adalet.az header logo
  • Bakı -°C
23 May 2026 13:51
198
ƏDƏBİYYAT
A- A+

Vətəndən Vətənə: Türk dünyası ziyalılarının Özbəkistan görüşündən səfər qeydləri

Böyük sivilizasiyaların beşiyi, ortaq tariximizin və mədəniyyətimizin qədim yurdu Özbəkistan bu dəfə Türk dünyasının şair, yazıçı və incəsənət xadimlərini öz ağuşuna almışdı. Türk dünyası ziyalılarının bu möhtəşəm Özbəkistan görüşü eyni zamanda qəlblərin, ruhların birliyi idi. Bu tarixi görüşün İslam şərqinin dahi mütəfəkkiri Əlişir Nəvainin 585 və Özbəkistanın unudulmaz xalq şairi Abdulla Oripovun 85 illik yubileylərinə həsr olunması səfərimizə xüsusi bir elmi-ədəbi dəyər qatırdı.

DAŞKƏND - Tarixlə müasirliyin vəhdəti

Səfərimizin ilk dayanacağı elm və mədəniyyət mərkəzi olan Daşkənd şəhəri oldu.

1. İslam Sivilizasiyası Mərkəzi

Daşkənddə ilk ziyarət etdiyimiz məkan öz möhtəşəmliyi ilə insanı valeh edən, Asiyanın ən zəngin və analoqu olmayan muzeyi – "İslam Sivilizasiyası Mərkəzi" oldu. Bəzi video və foto çəkilişlər etdiyim bu mərkəz təkcə Özbəkistanın deyil, bütövlükdə İslam dünyasının elm, mədəniyyət və memarlıq abidəsidir.

Mərkəzə daxil olarkən insanı ilk növbədə heyranedici memarlıq üslubu, nəhəng günbəzi və divarlara həkk olunmuş incə milli ornamentlər qarşılayır. Bura adi muzeydən ötə bəşəriyyətin elmi təkamülünü özündə saxlayan canlı bir yaddaş xəzinəsidir. Muzeyin zallarında İslam intibahı dövrünə, xüsusilə Mərkəzi Asiyadan çıxmış dahi alimlərin – Əl-Xarəzmi, İbn Sina, Əl-Biruni, Uluqbəy kimi simaların bəşər elminə bəxş etdiyi töhfələr, qədim əlyazmalar, rəsədxana alətləri və nadir eksponatlar nümayiş etdirilir.

Mərkəzin ən böyük xəzinələrindən biri isə şübhəsiz ki, qədim xəttatlıq nümunələri və İslam tarixinə işıq tutan nadir Quran nüsxələridir. Muzeyin geniş kitabxanası və arxiv fondu öz zənginliyi ilə dünyada birincilər sırasındadır. Burada olduğum anlarda tarixin dərin qatlarına səyahət etdiyimi hiss etdim, Şərq intibahının nuru sanki bu mərkəzin divarlarından insanın ruhuna süzülürdü.

Muzeyin zallarını addım-addım gəzdikcə, ruhumu valeh edən bu əzəmətin içində bir ziyalı, bir elmi tədqiqatçı kimi içimdə səmimi bir sual da baş qaldırmaya bilmədi: Əgər buranın adı ümumi "İslam Sivilizasiyası Mərkəzi"dirsə, bəşəri İslam coğrafiyasının digər böyük qolları, fərqli ölkələrin tarixi şəxsiyyətləri, o cümlədən geniş Türk-İslam tarixi niyə bu vitrinlərdə yox dərəcəsindədir? Anladım ki, muzey ad etibarilə qlobal bir miqyası hədəfləsə də, mahiyyət və konsepsiya olaraq daha çox Mavəraünnəhr bölgəsinə – konkret olaraq Özbəkistanın bu sivilizasiyaya verdiyi müstəsna töhfəyə köklənib. Müstəqillik dövrünün gətirdiyi o təbii milli kimlik quruculuğu, öz dahi mütəfəkkirlərini dünyaya daha parlaq şəkildə təqdim etmək istəyi ekspozisiyada bir növ "mədəni millətçilik" və lokallıq yaradıb. Əlbəttə, könül istərdi ki, bu nəhəng damın altında Əndəlusdan Bağdada qədər uzanan o böyük intibah fonunda, həmçinin İslamın bayraqdarı olmuş Türk-Osmanlı padşahları, ürəkləri fəth edən Mövlanə Cəlaləddin Rumi, Yunus Əmrə kimi mütəsəvvif şairlər və bizim Nizami Gəncəvi, Nəsirəddin Tusi kimi dahilərin elmi-mənəvi mənsubiyyəti də eyni ehtiramla qabardılsın. Yenə də özbək qardaşlarımızın öz tarixlərinə, keçmişlərinə bu cür möhtəşəm bir abidə ilə sahib çıxması, onu dövlət səviyyəsində brendləşdirməsi hər cür təqdirə və alqışa layiqdir.

