adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
24 May 2022 14:44
970
ƏDƏBİYYAT

Vaqif Bəhmənliyə "Ədalət" qəzetindən ad günü hədiyyəsi

May ayının 23-ü Vaqif Bəhmənlinin doğum günüdür. Bu dəfə "Ədalət" qəzeti gözəl şairimizin ad gününü onun müxtəlif illərdə qələmə aldığı duzlu-məzəli, zarafat ovqatlı şeirlərindən bir qisminin təqdimatıyla təbrik edir. Bu yazıların dəyərli oxucularımızın ürəyincə olacağına inanırıq.

Vaqif BƏHMƏNLİ
 
 
Ömür zarafatları
 
Qardaşıma mesaj
 
Ay Yadigar, xəbər yolla sərçədən
Bəhmənlidə Günəş çıxıb, çıxmayıb?
Boş başıma ağıl qoyur hər yetən,
Bəhmənlidə qamış çıxıb, çıxmayıb?
 
Xoş halına, orda qərar tutmusan -
Alça, ərik, gavalı, ya tumusan?
Səsin gəlmir, bəlkə tuluq udmusan -
Bəhmənlidə bir iş çıxıb, çıxmayıb?
 
İncidirmi səhər şehi qönçəni?
Kim qaytarır ləkə cuman cöngəni?
Qazon yedi burda yumşaq yoncanı,
Bəhmənlidə kalış çıxıb, çıxmayıb?
 
Olan budu, qonaq nədən incisin;
Yağırmı tut -
​məhsulun birincisi?..
Badımcandı qapımızın zəncisi -
Bəhmənlidə qaloş çıxıb, çıxmayıb?
 
Mesajımdan sonra üzün gülməsə
iş fənadı... xalaxətrin gülümsə!
Qarpıza dil vurarammı, bilməsəm
Bəhmənlidə yemiş çıxıb, çıxmayıb...
 
Allah hanı? Şeytan ətək düzəldir,
İlan simdən bala pətək düzəldir.
Süd nəmənə... zavod inək düzəldir -
Bəhmənlidə camış çıxıb, çıxmayıb?
 
Ay Yadigar, qulluq elə dərinə
Turp qızarsın görüm, sənin yerinə...
Qızılları nahaq əkdik dərinə,
Bəhmənlidə gümüş çıxıb, çıxmayıb?
 
 

Bağban Rəhilə
 
Son macallar nəvələrimin nənəsi yüngül yazı-pozu işini bir qırağa qoyub məhləmizdəcə ağır əkin-biçin işiylə günü başa vurur...
Zəhmətkeş arıya şanlı köşə var -
qohuma, qardaşa yağ-bal olmusan.
Öyrənib nə qədər iş var, peşə var,
gəlib ən axırda...
​​bağban olmusan.
 
Elə bil, Miçurin təzədən çıxıb;
Növ növə qarışıb, təzə dən çıxıb...
Gülə su dartmaqdan əzələn çıxıb,
dabanın bərkiyib,
​​oğlan olmusan...
 
Maşallah, kəkliksən bərə içində,
yarpızsan, şüyüdsən tərə içində.
Qızılgül əkirsən dərə içində -
çünki allı-güllü dağdan olmusan.
 
Meynəyə tay tutub hər adətini
Gün altda ölçürsən hərarətini...
Yarpağa vermisən təravətini
bəlkə buna görə solğun olmusan?
 
Kaş ki görməyəydim qəşəng vaxtını,
Saldın dinc vaxtıma işlək vaxtını...
Tamam unutmusan döşək vaxtını,
yadından çıxıb ki, yorğan olmusan.
 
Səpmədiyin gübrə-zəhər qalmayıb,
gecəyə qarışan səhər qalmayıb...
Daha Rəhilədən əsər qalmayıb;
Vəzəri, cəfəri, soğan olmusan!
 
Allah bərəkəti töksün bacandan,
A bağban, yemək ver,
​​öldüm acından...
Mənim nəyim kəmdi tut ağacından? -
Gəl, çəkil kölgəmə, yorğun olmusan.
 
Qumda dolaşırsan
​​oxuyub pəstdən -
Bülbül girə bilməz səninlə bəhsə...
Pəhləvan Vaqifi salmısan xəstə,
xəstə canın ilə sağcan olmusan.
Vaqifin nağılı
 
Sənə min şükür, xuda;
doğulcağın çağladım...
Nənəm dedi: - Namxuda,
çağa qəşəng ağladı,
demək, yaxşı çağadı.
 
