adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
20 Mart 2023 14:13
1576
MÜSAHİBƏ

“İnsanlara kömək etdiyim üçün məmurların məndən...”-ANS-in keçmiş müxbiri ilə MÜSAHİBƏ

ANS kanalının keçmiş müxbiri Ələddin Əzimlinin Adalet.az-a müsahibəsini təqdim edirik:

- Ələddin müəllim, ANS kanalında işləyənə qədər nə işlə məşğul olurdunuz?

- Orta məktəb dövründən jurnalistikaya böyük həvəsim var idi. Onda reportajlar hazırlayıb radiolara göndərirdim. Həm şeirlərimə, həm də reportajlarıma görə qonararlarımı alırdım. ANS-ə qədər isə müəllim işləyirdim. 

- Bəs ANS-də nə vaxtdan işə başladınız?

- 2000-ci ildən 2012-ci ilə qədər ANS-də işləmişəm. Mirşahin müəllim məni əvvəldən tanıyırdı. Kanalın bölgə büroları açılmışdı və Mirşahin müəllim mənə zəng vurub iş təklifi etdi. Mən də gedib onunla görüşdüm və işə başladım. Salyan, Saatlı, Şirvan, İmişli, Sabirabad, Hacıqabul, Cəlilabad və Biləsuvar rayonları üzrə müxbir idim. Sonra elə oldu ki, Lənkəran, Lerik, Yardımlı zonasını da mənə verdilər. 

- Maaşınız yüksək idimi?

- Maaş da yüksək idi, dolanışığımız da yaxşı idi. 2001-ci ild Kürdə daşqınlar oldu. Onda mənim hər gün üç reportajım gedirdi, ANS ÇM-in 4-5 dəfə xəbərlərinə çıxırdım. 

- İşlədiyiniz dövrdə yəqin ki, mübahisələr, maraqlı hadisələr də olub?

- Əlbəttə, davalar düşüb, mübahisələr etmişik. Üstümüzə hücum ediblər. Jurnalistika sənətinin qaydası belədir. Bu cür hadisələri normal qarşılamaq lazımdır. 

- Sizin o vaxt bir dəfə bıçaqlandığınızı yazmışdılar. Bu hadisə necə baş vermişdi?

- Əslində burda maraqlı bir hadisə baş vermişdi. Günlərin bir günü Biləsivar Polis Şöbəsi bizi şöbəyə çağırdı və bildirdilər ki, narkotika ilə adam tutublar. Biz o adamı çəkdik. Rəisin müavini ilə oturub söhbət edirdik və dedim ki, başqa material varsa, onu da ver çəkim. O, da dedi ki, Biləsuvarda bıçaqlanma hadisəsi olub. Biz o hadisəni də çəkdik. Təsəvvür edin ki, bıçaqlanan şəxsin adı Əzimov Ələddin idi, yəni mənim ad soyadımla eyni idi. Ondan sonra qəzetlər yazmışdı ki, ANS-ın müxbiri Biləsuvarda bıçaqlanıb. Yəni xəbəri qəzetlər yaymışdı. 

- Ürəyinizdə nə vaxt problem yarandı?

- 2010-cu ildə ürəyimdə problem yarandı məni təcili 1 saylı şəhər Klinik xəstəxanasına yerləşdirdilər. Orda həkimin naşılığı səbəbindən müayinə zamanı yıxıldım. Ardınca da, infarkt keçirdim. Ondan sonra Mirşahin müəllim yanıma gəldi, onunla danışdıq. Mən artıq özümdən getmişdim. Oğlum hörmətli millət vəkilimiz Qənirə xanım Paşayevaya zəng vuraraq vəziyyətimin pisləşdiyini deyib. Qənirə xanım da deyib ki, “narahat olma, Türkiyədən, Gülhanə xəstəxanasından həkim gəlib Ələddin müəllimi əməliyyat edəcək”.  Bizim həkimlər isə demişdi ki, xəstəni evə aparın, infarktdan sağalandan sonra ürəyini əməliyyat edərik. Mənim əmioğlanlarım isə razılaşmamışdı. Elə də xəstəxanada yatdım və Türkiyədən gələn həkim ürəyimi əməliyyat elədi. 

- Ürək əməliyyatından sonra işdən çıxmağa qərar verdiniz?

- Xeyr. Əməliyyatdan sonra iki il işlədim. Onda həkim də dedi ki, “get, işlə, narahat olma”. Sonra səhhətimdə problemlər yarandı və işdən çıxmağa qərar verdim. Mirşahin müəllim isə istəmirdi ki, mən işdən çıxam. 

- ANS-də işləyən dövrdə olub insanlar sizdən problemləriylə bağlı xahiş etsinlər?

- O cür məsələlər çox olub. Daşqınlar olanda Sabirabadda hamıya ev tikmişdilər, amma bir kişiyə ev tikmirdilər. Həmin ərazidən keçəndə problemini mənə dedi mən də ad soyadını yazıb İcra Hakimiyyətinə verdim. Bir müddət sonra ordan keçəndə gördüm ki, həmin yerdə ev tikiblər. Mən xəstəxanada yatanda isə həmin kişi yanıma gəlmişdi. Dedi ki, “Siz mənə ev tikdirdiniz, ailəmlə o evə köçdük. Sizə dəyməyə gəlmişəm. Mən də kişinin yol pulusunu verib yola saldım”.  

“Səkkiz manat cərimə yazdılar və onu...”

İnsanlara kömək etdiyim üçün məmurların məndən acığı gəlirdi. Amma insanlar məni çox istəyirdi, çünki hamının probleminin həllinə çalışırdım. Günlərin bir günü Salyanda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları 86 yaşlı qadına həyətində əkdiyi ağacı kəsdiyinə görə 860 manat cərimə yazmışdılar. Qadın mənə şikayət yazmışdı və görüşüb çəkiliş etdim. Sonra nazirliyin əməkdaşlarına deyib bu problemi həll etdim. Səkkiz manat cərimə yazdılar və onu da öz cibimdən ödədim. Qadına dedim ki, problemin həll olundu, narahat olma. 


- İndi iş yoldaşlarınızla əlaqə saxlayırsınız?

- Mirşahin müəllimlə həmişə əlaqə saxlayırdım. Sonuncu dəfə mənə dedi ki, yeni bir kanalda işə başlayacam. Ondan sonra Real TV-ni açdı. Zəng vurub dedi ki, gəl, kanalda işə başla, amma dedim ki, alınmır, səhhətim buna imkan vermir.

Vasif Əlihüseyn