Suverenlik və milli maraqlar: Geosiyasi reallıqlar yeni strateji məqsəd kimi

Məşhur Məmmədov
Milli Məclisin deputatı
Azərbaycan xalqı üçün dövlət suverenliyi sadəcə hüquqi-siyasi anlayış deyil, əsrlər boyu davam edən milli azadlıq mübarizəsinin, qurbanların, fədakarlığın və qələbənin nəticəsidir. Prezident İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə hər il 20 sentyabrın Dövlət Suverenliyi Günü kimi qeyd edilməsi bu tarixi gerçəkliklərin təntənəsi, xalqımızın milli iradəsinin dövlətçilik rəmzinə çevrilməsidir.
XX əsrin sonlarında Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini, BMT Nizamnaməsini kobud şəkildə pozaraq Azərbaycan torpaqlarını işğal etdi. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində ölkəmizin torpaqları işğal olundu, yüz minlərlə insan öz yurd-yuvasından didərgin düşdü. Azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirildi, Xocalı soyqırımı törədildi, şəhər və kəndlərimiz dağıdıldı, təbii sərvətlərimiz talandı, tarixi-mədəni irsimiz məhv edildi.
BMT Təhlükəsizlik Şurası 1993-cü ildə ard-arda qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrdə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxarılmasını tələb edirdi. Bu sənədlərdə Azərbaycanın ərazi bütövlüyünə, sərhədlərinin toxunulmazlığına dəstək ifadə olunurdu. Lakin beynəlxalq təşkilatların qəbul etdiyi bu sənədlər uzun illər kağız üzərində qaldı, onların icrası üçün praktik mexanizm işlənmədi.
30 ilə yaxın aparılan danışıqlar prosesində vasitəçilərin müxtəlif formatlarda təkliflərinə baxmayaraq, Ermənistan təcavüzkar siyasətindən əl çəkmədi. Əksinə, işğal faktını möhkəmləndirməyə, yeni ərazilərə iddia etməyə çalışdı. Bu isə Azərbaycanın milli maraqlarına, beynəlxalq hüquqa və BMT qətnamələrinin tələblərinə tamamilə zidd idi.
Azərbaycan diplomatiyası illər boyu sülh yolu ilə məsələnin həllinə sadiq qaldı. Ancaq beynəlxalq qurumların laqeydliyi, Ermənistanın qeyri-konstruktiv mövqeyi sülh prosesini nəticəsiz qoydu. Bu şəraitdə Azərbaycan özünün hərbi-siyasi gücünə arxalanaraq 2020-ci il Vətən müharibəsində 44 gün ərzində Ermənistan ordusunu darmadağın etdi, torpaqlarımızın böyük bir hissəsini işğaldan azad etdi.
5 il öncə, Ermənistanın 2020-ci ilin sentyabrında başladığı növbəti təcavüz cəhdinə cavab olaraq Azərbaycan Ordusu 44 gün davam edən müharibədə misilsiz şücaət göstərdi, işğal altındakı böyük bir ərazi azad olundu. Daha sonra Kəlbəcər, Ağdam və Laçın da Azərbaycan dövlətinə qaytarıldı. Beləliklə, Azərbaycan BMT qətnamələrini öz gücü ilə icra etdi.
Müharibədən sonra Kəlbəcər, Ağdam və Laçın rayonlarının da sülh yolu ilə Azərbaycana qaytarılması ilə ölkəmiz BMT Təhlükəsizlik Şurasının qətnamələrini tam şəkildə özü icra etmiş oldu. Başqa sözlə, beynəlxalq hüququn təmin edilməsi üçün lazımi addımı Azərbaycan özü atdı və beynəlxalq aləmə göstərdi ki, hüququn təminatçısı ilk növbədə dövlətin öz iradəsi və gücüdür.
2023-cü ilin antiterror əməliyyatı isə bu prosesi tamamladı. Qondarma rejimin ləğvi ilə Azərbaycanın suverenliyi bütün əraziləri üzərində bərpa olundu. Bununla Azərbaycan yalnız ərazi bütövlüyünü deyil, həm də BMT qətnamələrinin mahiyyətini tam şəkildə yerinə yetirdi.
Bu gün “Azərbaycan BMT qətnamələrini özü icra etdi” ifadəsi sadəcə siyasi şüar deyil, real tarixi həqiqətdir. Çünki Azərbaycanın hərbi-siyasi qətiyyəti beynəlxalq hüququn aliliyini bərpa etdi, ədalət və tarixi həqiqət qalib gəldi, Ermənistanın işğalçı siyasətinə son qoyuldu, regionda yeni reallıq yarandı və Azərbaycanın beynəlxalq nüfuzu gücləndi.
2023-cü il 23 apreldə Azərbaycan Həkəri çayı üzərində, Laçın-Xankəndi yolunda nəzarət-buraxılış məntəqəsi qurmaqla öz sərhədləri boyunca tam suveren nəzarəti bərpa etdi. Bu, Vətən müharibəsindən sonra bir güllə atmadan əldə edilən növbəti böyük uğur idi və dövlət hakimiyyətinin aliliyinin tam təsdiqi oldu.
Ermənistan Ordusu məğlubiyyətə uğrasa da, separatçılar Qarabağda reallıqları qəbul etmək istəmirdi. 19 sentyabr 2023-cü ildə Azərbaycan Ordusu Qarabağda qalan separatçı qüvvələrə qarşı lokal antiterror tədbirlərinə başladı. Yalnız 23 saat 43 dəqiqə davam edən əməliyyat nəticəsində separatçı qurum kapitulyasiya etdi və özünü buraxdığını elan etdi. Bununla da Azərbaycan bütün əraziləri üzərində tam suverenliyini bərpa etdi.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsis edilən Dövlət Suverenliyi Günü ölkəmizin milli iradəsinin, müstəqillik yolunda apardığı mübarizənin və tarixi qələbələrinin rəmzidir. Bu tarix Azərbaycanın 1991-ci ildə bərpa olunan müstəqilliyindən başlayaraq 2020-ci ildəki Zəfərlə, 2023-cü ildəki antiterror əməliyyatı ilə tamamlanan suverenlik mübarizəsinin zirvəsini göstərir.
Prezident İlham Əliyevin qərarı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması da bu prosesin məntiqi davamıdır. Konstitusiya dövlətin hüquqi-siyasi dayağı, suverenlik isə onun varlığının əsas atributudur. Bu iki anlayışın birlikdə qeyd olunması Azərbaycanın həm daxili sabitliyinin, həm də beynəlxalq nüfuzunun artmasının bariz göstəricisidir.
Bu gün Azərbaycan öz suverenliyini tam təmin etmiş, sərhədləri boyunca hakimiyyətini bərpa etmiş güclü bir dövlətdir. Dövlət Suverenliyi Günü xalqımızın qəhrəmanlıqla yazdığı tarixin, şəhidlərin canı, qazilərin sağlamlığı bahasına əldə edilən qələbələrin və dövlətimizin gələcək inkişaf yolunun simvoludur.