25 Avqust 2025 17:50
217
DÜNYA

Türkiyədə Malazgird zəfərinin 954-cü ildönümü qeyd edilib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Malazgird zəfərinin 954-cü ildönümü münasibətilə Bitlisin Ahlat rayonunda keçirilən möhtəşəm tədbirdə çıxış edib.

Adalet.az Anadolu Agentliyinə istinadla xəbər verir ki, Oxatanlar Vəqfinin təşkilatçılığı ilə baş tutan mərasimdə dövlət rəsmiləri, siyasi partiya liderləri və minlərlə vətəndaş iştirak edib.

Ərdoğan çıxışında Ahlatın Türk tarixində və mənəvi dünyasında xüsusi yer tutduğunu vurğulayıb:

“Ahlat bu torpaqlarda əbədi varlığımızın simvoludur. Türk milləti üçün Ahlat Qızıl "alma"nın açarıdır. O, bizə kim olduğumuzu, hardan gəldiyimizi və hara getdiyimizi bildirən müqəddəs şəhərlərdən biridir.”

Prezident bildirib ki, Ahlat yalnız tarixi-mədəni irs deyil, həm də türk-islam sivilizasiyasının minillik yadigarıdır. O, Malazgird zəfərinin açdığı tarixi yolun Türk millətinə bu gün də ilham verdiyini xatırladaraq, şəhid və qazilərin əziz xatirəsini rəhmətlə yad edib.

Ərdoğan xalqların birliyinə diqqət çəkərək qeyd edib ki, türklərin, kürdlərin və ərəblərin bir arada olduqları dövrlərdə böyük zəfərlər əldə olunub:

“Şərqin sevimli sultanı Səlahəddinin, Sultan Alp Arslanın, Yavuz Sultan Səlimin və Çanaqqalanın ruhu bizi bu gün də birləşdirir. Bu ruhla Qüdsün qapıları açıldı, İstanbul fəth olundu. Eyni ruhla bu gün də hər cür hücuma qarşı birlik və bərabərliyimizi qoruyacağıq".

Prezident MHP lideri Dövlət Baxçalının təşəbbüsü ilə yaradılan “Fəth və Kök: Ahlat/Malazgird Araşdırmalar İnstitutu”nun fəaliyyətə başlamasını da yüksək qiymətləndirib. Bu addımın tarixi irsin araşdırılmasına, gələcək nəsillərə ötürülməsinə mühüm töhfə verəcəyini söyləyib.

Ahlat Rəcəb Tayyib Ərdoğan Milli Bağçasında keçirilən tədbir Qurani-Kərim tilavəti ilə başlayıb. Mərasimdə Türkiyə, Səlcuqlu və Fələstin bayraqları dalğalanıb, Türkiyə Jandarma Baş Komandanlığının Mehteran Birliyi çıxış edib. Meydana toplaşan minlərlə insan türk bayraqları ilə yürüş edib.

Tədbirdə MHP lideri Dövlət Baxçalı, Böyük Birlik Partiyasının sədri Mustafa Destici, HÜDA PAR sədri Zəkəriyyə Yapıçıoğlu, Demokrat Sol Partiyasının sədri Öndər Ağsaqqal, vitse-prezident Cevdet Yılmaz, nazirlər iştirak edib.

Prezident çıxışını belə tamamlayıb:

“Allah birliyimizi, qardaşlığımızı, həmrəyliyimizi əbədi etsin. Bizlər şəhidlərimizin canı və qanı bahasına qazandığı bu müqəddəs vətəni son nəfəsimizədək qorumağa sadiq qalacağıq".