2. Müstəqillik rəmzləri və Əmir Teymurun heybəti

Daha sonra Daşkəndin müasir rəmzi sayılan "Yeni Özbəkistan Parkı"nı gəzdik, buradakı möhtəşəm və maraqlı abidəni ziyarət etdik. Səfərimizin növbəti yaddaqalan anı isə Müstəqillik Meydanında, hələ 1990-cı illərdə ucaldılmış böyük sərkərdə Əmir Teymurun at belindəki əzəmətli heykəli qarşısında oldu. Bu tarixi abidənin önündə xatirə şəkilləri çəkdirərək keçmişimizin böyüklüyünü bir daha qürurla yad etdik.

3. Abdulla Oripovun Ev Muzeyində coşqu və doğmalıq

Şair Abdulla Oripovun 85 illik xatirəsinə həsr olunmuş anım tədbiri səfərin ən duyğulu hissələrindən biri idi. Şairin evinin həyətinə daxil olarkən Daşkəndin şair və yazarları sıraya düzülərək bizi böyük ehtiramla qarşıladılar, hər kəslə tək-tək əl verib görüşdülər. Bu səmimi tanışlıq mərasimi açıq havada, tar, dəf və qarmonun müşayiəti ilə ifa olunan klassik muğam sədaları altında baş tutdu. Hər tərəf milli ornamentlər və bayraqlarla bəzədilmişdi. Həyətdə A.Oripovun ucaldılmış heykəli önündə xatirə şəkilləri çəkildi.

Tədbirdə xanəndənin Azərbaycan musiqisi də daxil olmaqla, bir neçə qardaş ölkənin xalq mahnılarını yüksək sənətkarlıqla ifa etməsi bütün iştirakçıları coşdurdu.

Daha sonra şairin iki mərtəbəli, olduqca böyük ev muzeyini gəzdik. Hər otaqda Oripova aid şəkillər, xalçalar və şəxsi əşyalar qorunurdu. Mənim üçün ən təsirli məqamlardan biri pianonun üzərində şairin müəllifi olduğu Özbəkistan Dövlət Himninin əlyazması və notlarının qoyulması, divarda isə himnin bəstəkarı Mütəvəkkil Burhanovla şairin himn üzərində işlədikləri vaxt çəkilmiş tarixi fotoşəkilin asılması idi.

Şairin ömür-gün yoldaşı – olduqca əsilzadə, kübar bir qadın, daha öncədən digər tədbirlərdən tanıdığımız qızı Şairə Oripova və nəvələri qonaqlara sonsuz bir sevgi və isti münasibət göstərdilər.

Xatirə proqramı yaxınlıqdakı yemək məkanında davam etdi. Ev sahibləri bizi məşhur özbək plovuna və samsaya qonaq etdilər. Yemək masası arxasında da musiqi bir an belə kəsilmədi, arada biz də xanəndəyə qoşulub "Lalələr" mahnısını oxuduq və böyük sevgilə unudulmaz Rəşid Behbudovu xatırladıq.

Ardınca tədbirin bədii-rəsmi hissəsi başladı. Çox qürurverici idi ki, bu mötəbər məclisin aparıcılığı Azərbaycandan mənə – Adilə Nəzərə və Türkiyədən Arzu Yılmaz Dağdemirə həvalə olunmuşdu. Orta Asiya (Özbəkistan, Qazaxıstan, Qırğızıstan) təmsilçisi olaraq isə Rəhmət Babacan seçilmişdi. Rəhmət bəy türkcə, azərbaycanca, qazaxca və qırğızca sərbəst danışaraq könülləri fəth edirdi.