- Yarıdır haçan gedir, -
anam dedi, - dincəlmir,
İşi dəndi, başaqdı,
Nəyə yollasan gedir,
Vaqif yaxşı uşaqdı.
 
- Danışır göylər ilə;
zehni qəmə tək iti,
hafizəsi kirgiddi, -
Məktəbdə söylədilər, -
- Vaqif yaxşı sagirddi.
 
Boy-buxun soy iləndi!
Çıxdım kəndin üzünə,
Çox analar boylandı,
eyham vurdu qızına:
- Vaqif yaxşı oğlandı.
 
- Sədaqətdi çeşidi,
beş işinin beşi də
külfətidi, işidi, -
bunu da arvad dedi:
- Vaqif yaxşı kişidi.
 
- Kölgəsi qalın olsun, -
dilə gəldi yadlar da, -
fağır-fuğura damdı,
adı qalsın adlarda,
Vaqif yaxşı adamdı!..
 
Dördü mindi belimə,
nəvənin biri düşdü,
Qırmanc aldı əlinə:
- Dəh-dəh, tərpən, uç, atım!
Beşi birdən gülüşdü:
- Vaqif yaxşı qocadı!
 
... Dəfn günü mürdəşir
qopardı ayrı həşir:
- Pakdan pakdı sinəsi,
görünməyib beləsi,
Bu ki, cənnət gülüdü,
Allah rəhmət eləsin,
Vaqif yaxşı ölüdü!
 
 

Adaşlar
 
Həm nəvəm, həm adaşımsan -
İki can bir təndə, Vaqif!
Adaş nədi, qardaşımsan -
Sən də Vaqif, mən də Vaqif!
 
Məxmər tükün ətirlidi,
Adın güldən xətirlidi...
Girdə üzün fətirdimi,
xırda burnun kündə, Vaqif!?
 
Gülsən, dünya gülər sənnən,
Günəş nurun bölər sənnən...
Bəhsə girə bilər sənnən
hansı qoçaq bəndə, Vaqif?
 
Boyun ucalsın gər kimi,
Adın dildə əzbər kimi...
Haydı, yürü əsgər kimi
Azma duman-çəndə, Vaqif!
Yeriyəndə yer laxlasın,
Başını göy qucaqlasın!
Adın gəlcək div ağlasın
yerə girsin cin də, Vaqif!
 
Həm həlimsən, həm də ki sərt -
Olmalıdı mərd oğlu mərd!
Namərdləri yolda gəbərt,
əclafları tində, Vaqif!
 
Nəyi deyim, nəyi qoyum? -
Qoç qırdırım, kəsim qoyun!
Türk oğludu əslin, soyun,
müsəlmansan dində, Vaqif!
 
Üfüqəcən üzsün gəmin,
Suylar sakit, yelkən əmin!
Dəryada qərq olsun qəmin,
ölsün səndən gendə, Vaqif!
                     
***

Ciddi zarafatlar
 
Halımız
 
Şükür ey Tanrı sənə, hər cürə sərvət vardır,
Sərvətə meyl eləyən silsilə millət vardır.
 
Düşünən çoxmu görən hər əməlin var sorumu? -
Tanrı dərgahı durur, can dolu minnət vardır!
 
Hərə bir suç yiyəsi, göydə Xuda təkdi axı,
Necə illac eləsin, gör neçə xilqət vardır?!
 
Bircə an gözdən iraq saxlamır Allah adamı,
Çünki adəmdə tamam ayrı kəramət vardır.
 
Yerdə ət parçalayıb, göydə quşu quşlamağa
Ox nədi, güllə nədi, həm də fərasət vardır.
 
Ağzını gen ayırıb qapqara torpaq sayağı
qırtmamaq olmur axı; ev dolu külfət vardır!

Yenə göydən aşağı,Tanrı necə döndərəcək -
Kamandan çıxmış oxuq, dəlməli niyyət vardır.
 
Satan aldatmalı, aldanmalıdı hərgah alan,
Düz olan düzdə qalar, sözdü qəbahət vardır!
 
Bal hanı, bəhməz hanı,sordu duran yağ yerinə,
Damaqda dad nə gəzir, varsa,kəmiyyət vardır.
 
Ucu çatsaydı əgər, göy deşərdi şəhvətlər,
Dəlləyin ülgücü var, yaxşı ki, sünnət vardır.
 
