"Ey Vətən oğlu" adlı ədəbi-bədii gecə keçirilib - ŞƏKİDƏ

29 may 2025-ci il tarixdə Şəki şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkilatçılığı Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Şəki rayon Komitəsinin, Şəki 3 №li uşaq musiqi məktəbinin, Qax rayon Mədəniyyət mərkəzinin İsmayıl Dağıstanlı adına xalq teatrının və Bəxtiyar Vahabzadənin Ev Muzeyi rəhbərliyinin dəstəyi ilə "27 May - Ümumdünya Kitabxanaçılar Günü" münasibətilə dahi Azərbaycan şairi Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr edilmiş "Ey Vətən oğlu" adlı ədəbi-bədii gecə keçirilib.
Tədbir dahi Azərbaycan şairi Bəxtiyar Vahabzadənin öz səsi ilə "Ey Vətən oğlu..." şeiri ilə başlayıb və yaradıcılığını əks etdirən videoçarxın nümayişi ilə davam edib.
Ədəbi-bədii gecədə Şəki şəhər İcra Hakimiyyətinin məsul şəxsləri, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin rəhbərliyi və əməkdaşları, YAP Şəki şəhər təşkilatının, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin rəhbərliyi, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Şəki şəhər Komitəsinin rəhbərliyi, tanınmış şair, Azərbaycan Yazçılar Birliyinin bölgə sədri Vaqif Aslan, yerli yazarlar Ramiz Orsər, Musa Həşimov, Əfsanə Rəvan, Qönçə Natiq qızı və Şəhid anaları, mədəniyyət işçiləri və şəhər ictimaiyyətinin nümayəndələri iştirak edərək toplantıda çıxış etdilər.
Şəki şəhərindəki Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə dahi şair B.Vahabzadənin şeirləri, eyni zamanda Şəki şəhər 3 nömrəli Uşaq Musiqi məktəbinin müəllimlərindən ibarət ansamblın ifasında şairin sözlərinə bəstələnmiş musiqilər, rəqs nümunəsi nümayiş olunmuş və viktorinalar təşkil edilmişdir. Tədbirdə fəal iştirakçılar və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Şəki Rayon Komitəsi tərəfindən hədiyyələrlə mükafatlandırılmışlar. Həmçinin MİHİ Şəki rayon komitəsi rəhbərliyi tərəfindən tədbirin yüksək səviyyədə təşkilinə görə Mərkəzi kitabxananın Xidmət və abonement şöbəsinin müdiri Dilbər xanım Yaqubovaya və tədbirin aparıcısı Şəfəq Xəlilovaya təşəkkürnamə təqdim edilib.
Çıxış edənlər Bəxtiyar Vahabzadə yaradıcılığı, həmçinin "Kitabxanaçılar Günü" ilə əlaqədar fikirlər səsləndirib, Qax rayon Mədəniyyət Mərkəzinin əməkdaşlarının "Əcdadların harayı" adlı tamaşa təqdim edib.
Şəki Mərkəzi Kitabxanalar Sisteminin minlərlə oxucuları adından Bəxtiyar Vahabzadə Ev Muzeyinə hədiyyə təqdim edilib. Sonda xatirə şəkli çəkilib.
Nağıbəyov Məmmədtağıbəy
Bakı Dövlət Universiteti
Jurnalistika fakultəsinin tələbəsi