Aparıcılıq missiyamla yanaşı, çıxışım zamanı böyük ustad Əlişir Nəvainin ölməz xatirəsini ehtiramla andım; onun öz dövründə fars dilinin hökmranlığına meydan oxuyaraq Çağatay-türk ədəbi dilinin qüdrətini necə ortaya qoyduğunu, bu dilin inkişafına verdiyi tarixi töhfələri dilçi alim statusumla diqqətə çatdırdım. Daha sonra sözü müasir özbək poeziyasının zirvəsi Abdulla Oripova gətirərək, onun yaradıcılığının ümumi türk dünyası üçün önəmindən bəhs etdim. Çıxışımın xüsusilə şairin ailəsi tərəfindən rəğbət qazanan məqamı isə ustad şairin özbək dilindən Azərbaycan türkcəsinə böyük bir sevgiylə sətri tərcümə etdiyim bir şeirini səsləndirməyim oldu.

Çıxışların hamısında həm Əlişir Nəvainin, həm də Abdulla Oripovun yaradıcılığından, türk dünyasındakı rolundan bəhs edildi, şeirlər səsləndi.

Çıxışlardan sonra tədbirin ən simvolik və təsirli anları yaşandı. Türkiyə təmsilçisi Cahit Günay uzaq yoldan gətirdiyi şanlı türk bayraqlarını digər ölkələrin nümayəndələrinə təqdim etdi. Bu zaman ilk bayrağı Cahit bəydən təhvil alan və bu gözəl bayraq dəyişmə mərasimini idarə edən şəxs – bütün bu möhtəşəm səfərin, tədbirlərin arxa planındakı o ağır yükünü təmənnasız şəkildə çiyinlərində daşıyan Dünya Türklərinin Koordinasiya Mərkəzinin rəhbəri, başkanımız İlqar Türkoğlu oldu. İlqar bəyin rəhbərliyi və təşkilatçılığı ilə müxtəlif ölkə başqanları öz dövlətlərinin bayraqlarını bir-biri ilə dəyişdilər ki, bu da birliyimizin, "birliyimiz gücümüzdür" fəlsəfəsinin ən gözəl vizual lövhəsi idi. Ardınca dəyərli iştirakçılara xatirə medallarını və Özbəkistanın rəmzi olan milli xalatları da qonaqlara məhz İlqar Türkoğlu təqdim etdi, hər bir ziyalıya göstərdiyi bu böyük diqqət və əməyə görə hər kəsin rəğbətini qazandı.

4. "Özbəkistan Ədiblər Evi"ndə Poeziya Bayramı

Ertəsi gün proqram Daşkəndin gözəl bir guşəsində, bol yaşıllıqlı, güllü-çiçəkli geniş bir bağın içində yerləşən Özbəkistan Ədiblər Evində davam etdi. Bu möhtəşəm bağın girişində Əlişir Nəvainin, digər klassiklərin və xalq şairlərinin abidələri ucalır. Öncə Nəvainin, sonra isə Abdulla Oripovun heykəli önündə qısa çıxışlar edildi, əklillər qoyuldu və xatirə şəkilləri çəkildi.

Konfrans zalında davam edən rəsmi hissədə isə rəsmi qonaqlar, şair və yazarlar öz ürək sözlərini bölüşdülər, iştirakçılara sertifikat və hədiyyələr təqdim olundu. Əlbəttə, hər böyük tədbirdə olduğu kimi, burada da vaxt darlığı ucbatından bir çox iştirakçı çıxış edə bilmədi, lakin o salondakı ortaq ruh hər kəsə bəs edirdi.

5. Heydər Əliyev adına Mədəniyyət Mərkəzində Konsert

Daşkənddəki növbəti unudulmaz günümüz Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində keçirildi. Mərkəzin rəhbəri Akif Maarifli bir gün öncə şəxsən otelimizə gələrək bizi Ümummilli Lider Heydər Əliyevin 103 illiyinə həsr olunmuş konsertə dəvət etmişdi.