İçimiz iblisə yol, yolçudu bərbad eləyən,
Biz ki, içdən bilirik çöldə ədavət vardır.
 
Həqiqət aşkar ölür, qəm qovurur xalq içini,
O səbəbdən fələyə daxili nifrət vardır.
 
Əruzda yox hünəri, çapdı sözü qəssabtək,
Şairin də, görünür, qarmağında ət vardır!
 

İçirəm, içmirəm
 
Qoy danlasın üzümü uşaq, arvad - içirəm!
Guya abad canımı edib bərbad içirəm...
 
"Tökülmüşə səbəbsiz almaram tökülmüşü",
Kim deyir, yalan deyir; ki, hər saat içirəm...
 
Olur ki, qəmlər basır başımı mey qabına,
Bəzən də keyfim qalxır, oluram şad, içirəm...
 
Bilirəm, arsızları əzrail də bəyənmir,
Kefqomları qoruyur kefsiz həyat... içirəm.
 
Azman-azman insanı boğub azaldır azan,
Rəhmət deyib çəkirəm yek salavat, içirəm.
 
Fələk sıxıb suyumu çıxardanda yanıram,
Dərhal oda mey səpib ala-babat içirəm.
Dostun biri satılır, birini maşın vurur,
Görünür, bu səbəbdən mən qatbaqat içirəm.
 
Əndərir boğazıma ömür ilan zəhrini,
Şərabı dil altında sanıb nabat, içirəm.
 
Göydə Allah, yerdə də həkim tapşırır, içmə,
Kürəyim zoqquldayır, ürəyim çat, içirəm.
 
Quruyanı kəsirlər, qorxuram dəhrəsindən
Dünyanın səhrasından canısulu keçirəm -
Vallahi, mən içmirəm, billahi, mən içmirəm!
 
 

Gözütox qoşma
 
Canım qov kimidi, uçağan, diri,
Sayın ki, çərpələk sap ilə gedir.
Mal qapır, pul qırır safehin biri...
Deyirəm, sərçədi, çöl ilə gedir.
 
Niyyətim əl tutub yetməkdi haya,
Varımın yarısı paylanır paya,
Sərvət toplamıram, yığmıram maya...
Haqdı ki, top gələn top ilə gedir.
 
Götürməz çiyninə aqil günahı -
Dərd yox ha, sərvətdi əyən cinahı!
Kəndirbaz kimidi insan tamahı,
Şalbandan sallaşır, ip ilə gedir.
 
Adam yer aldadır, kəf gəlir göyə
Sonra can çatladır diz döyə-döyə...
Eybini düz gözlər görməsin deyə
Axsaq yoldaş olub çəp ilə gedir.
 
Kim idi, kim kimi qınadı belə,
Çapdı dörd bir yana cin atı belə?
Mənim də işim bu, sənətim belə
Günüm-güzəranım gop ilə gedir.
 
Bir şikar quluyam, sözdü marağım,
Kəlmə bərəsindən gəlir sorağım.
Nə kabab, nə cızbız, acı arağım
bəxtəvər başıma, sup ilə gedir.
 
***

Sevgi zarafatları
 
Rədiflər
 
Gülüşünə tay hanı? -
qəmzələrin süzgün ox!
Qansız gözələ canım
qurban olsun, yoxsa yox?
 
Dərdin dəvəsi sinəm -
dartır həvəsi sənə...
Zınqırov səsi sənə
mehman olsun, yoxsa yox?
 
Zülm eylədin o ki var;
canda leysan yükü var -
Göz yaşımdan səhralar
ümman olsun, yoxsa yox?
 
Bu qədər ağlarıqsa,
ağlayıb çağlarıqsa,
Dövran bizik... varıqsa,
dövran olsun, yoxsa yox?
 
Çıxarı nəfdən baha
bir söz qalmadı daha...
Vaqif səntək dərgaha
qurban olsun, yoxsa yox?
 

Axirət
 
Düzdü, bir zamanlar səni sevirdim
İndi sən ayrısan, indi yar ayrı.
Ömrümün altını üstə çevirdim;
Eşq ayrıdı gördüm, iqtidar ayrı...
 
Yağdır qarğışını, istəsən söy də,
Zəncirli bir qulam başqa niyyətə.
Deyəsən, iğtişaş baş verib göydə,
ayrı Allah gəlib hakimiyyətə!

