19 Dekabr 2022 16:23
1030
ƏDƏBİYYAT

Türkologiyanın hamisi Atilla Jorma

Mən onun barəsində eşitmişdim, oxumuşdum. Amma barəsində bilgilər əldə etdiyim bu insanın özü ilə şəxsən tanış olmaq imkanım lap son dövrlərə təsadüf etdi. Necə deyərlər, əvvəl adını eşitdim, sonra isə üzünü də gördüm. Təbii ki, onunla görüşmək hər bir elm, ədəbiyyat adamının, xüsusilə türkologiya ilə maraqlanan hər bir ziyalının daxili tələbatı, istək və arzusudur. Bunu ona görə xüsusi vurğulayıram ki, tanınmış elm adamı, professor, zamanının sayılıb-seçilən çox dəyərli türkoloqu Atilla Jorma ömrünün ən böyük hissəsini məhz türk dillərini öyrənməyə, onları araşdırmağa, bu dillərin kəsişmə nöqtəsini, bir- birinin içərisində yaşamını tədqiq etməyə və təbii ki, bu araşdırmaların elmi əsasını da ortaya qoymağa müvəffəq olubdur.

Böyük türkoloq alim Atilla Jorma həm də bir Azərbaycan sevdalısıdır. İndi masamın üzərində olan və professor Atilla Jormanın həm müəllifliyi ilə işıq üzü görmüş 712 səhifəlik böyük bir kitabın hər vərəqində türkologiyanın mənzərəsini, keçdiyi yolu, həm də bir elm adamı olaraq qazandığı uğurları oxucuya bəlli olur. Kitabı vərəqlədikcə daxilən bir rahatlıq və bir sevgi hissi yaşayıram. Bu da ondan qaynaqlanır ki, bu kitabda türk dünyasının çox önəmli isimlərinin türkologiya ilə bağlı bir-birindən maraqlı elmi məqalələri yer alıbdır. Həmin yazı müəlliflərinin arasında Azərbaycanın da kifayət qədər tanınan və elmi fəaliyyəti müsbət qarşılanan alimlərinin imzaları var. Xüsusilə AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin, bu gün Türkiyədə elmi fəaliyyyətini davam etdirən Kamil Vəlinin, professor Paşa Kərimovun və digərlərinin adlarını qeyd edərdim. Bununla bərabər həm də oxucuların diqqətinə çatdırmaq istərdim ki, Atilla Jorma ilə yanaşı dəyərli türk alimi Özləm Demirelin araya-ərsəyə gətirdikləri bu Ərməğan həm də bir akademik bilgili kitabdır. Yəni kitabdan yararlanan hər kəs şahid ola bilər ki, türk dilləri ailəsi nə qədər zəngin, nə qədər çoxşaxəli və nə qədər qədimdir. Bunu özünün kitabda yer almış məqaləsində filologiya elmlər doktoru Faiq Ələkbərli xüsusi olaraq vurğulayıbdır.

Onun "Azərbaycan türk aydınlarının turançılıq fəlsəfəsi" (XIX-XX əsrlər) məqaləsində vurğulanır ki, bu gün Turançılıq ideyasının ən böyük təmsilçilərindən biri olan və onu yeni nəsilə aşılayan Atilla Jorma yazır: “Yeni Turan" iki dildə Türk və Fin dillərində yayımlanırdı. Qəzetin adına baxanda dil baxımından estonlar və macarlarla birlikdə finlərin də Fin-uyğur dil ailəsinə mənsub olduğu aydın görünür. Məhz ilk Turançı fikirlər əsasında fin araşdırmaçıları bu fikri ortaya atmışdılar. 30-cu illərdə latın əlifbasına keçən türk dili İsmayıl Qaspıralının, Məmməd Əmin Rəsulzadənin türkçəsi idi. Necə ki, bu gün Məmməd Sadiqi oxuyanda "Bu dil Hüseyn Cavidin, Mikayil Müşfiqin türkcəsidir" - deyirik.

Bax, bu araşdırmanın təkcə bir elm adamı üçün yox, bütövlükdə türk dilləri üçün fayda və təsirini anlamaq artıq özü Atilla Jormanın necə böyük bir işə girişdiyini və bu işi ustalıqla, yorulmadan ortaya çıxara bilməsinin mahiyyətini bizim üçün açır. Biz görürük ki, Atilla Jorma təkcə Azərbaycanda yox, bütövlükdə türk dünyası üçün önəmli isim olan türkoloq Məmməd Sadiqin elmi fəaliyyyətini necə işıqlandırıb, onu necə elm dünyasına sevdirib. Adı çəkilən məqalədə vurğulnıb ki, "Məmməd Sadiq Azərbaycanda sovet dönəmində unudulmuşdu. Lakin milli məfkurə sahibi olan Məmməd Sadiq Aran Azərbaycan müstəqillik əldə etdikdən sonra tarixdə öz yerini tapdı". Bu da o deməkdir ki, hələ 1942-ci ildə Məmməd Sadiq Aran Türkiyədə çap etdirdiyi kitabında Güney Azərbaycanda türkçülüklə bağlı real vəziyyəti qələmə alıb. Bu dilin bütün çalarlarını elmi əsaslarla hər kəsin diqqətinə çatdırmaqla bərabər, həm də onun ölümsüzlüyünü ifadə edibdir.