Mərkəzə daxil olarkən ilk öncə zəngin kitabxananı ziyarət etdik. Mərkəzin əməkdaşı Kifayət Pirməmmədova bizə buradakı fəaliyyət və Azərbaycan mədəniyyətinin Özbəkistanda təbliği barədə geniş məlumat verdi. Ziyalılarımız öz müəllif kitablarını mərkəzin kitabxanasına böyük məmnuniyyətlə hədiyyə etdilər. Konsert proqramı başlamazdan əvvəl Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev ulu öndərin tarixi fəaliyyəti və iki qardaş ölkə arasındakı sarsılmaz dostluğun təməlləri haqqında məruzə etdi. Konsert hissəsində isə Özbəkistanın xalq artisti, əfsanəvi "Yalla" qrupunun yaradıcısı Fərrux Zakirovun və Azərbaycandan gələn vokalist İsmayıl Zeynalovun bir-birindən gözəl ifaları gecəyə rəng qatdı.

Daşkənddə keçirdiyimiz 4 günün hər axşamı otelimizin tədbir zalında Musiqili poeziya gecələri, kitab təqdimatları, şeir və mahnı sədaları ilə bitirdi.

SƏMƏRQƏND: Mavi günbəzlər şəhəri

Daşkənddən sonra yolumuz qədim Səmərqəndə idi. İlk növbədə, illərdir xəyalını qurduğum, böyük cahangir Əmir Teymurun Türbəsini (Gur-Əmir) ziyarət etdik. Türbənin daxilində sərkərdənin məzarının öz ustadının (mürşidinin) ayaq tərəfində yerləşməsi, ətrafındakı digər ailə üzvlərinin məzarları insanda dərin bir mənəvi sükut yaradırdı. Ruhuna dualar oxuyarkən, daxili bir intizarla pıçıltı ilə soruşmadan edə bilmədim: "Ulu xaqan, Nəsimini niyə güdaza verdin, niyə öldürtdürdün?.."

Tarixin sualları çoxdur, lakin cavabları sükutdur.

Növbəti dayanacağımız Şərq memarlığının incisi sayılan Registan Meydanı oldu. Toplu şəkil çəkdirdiyimiz bu meydanda qədimdə Karvansaray olduğu, buranın fətvaların verildiyi, edamların icra olunduğu yer olduğunu öyrəndik. "Registan" qumlu meydan demək imiş... Qanları yuyan, tarixin acı və şirin xatirələrini öz qumlarında gizləyən qumlu meydan...

Səmərqənddə vaxtımız olduqca məhdud idi. Bu canlı tarixi şəhəri 1-2 gündə tam kəşf etmək, əlbəttə, qeyri-mümkündür. Proqramda nəzərdə tutulan, lakin zaman darlığından ziyarət edə bilmədiyimiz: Uluqbəy Rəsədxanası, İmam əl-Buxari Kompleksi, Həzrəti Davud Mağarası (Müqəddəs Davudun Möhtəşəm Arxeoloji Abidəsi) kimi müqəddəs və tarixi məkanları görə bilmədiyim üçün ürəyimdə dərin bir təəssüf hissi qaldı. Amma bu təəssüf həm də bir vədə çevrildi: mütləq ən yaxın zamanda, ilk fürsətdə Səmərqəndə yenidən gələcəm!

BUXARA: Qədim Şərqin sehirli nağılı

Səfərimizin son mənzili müqəddəs Buxara şəhəri oldu. Yenə də zaman bizi qabaqlayırdı və nəzərdə tutulan tarixi yerlərin hamısını gəzməyə imkan vermədi. Buna baxmayaraq, Buxaranın Köhnə Şəhər hissəsini, tarix qoxuyan Muzeyini ziyarət etdik, məşhur Labi Havuz kompleksini gördük.

Hər getdiyimiz məkanda olduğu kimi, burada da özbək mədəniyyətinin elementlərini özümüzlə apara bilmək üçün əlüstü də olsa, alış-veriş etmək imkanı tapdıq.

Vətəndən Vətənə dönüş...

Buxaradan avtobuslarla uzun və yorucu, lakin mənəviyyatca olduqca zəngin bir yolu geridə qoyaraq yenidən Daşkəndə döndük. Artıq gecə yarısı idi. Özbəkistanda qazandığımız yeni dostlarla, qardaş-bacılarımızla vidalaşmaq anı gəlmişdi. Oteldə saxladığımız çamadanlarımızı götürüb hava limanına yollandıq.

Təyyarə Bakıya doğru havalanarkən içimdə qəribə bir hüzur və doğmalıq var idi. Çünki mən Türkün böyük ruhunun yaşadığı doğma bir elatdan – Vətəndən Vətənə dönürdüm...

Adilə Nəzərova

Filologiya üzrə fəlsəfə doktoru, şair, publisist