 

Birinci mərtəbə
 
Həyatım boyu bir dəfə gördüyüm və görən kimi bir könüldən min könülə aşiq olduğum, hansı səbəbdənsə az müddət içində unutduğum bütün gözəllərə ithaf olunur. Bu şeiri ona görə yazdım ki, gözəl qızlar yeriyəndə heç olmasa ayaqlarının altına baxsınlar...
 
Qənirsiz ismi pünhan
qəfil qarşıma çıxdı.
Ürəyim tutmadı qan,
qanım başıma çıxdı -
birinci mərtəbədə,
birinci mərtəbədə!
 
Daldım xülya zilinə,
Tanrı verib siftəmi.
Məhəbbət mənzilinə
sandım dartar lift məni -
birinci mərtəbədən,
birinci mərtəbədən.
 
Hanı addım irəli,
hanı bir addım geri?
A daş, bir tərpən görüm,
yeri, a kəssək, yeri -
birinci mərtəbədə,
birinci mərtəbədə!
 
Kim gəlib tapar məni;
yerə yapışıb bədən.
Bəlkə çırpıblar məni
yüzüncü mərtəbədən
birinci mərtəbəyə,
birinci mərtəbəyə?
 
Fələk darlığa mail -
vədi dalanda alır...
Bəlkə elə Əzrail
canı alanda alır
birinci mərtəbədə,
birinci mərtəbədə?..
 
Qafil quldu həvəsə -
sağ canım zədən-zədən...
Namərdəm bir də ensəm
onuncu mərtəbədən
birinci mərtəbəyə,
birinci mərtəbəyə...
 
***

Sevgi şeirləri
 

Bal eləyib dilimi
yazdım ömrün yazında.
Yoluşdurub telimi
yelə verdim...
yazanda
sevgi şeirlərimi...
 
Doyulmaz dadla-tamla
çəkilib bir qırağa,
gözümdən damla-damla
ələdim ağ varağa
sevgi şeirlərimi...
 
Söz dinirdi dərində
Sevənə döz deyirdi,
Xatirə dəftərində
qızılgül bəzəyirdi
sevgi şeirlərimi.
 
Anası izləyirdi,
qız düşürdü təlaşa,
Çaparaq gizləyirdi
alt üzündə balışın...
sevgi şeirlərimi.
 
Bəyənir Kərəm lələ,
Məcnun da qollayırdı.
Oğlan xətt sala-sala
yarına yollayırdı
sevgi şeirlərimi.
 
Yar sözümə qızıl dən,
gülab axdı, deyirdi...
Elə bil ürəyimdən
tikan çıxdı, deyirdi
sevgi şeirlərimə.
İndisə çəkib ahı
başın sallayıb dinmir...
Başıma kül, İlahi,
Arvadım da bəyənmir
sevgi şeirlərimi!
 

Aramızda
 
Sevda körükləyir iki sinəni,
Nə yaman alışır köz aramızda.
İsti sinən sini, sinəm səməni,
Yavaş ol, əzilər yaz aramızda.
 
Əmələ gəlməyib daxma havayı,
Sel töküb daxmamı yıxma havayı,
Gözünün yaşını sıxma havayı,
Axı nə baş verib, qız, aramızda?
 
Hər naza umsunan it oğrusudu!
Nazından usanan it oğlusudu!
Elə bil ərköyün toy toğlusudu -
Sabahdan hərlənir naz aramızda.
 
Əcrin qar ələyir alçaq başıma,
Qarları, buzları al, çax başıma -
Qoy dönsün ağappaq çaxmaq daşına,
Qığılcım törətsin buz aramızda.
 
Sürtüb-işıldadıb şüşə gözünü
Bədnəzər dirəyib daşa gözünü...
Üzərlik tüstüsü deşə gözünü
Gərək hazır dura duz aramızda.
 
Lütf elə, bu sirri kimsə bilməsin,
Kəsik baş gəzdirən kisə bilməsin,
Məscid eşitməsin, kilsə bilməsin,
Qalsın Allah ilə öz aramızda...
 
