adalet.az header logo
  • Bakı -°C
01 Dekabr 2025 11:08
59
GÜNDƏM
A- A+

“Müasir ailə modeli qarşılıqlı anlayışa əsaslanmalıdır...”

“Son günlər qarşıma çıxan bir müsahibədə psixoloqun belə bir fikri ilə rastlaşdım.  O müsahibəsində deyir ki, “ali təhsilli qadınla orta təhsilli kişinin evliliyi uzun ömürlü ola bilməz”. Bu yanaşma mahiyyət etibarilə ayrı-seçkiliyə əsaslanır və xüsusilə illərlə formalaşmış digər bir stereotipi, qadın kişidən daha çox qazandıqda ailədə xoşbəxtlik mümkün deyil düşüncəsini  gücləndirir”. 

Adalet.az xəbər verir ki, bunu “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib. 

“Biz gender bərabərliyi uğrunda mübarizə apararaq cəmiyyətin köhnəlmiş düşüncə tərzindən azad olmağa çalışdıqca, təəssüf ki, bəzi təhsilli qadınların belə fikirləri əksinə olaraq mövcud stereotipləri daha da möhkəmləndirir. Ailənin sağlamlığı və davamlılığı təhsil fərqindən və ya maddi üstünlükdən deyil, tərəflər arasında qarşılıqlı hörmət, dəyərlərin uyğunluğu, emosional dayanıqlıq və tərəfdaşlıq bacarığından asılıdır. Bu səbəbdən ailə qurmağa hazırlaşan şəxslər arasında belə stereotiplərin yenidən gündəmə gətirilməsi yox, əksinə, yeni dövrün dəyərlərinə uyğun şəkildə yenilənməsi və aradan qaldırılması məqsədəuyğundur. Çünki müasir ailə modeli qarşılıqlı anlayışa əsaslanmalı, fərqlərin deyil, dəyərlərin və ortaq məqsədlərin üzərində qurulmalıdır”, - deyə o, bildirib. 

Vasif ƏLİHÜSEYN