Çox dəyərli elm adamı olan Atilla Jorma ömrünün bu çağında, yəni 70 yaşında da özünün böyük araşdırmalarına bir an da olsa fasilə vermir. Onun tərcümeyi-halına diqqət yetirəndə görürük ki, 1952-ci ildə Finlandiyada doğulan və elə burada da orta məktəbi bitirən Atilla Jorma 1976-cı ildən həyatınlı Türkiyə ilə bağlayıb. O, İstanbulda Universitetin ədəbiyyat fakültəsinin "Türk dili və ədəbiyyatı" bölümünə daxil olub. 1982-ci ildə həmin fakültəni bitirib, sonra Finlandiyada Türk Universitetinin dilçilik bölümündə fəaliyyətə başlayıb. Və paralel olaraq həmin ali məktəbdə türk dilini tədris edib. Atilla Jorma 2008-ci ildə doktorluq dissertasiyasını müdaifə edərək, türkoloq kimi özünü bir daha sübut etmişdir.

Bu gün yorulmadan Türkiyənin Ərdahan Universitetinin "Çağdaş türk ləhcələri və ədəbiyyatları" bölməsində “Xorasan ləhcəsi, türkmən, qaqauz dilləri və ədəbiyyatları" ixtisaslarını tədris edir. Yeri gəlmişkən, xatırlatmaq istəyirəm ki, Atilla Jorma ingilis, alman, holland, macar və fin dillərini mükəmməl bilir. Məhz bu dilləri dərindən bildiyinə görə də onun üçün elmi mənbələrdən istifadə etmək nisbətən asandır.

Baxmayaraq ki, qədim əlyazmalar, arxiv materialları, yaşlı nəslin yaddaşında qalan dillə bağlı hər bir söz, cümlə Atilla Jorma üçün çox önəmlidir.

Özünün hələ gənc yaşlarından qarşısına qoyduğu ali mqəqsəd onu daha əzmkar, daha inadçı və yorulmaz edibdir. Kitabda da qeyd olunduğu kimi hələ orta məktəb illərindən o, türk dilləri ailəsinə böyük maraq göstərmişdir. Onun ən böyük istəklərindən biri dövrümüzün məşhur türk dili mütəxəssisi, böyük elm adamı Kamal Əraslanla görüşmək, onunla təmas qurmaq olmuşdur. Təəssüf ki, kitablarını oxuduğu böyük alimlə şəxsi tanışlıq ona qismət olmadı. Həmin illərdə bir gənc olaraq Atilla Jorma assisenti olduğu universitetdə Əhməd Cəfəroğlu ilə görüşməyə can atdı. Lakin bu böyük alimin də vəfatı Atilla Jormanı üzdü. Məşhur türkoloqların vəfatlarından kədərlənən Atilla Jorma onların kitablarından, elmi araşdırmalarından yararlanaraq türk dilçiliyində olan boşluğu aradan qaldırmağı özünün ali məqsədlərindən biri etdi. Məhz bu istək də onu neçə-neçə ölkənin arxivlərinə baş vurmağa, qədim əlyazmaları ilə tanışlığa apardı. Nəticədə Atilla Jorma həm bir alim kimi özünü, həm də türk dilləri mütəxəssisi olaraq, bu dilin önəmini, onun inkişaf yolunu araşdırıb, elmi müstəvidə hər kəsə təqdim etmək haqqını qazandı.

Bəli, bu gün bir türk alimi, həm də tanınmış türkoloq kimi yaradıcılığı hər kəs tərəfindən qəbul edilən, şəxsiyyətinə böyük hörmət və sayğı bəslənən Atilla Jorma ailə telləri ilə də Azərbaycanla bağlıdır.

Belə ki, mənim qan, can doğmam Sevil xanım Atilla bəyin həyat yoldaşıdır. Onların gözəl ailələri var. Və Sevil xanım da universitet müəlliməsidir. Mən onların hər ikisinə 100 il gözəl, sağlam ömür arzu edirəm. Bilirəm ki, onun Azərbaycan türkoloqları ilə təması, Azərbaycan ədəbiyyatına sevgisi danılmazdır. Elə barəsində fikir bildirdiyim bu Ərməğan kitabda da dediklərimin şahidi ola bilərsiniz.

Təvazökarlıqdan uzaq olsa da xatırlatmaq istərdim ki, bu kitabda mənim də bir neçə şeirim türk dilinə çevrilərək çap olunub.

Barəsində söz açdığım kitabın araya-ərsəyə gəlməsində Özləm xanımın böyük əməyi var. Bu xanım ustadının, müəlliminin, yəni Atilla bəyin adına layiq bir kitabın ərsəyə gəlməsində böyük fədakarlıq edib. Var olsun!

Son olaraq təkrarlamaq istəyərdim ki, "Atilla Jorma Armağanı" olan bu kitab təkcə bu böyük elm adamının yubileyinə hədiyyə deyil. Bu həm də türkologiyaya, türk dilləri ailəsinə mükəmməl bir töhfədir. Kitabla tanış olanda hər kəsin buna şahid olacağına əminəm.

 

Sona Çərkəz,

BDU-nun baş müəllimi,

AYB-nin üzvü, “Qızıl qələm” media mükafatçısı