığım hər yerə, hər şeyə baxdım. Hətta gecə saat 12-də parkda fəaliyyət göstərən kafedə çay da içdim. Bu, həm çay içmək idi, həm də dünənimlə söhbət. Onda bir də gördüm ki, misralar dilimin ucundadı:

Bir gecə XANKƏNDİNDƏ

Mən susub addımlayıram 
Qarşıma çıxır izlərim...
İçimdə addım sayıram - 
Dözmür, titrəyir dizlərim...

Otuz üç il bundan öncə - 
Keçdiyim küçə oyanıb... 
Onda məni sıxan küncə - 
İndi qarşımda dayanıb!

Elə bil çırpır üstünün 
illərlə yığılan yükün... 
Zəfərdə ütdü özünün - 
Çiynindəki şeytan tükün!

Bu şəhər özünə döndü, 
Xilas oldu ləpirlərim... 
Xanın kəndində göründü - 
Gözümə öz sətirlərim!..

...Yenə həmin küçələri - 
Həminkindən şən keçirəm... 
Xankəndinin gecələri, 
Bu gecə ULDUZ içirəm! 

28 oktyabr 2025

Bəli, illərlə LAZIMı gözlədik, illərlə içimizdə “Allah qoysa” dedik, “İnşallah” dedik. Allaha sığınıb dualarımızı etdik ki, yurdumuza, ocağımıza, torpaqlarımıza qayıdaq. Və günlərin birində Allah səsimizi eşitdi, dualarımızı qəbul etdi. Ali Baş Komandanımız əmr verdi, dəmir yumruğunu qaldırıb “İrəli!” – dedi. İgidlərimiz bayrağımızı işğaldan azad etdikləri yurd yerlərimizə sancdı. Torpağımız bütövləşdi. Qanla suvarılan torpaq sahibinə qayıtdı. Bu artıq nə yuxudur, nə xəyal, nə də nağıl. Bu, günümüzün Qarabağ dastanıdır. Mən də o dastanı elə Qarabağın Xan kəndində gecə saatlarında öz-özümə xatırlayır və pıçıldayıram. Artıq dan yeri ağarır. Düzünü deyim ki, mən bu gecə Xankəndində kiminsə yuxuya getdiyini təsəvvür etmədim. İnanmadım ki, kimsə belə gecəni gözdən qaçırıb yata bilər. Çünki şəhərdə normal bir həyat qaynayırdı. Adamlar gəzir, danışır, gülür, gecə aptekləri, marketləri də öz müştərilərinə xidmət göstərirdi. Təbii ki, şəhər polisi də iş başında idi. 

Mən təkbaşına gəzirdim şəhəri. Gedib ermənilərin bu şəhərə yamaq etdikləri kilsənin də qarşısında dayandım. Dua etmək üçün yox, Allahdan bu torpağın düşmənlərinə cəza istəmək üçün. Və sökülən dan yeri ilə elə o istəyin işığında həmsöhbət oldum:

Xankəndinin dan üzü

Mənə elə gəlir ki,
burda səhər -
tamam fərqli açılır...
Yarıyuxulu şəhər
gözəlliyinin
özəlliyini 
Göz də gözdən qaçırır -
Xankəndində!
Mənə elə gəlir ki,
Şuşanın 
ovuc-ovuc səpdiyi
ulduzlar -
Səmasına çəkdiyi,
ürəyində əkdiyi
Və 
Hər səhər azanında
çinar tək dikəltdiyi
oğullardı, nur saçır-
Xankəndində!
Mənə elə gəlir ki,
bu geniş, həm kəsişən
küçələr
Büründüyü yaşıllığın -
gül-çiçək qoxusunu
içindən
Gecələrin 
bal kimi yuxusunu 
Açılan səhərin nağılına daşıyır!
Adamlar da,
elə şəhər də -
NAĞIL ÖMRÜ YAŞAYIR -
Xankəndində!

30.10.2025

Səhər günəş oyananda biz şəhəri gəzə-gəzə Xocalıya tərəf gedirdik. Oranı ziyarət edib Ballıcadan keçib Ağdərəyə doğru gedəcəyik...

TƏQVİM / ARXİV