Xatırladığım günlərdən biri idi Xo Şi Minin öldüyü gün. Məktəbdə bizə dedilər ki, sizi vyetnamlı tələbələrin qaldığı yataqxanaya aparacağıq. “Vyetnam” sözü televizordan çox eşitdiyimiz söz idi. Orda o vaxt müharibə gedirdi… Və biz də xoşbəxt sovet məktəbliləri… Dedilər ki, onların rəhbəri ölüb… Amma bu sözlər yaxın deyildi… (ölümlə hələ tanış deyildik). Gedəndə bizi xəbərdar elədilər ki, səs-küy salmayın, tələbələr ağlayırlar-eləyirlər. Siz bizi biabır eləməyin…
Belə məsləhətlə getdik və… Ağlayan-filan da görmədik. Onlar da tələbə idilər də – nə ağlamaq? Bir az müəllimlər danışdı, bir az tələbələr – Xo Şi Minə fatihə verib gəldik… (sovet məktəblisi necə verə bilərdisə).
Niyə bizi aparmışdılar vyetnamlı tələbələrin yanına? Мəsələ burasındadır ki, məsələ ideoloji idi… Sovet müharibədə Vyetnamı dəstəkləyirdi və bu dəstək başsağlığından ibarət deyildi… Hətta o vaxtkı Bakını xatırlayanlar bilir – bütün ali məktəblərdə vyetnamlı tələbələr oxuyurdu. Təbii ki, onların varlığından xəbərdar idik, amma müharibənin səbəblərin, gəliş səbəblərin bilmirdik… Dünyanın bütün yetimlərini dolandıran sovet xarici tələbələrin burda satdığı nələrdənsə də asılı qalırdı…
Xo Şi Min isə tarixin maraqlı obrazlarından biri idi… Daim inqilabçı, fransız istilaçılarına qarşı döyüşən, Vətəninə bağlı bir insan… Biz uşaq olanda Vyetnam azadlıq ordusu, oyuncaq Sayqon rejimi, ”Amerika, əllərini Vyetnamdan çək’’ şüarlarını o qədər eşitmişdik ki…Vyetnama yardım fondu da vardı, pul da yığırdılar zaman-zaman… Hətta lağ yeri olmuşdu Vyetnama gedən pullar. Amma Amerikadan əvvəl fransızlar zülm vermişdi yerli əhaliyə… Hindi-Çin ölkələrinə…
Sona qədər döyüşdülər, ordu girdi o vaxtın paytaxtı Sayqona və adını da qoydular Xo Şi Min… Amerika uduzdu…Filmləri görmüsüz yəqin. İdeoloji olsa da, hər halda tarixin fraqmentlərini daşıyır. Uzun söhbətdi, rahat günləri olmayıb əsrlər boyu… Mən görməmişəm, amma deyirlər indi gözəl inkişaf gedir – hər halda Vyetnamda. Müstəmləkə olmaq ağır dərddi…İndi bizə qonaq gələn Nquyenləri görüb Xo Şi Mini də xatırladım, küçədə dəqiqə başı gördüyüm vyetnamlı tələbələri də xatırladım…
69-cu ildə üçüncü sinifdə oxuyurdum. Məncə, o vaxt bizdən kimsəni aparmamışdı sovet oralara…Sonradan gördük öz ekspansiya siyasətlərinə qurban verilmiş insanları…Onlar da uzun illər döyüşdülər, qələbənin dadını öyrəndilər. Biz də indilərdə öyrəndik…Müstəmləkənin necə ağır dərd olduğunu bildik… Unutmayaq bu Sözü…