 

Rusca kino
 
Hanı gözü Gündən qamaşan yaşım,
Eh, gör hara qalxdı eşqin kilosu?!
Keçdi səhnə yaşım, tamaşa yaşım,
başladı ömrümün rusca kinosu.
Dilimdən qopardı sözü kəlbətin -
Getdi "poka" deyən gülüm, dönmədi.
"Doroqaya" dedim, töküldü ətim,
"Lyublyu" deməyə dilim dönmədi.
O vaxtlar mən külbaş "da"da çaşırdım,
Kəlmə anlamırdım "net"dən savayı.
Allahdan aşağı söz yox eşidim
"Paşol"dan savayı, "get"dən savayı.
Gəzdim rus elini diyarbadiyar
Görən "çelovek" yox, yol bildi məni.
"Çto sluçilos, paren?" - sordular;
Dinmədim, gözəllər lal bildi məni!
Gülmə bu şeirimə, cənublu tülkü,
Bu halət sənə də şəksiz tanışdı.
Yad eşqin dilini dadmadım, çünki
O, mənnən əcnəbi dildə danışdı...
 
 

İki gözəl, tək qoca
 

Yolumda parlayır gördüm iki ləl,
yol nədi,  tutmur  heç, Yer ikisini.
Yaxamı didəndə içimdəki əl
anladım, quluyam hər ikisinin...
Sərfədi fələyin de, hansı türü? -
neçə günah varsa, dövran süpürür...
Şair, dadı daddan seçməkdən ötrü
əl at, gilənarın dər ikisini!
Bevaxt sevdalardı hər zaman diri,
Ayrı nəyə yarar həsrətin piri?
Qismətim olmasa bu cütün biri -
dedim, vursun azar, çər ikisini!
Yazın çarası gül, qış əlacı nə? -
Payız ruzi verməz çölün acına...
Baxıb gülüşəndə bəyaz saçıma,
basıb-bürmələdi qar ikisini!
 
Cüt gözəl, tək qoca... işi çətində,
nöqtəcə yalan yox hekayətimdə...
Mən yerə quyulandım xəcalətimdən,
Gördüm ki, aparır tər ikisini!
Qadın qucağı cənnət
 
Deyirlər guya ki, yonulmuş qadın
Adəmin qartımış qabırğasından.
Tanrı olmalıykən qadının adı
Nədən uydurulmuş bu boyda yalan?
 
Min dəfə cənnətin əlindən öpdüm,
Qadın qucağıdı mən bilən cənnət.
Dəli-divanəyəm qadından ötrü,
Qadınsız dünyanın zatına lənət!
 
 

Qoca sevgi
 
Canım, dar çağından nə xəbər deyim -
Bu vədə bərədən yar aşmaz axı...
Mən sənə nə deyim, nə təhər deyim,
Deyim ki, sevirəm? - yaraşmaz axı...
 
Canım, budaq birdi, qanad ikidi -
Qonmağa yer bula hər uçan gərək.
Fələyin ən ağır işi sevgidi
Onu çəkmək üçün cavan can gərək.
 
Canım, mən ki, qara baxta qapıyam -
Bütün sevdaların birdi axırı.
Çoxdan mismarlanmış taxta qapıyam
Ot basıb könlümə gedən cığırı.
 
Canım, mən nə təhər dayanım, durum
Bu qara üz ilə Ay qabağında?
Bu yaşınkı odu, təsbeh çevirim,
mütəkkə böyrümdə, çay qabağımda!
 
Canım, sifətimdə şeytan tükü var? -
üzündən öpürəm, gülməyin gəlir.
Saçım gümüşüdü üstümdəki var
Vallah, ölüb yerə girməyim gəlir.
 
Canım, qonaq qalmaz axşam çağına,
Aç bağlı cəftəni, yol elə mənə.
Bir qoca at kimi qat qabağına,
Apar bir dərədə güllələ məni.
 
 

Bir-birinə sataşan qoca və qarı
 
Qoca deyir:
 
Bil, tanıram, qarı, səni -
Yeriyirdin maral kimi.
Görməyəydim, barı səni
Təqaüdçü general kimi.
 
Çölə çıxma ellər gülür,
Ellər nədi, çöllər gülür...
Əl dəyəndə əllər gülən
Tellər hanı qumral kimi?
 
Çor dəydimi nara belə?!
Gözəl getməz gora belə...
Yumrulanıb hara belə
Can dartırsan xaral kimi?
 
Qarı deyir:
 
Qəmişini o yana tut,
Tikanını dara mənnən.
Nə gündəsən, duzlu qurut,
Getməz naşı yara mənnən.
 
De, kim satıb kim alıbdı,
Səni bu kökə salıbdı?
Çoxmu maral kam alıbdı
Od qantarıb, qar əmənnən?
 
Keçəlləşmiş quru dağsan,
Bilinmir ki, varsan, yoxsan!
Baxıram ki, çox qıvraqsan;
Tez çatarsan gora mənnən,
Salam apar ora mənnən!