16 Sentyabr 2025 15:55
94
SİYASƏT

Azərbaycan-BƏƏ münasibətləri inkişaf edir

Azərbaycanla BƏƏ arasında münasibətlərin inkişafı müşahidə olunur.

Adalet.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Deputat bildirib ki, iki dövlət arasında ticarət dövriyyəsi 2024-cü ildə 96 milyon 805 min dollar olub. 2021-ci ilə nisbətən ticarət dövriyyəsi 2 dəfə artasa da mövcud rəqəm potensialı tam əhatə etmir. Dövlətlər arası münasibətlərin daha da dərinləşməsinin ticarət dövriyyəsində də artımlar ilə müşahidə olunacağı gözlənilir.

Bununla yanaşı qeyd edib ki, BƏƏ Azərbaycanda yaşıl enerji sərmayə qoyluşu həyata keçirən dövlətlərdəndir. Tərəflər arasında innovativ sahədə əməkdaşlıq daha güclənməkdədir.

V.Bayramovun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanı Füzuli Beynəlxalq Hava Limanında qarşılamasının da xüsusi mənası var. Əlavə edib ki, Qarabağ və Şərqi Zəngəzurda inşa edilən hava limanları ilə bağlı müəyyən şəxslər qərəzli fikirlər irəli sürürdü.

"Son səfər də təsdiq edir ki, Qarabağa dünyanın fərqli ölkələrindən birbaşa uçuşlar var, hətta yüksək səviyyəli rəsmilər də xaricdən Azərbaycan gələrkən birbaşa Qarabağ bölgəsinə enə bilirlər. Bütün bunlar bir daha sübut edir ki, Qarabağda inşa edilən hava limanları təhlükəsizlik, nəqliyyat, turizmin inkişafı, həm də beynəlxalq səfərlərin təşkili baxımından çox vacibdir. Azərbaycan ərazi bütövlüyünü tam bərpa edib və azad olunmuş torpaqlarımızda artıq rəsmi şəxslərin qəbulu da həyata keçirilir.

BƏƏ Prezidentinin Azərbaycana səfəri iki ölkə arasındakı münasibətlərin daha da dərinləşməsində yeni səhifə açacaq. Bu səhifə həm də Qarabağda açılır",- deyə milət vəkili qeyd edib.

Qeyd edək ki, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Azərbaycana rəsmi səfərə gəlib. Azərbaycan dövlət başçısı İlham Əliyev qonaq Prezidenti Füzuli Hava Limanında qarşılayıb. Qonağa işğaldan azad olunmuş ərazilərimizdə inşa edilmiş Beynəlxalq Hava limanları haqqında məlumat verilib.