Taleyin sürgün oyunu - Əntiqə Kərimzadə yazır..
Deyirlər ki, yazıçı və ya şair nəyi düşünürsə, onu da yazır. Yaxud da həmin hissin sözlə şəklini çəkir. Bəlkə də ən çətin iş sözün şəklini çəkməkdir. Sözü- sözə calamaq, söz qoşmaq, söz çıxarmaq- bunlar hamısı sözün şəklini çəkməyin kölgəsində qalır. Söz isə bütün bunların fövqündə dayanır. Ümumiyyətlə, yazıçıların hadisələrə baxışları tam fərqli olur. Məsələn, adi insanlar küləyə, yağışa təbiət hadisəsi kimi baxırsa, yazıçı bunu daha obrazlı görür və ifadə edir.
Uzun illərdir vətəndən kənarda yaşayan yazıçı Əzimə Ağalarova da hər hadisəni obrazlı görən, sözün şəklini çəkən yazıçılardandır. O, uzun illərdir Almaniyada yaşasa da Şərq mədəniyyətini unutmamış, hətta bunu bütün əsərlərində göstərmişdir.
Dünyanın 47 ölkəsinə səyahət edən müəllif Şərq mədəniyyəti ilə Qərb mədəniyyətinin bir -birindən necə fərqləndiyini, şərq qadınının özəlliyini əsərlərində xüsusi vurğulayıb. Nakam sevginin aliliyi, siyasi hadisələrin ölkələrə və cəmiyyətlərə təsiri kimi diqqətçəkən mövzular müəllifin əsərlərinin əsas qayəsini təşkil edir.
Yazıçının “Yıpranmış hayallerin peşinde” əsəri da məhz Azərbaycan- Türkiyə dostluğundan bəhs edir. Hadisələr sovetlər dönəmində (1980) cərəyan etsə də, qardaş ölkəyə olan sevgi mövzusu müstəqil Azərbaycanda da aktualdır.
Yazıçı Türkiyə eşqi ilə yaşayan bir azərbaycanlı qızın yaşantılarını obrazlı şəkildə ifadə edib.
Həyata yeni atılan azərbaycanlı bir gəncin israrla Türkiyəyə getməsi həm cəsarət, həm də sönməyən bir sevginin izahıdır. Bu sevgi əsərin qəhrəmanı Suzanı burulğanlı bir həyat yaşamağa məcbur edir. Həsrətindən divanə olduğu Türkiyə ona qucaq açdımı? Və ya onu necə qarşıladı? Bütün bu hadisələr, əlbəttə, oxucunu düşündürməyə başlayır. Suzan yaşadığı rahat həyatdan sanki qarışıq bir dünyaya düşmüşdü. Başına gələnlər üçün bəzən özünü qınayır, bəzən sevgisini lənətləyir, bəzən də
Türkiyədən küsürdü.
Suzan bütün ağrılarının içində qarşılaşdığı ən gözəl “mənzərə” Kamal idi. Taleyin ona nələr gətirəcəyindən xəbərsizkən Kamal onun həyatına daxil olur.
Taleyin ona oynadığı oyunun məsafəsi Bakıdan-Türkiyəyə, ordan İrana, İrandan Rusiyaya və Livana qədər uzanır…
Maraqlıdır, Kamalı da Türkiyə qədər sevən Suzan onunla xoşbəxt oldumu? Kamal onu xoşbəxt edəcəyinə söz verdiyi halda, onların həyatı necə dəyişdi? Bu dəyişiklikdə Suzanı qaranlıqlar qucdumu, yoxsa bu sərsəri qız Kamala sarılmağı bacardımı? Yaz yağışı kimi yağan bu sualların cavabını Əzimə Ağalarovanın oxucusuna həvalə edirəm.
Əsərdə diqqətçəkən məqamlardan biri də İsrail Kəşfiyyatının (Mossad) Suzanın həyatında mühüm rol oynamasıdır.
Əsərin əsas üstünlüklərindən biri də siyasi məsələlərin qabardılması, Azərbaycanda sovetlər dönəmində yaşanan çətinliklər və insanların bəzi ölkələrə səyahətlərinin məhdudlaşmasıdır.
Yazıçı sovetlər dönəmində Türkiyəyə səyahət etməyin necə çətin məsələ olduğunu əsərin əvvəlində çox dəqiqliklə qeyd edir. Hətta Azərbaycandan Türkiyəyə getmək üçün bir il əvvəldən aidiyyəti qurumları məlumatlandırmağı aşkar şəkildə yazır.
Həyatın hər çətiniyini yaşayan Suzanın əsərin sonunda rahatlıq tapması yazıçının “Həyat davam edir” ifadəsinə nikbin münasibətidir.
Müəllif “Yıpranmış hayallerin peşinde” əsərini “Cənnətdə əzab” adı ilə Azərbaycan türkcəsinə tərcümə edib. Arzulayırıq ki, əsərin tərcümə varinatı çap olunub Azərbaycanda da yayılsın.


Bakı -°C

