adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

Şou aləmində DƏRƏBƏYLiKDiR

OQTAY SALAMOV
24016 | 2007-02-20 23:11
Bəstəkar Nadir Əzimovun səbr kasası daşıb və deyib ki, "Şou aləmində dərəbəylikdir". Sərt deyib, hirsli deyib, amma düz deyib. Adam bəstəkar olduğu üçün ancaq öz sahəsi haqda deyib. İqtidar da deyir ki, müxalifətdə dərəbəylikdir. Müxalifət də deyir ki, hakimiyyətdə dərəbəylikdir. Bəlkə siz deyəsiniz, harada dərəbəylik deyil, hə?..
   
   Sonuncu dəfə bu sözləri deyirəm, bir də nə deyəcəm, nə də yazacam, məndən ağıllılar, məndən savadlılar, məndən böyüklər dəfələrlə yazıblar, deyiblər. Mirzə Cəlil deyirdi ki, müsəlmana sözü yüz dəfə deyərlər, qanmasa eybi yoxdur. Qardaşlar, vallah, billah, tallah, dərəbəyliyi özümüz yaradırıq, dərəbəylik çoxumuza sərf eləyir. Bulanıq suda balıq tutmaq daha asan olur. Ən çaşbaş salanı odur ki, birinin dərəbəylik saydığını o biri qayda-qanunun təntənəsi sayır. İndi qətiyyən məlum deyil ki, kimin əli kimin cibindən çıxır. Dərəbəylikdən danışmaq üçün heç uzağa getmirəm, elə masamın üstündəki bir neçə qəzetdən mənim üçün danışdığım mövzuda maraqlı görünən xəbərləri toplayıram bir yerə. İndi özünüz seçim edin, bəziləriniz bunu qayda-qanun, nizam-intizam sayın, bəziləriniz də dərəbəylik...
   
   
   
   Heyvanına şükür, ilahi
   
   
   
   Bir dəfə Odessada maraqlı bir hadisənin şahidi olmuşam":: Bir gün səhər qaldığımız evin həyətində hay-küy düşdü. Məlum oldu ki, həyətdən maşın qaçırıblar. Amma qəribəlik onda idi ki, adətən həyətlərdə maşınların təkərlərini sökürdülər, özü qalırdı. Bu dəfə isə maşını aparmışdılar, yerində dörd təkər qalmışdı. Yəqin ki, təkərləri sonradan gətirib qoymuşdular, amma fakt bu idi ki, maşın yox idi, təkərlər yerində idi.
   
   Bakı da orijinallıqda Odessadan geri qalan deyil. Xəbər verilir ki, Bakı bağlarında güclü oğurluqlar baş verir. Amma bu dəfə bağ evlərini içərisini deyil, evlərin darvazalarını oğurlayırlar. Deyirəm axı, Paolo Pərvizin armatur zavodu niyə yarım gücü ilə işləyir, bu qədər darvaza haradandır ki?..
   
   
   
   Sizə əjdaha lazımdır?
   
   
   
   Ermənistanın prezidenti Robert Köçəryan açından-açığa deyir ki, Dağlıq Qarabağın Azərbaycana qaytarılmasından əlinizi üzün. Amma biz də dediyimizdən əl çəkmirik":: hələ sülh danışıqları limiti bitməyib. Yaxşı, gəlin danışaq. Robert deyir ki, "Dağlıq Qarabağ Sovetlər Birliyi dağılarkən müstəqilliyə qovşduğu üçün Azərbaycanın ərazi bütövlüyündən danışması yersizdir". Biz də deyirik ki, sülh danışıqları limiti bitməyib. Atalar da deyir ki, "söhbət dananı qurda verər".
   
   Müxalifətin bir qanadı deyir ki, Qərb seçkilər ərəfəsində İlham Əliyevin qarşısında şərt qoya bilər":: "Qarabağı ver, hakimiyyəti al!". Sadə məntiq bir az başqa şey deyir; hakimiyyət onsuz da İlaham Əliyevdədir. Bəlkə bu deyim müxalifətin həmin qanadı üçün tövsiyyə olub, hə, necə bilirsiniz?..
   
   
   
   Yaxşı, pis, absurd
   
   
   
   Deyir, Naxçıvanda eyvanlardan paltar asmağa qadağa qoyulub. Vallah, düz eləyiblər. Azərbaycandan kənara çıxanda hər evin balkonunda dövlətin bayrağını asırlar, bizdə tank çexoluna oxşayan alt paltarlarını. Danışanda da müsəlmançılıqdan, ədəb-ərkandan danışırıq. 8-ci kilometr Bazarının yanında çox yaraşıqla bir göydələn tikilib, adamın gözünü oxşayırdı. Bina deyəsən hələ tam istifadəyə verilməyib. Amma balkonların arasından artıq zivələr çəkilib və "bayraqlar" asılıb - kalqotqa, liftçik, tursik, tuman formalı "bayraqlar"... Şəxsən mən belə qadağanın tərəfdarıyavm, bir şərtlə ki, evlərdə paltar qurutmaq üçün yerlər düzəldilsin.
   
   Bir xəbər də verirlər ki, Babək rayonunda polis 3 nəfərdən artıq adamın bir yerə yığışmasına qadağa qoyub. Demokratiya-filan cəhənnəmə, polis bir şey bilməsə belə qadağa qoymaz. Amma pis olan odur ki, rəhmətə gedən olsa, tabutun bir tərəfi boş qalacaq. Görəsən tabutunun bir qıçı havada qalan ölünün cənnətə gedəcəyinə güman varmı?..
   
   "Bakıelektrikşəbəkə" ASC-nın sözçüsü Tanrıverdi Mustafayev deyib":: "Bakı və Abşeronda enerjinin fasilələrlə verilməsi borcların vaxtında ödənilməməsi ilə bağlıdır". ASC mart ayını "Borcsuz abonent ayı" elan etmək fikrindədir. Qorxuram mart "işıqsız abonent ayı"na çevrilsin. Çünki Bakı və Abşeron tam sayğaclaşmış regiondur və kiminsə borcuna görə işığın ümumi şəbəkəyə fasilələrlə verilməsi ən azından absurddur. Tanrıverdi Mustafayevin bu sözləri isə "Bakıelektrikşəbəkə"nin öz abonentlərinə olan iünasibətinin göstəricisidir.
   
   
   
   Bura Vətəndir
   
   
   
   Sərdar Cəlaloğlu Rəsul Quliyevi öz ADP-sindən çıxarıb. Rəsul Quliyev də deyib ki, "Sərdar bədbaxtdır" və o da Sərdar Cəldaloğlunu öz ADP-sindən çıxarır...
   
   Təhsil Nazirliyi daha müəllimləri attestasiya etməyəcək. ABŞ yolu ilə gedirik. Orada hər ştatda müəllimlər üçün lisenziya verən sərbəst bir təşkilat var. Müəllim hər beş ildən bir bu təşkilata müraciət edir və lisenziya alıb dərsini deyir. Bu "sərbəst" təşkilatı yaratmaq üçün ay qırğın-qiyamət düşəcək ha... Zarafat deyil, Azərbaycanda 400 mindən çox müəllim var, hər lisenziyanı da ən azı 100-cə manatdan hesablayanda babat pul eləyir ey...
   
   Bakıda fil əti tutuldu. Görəsən kilosunu neçədən satmaq istəyirlərmiş? Bilmirsiniz, filin ağ ətini hansı bazardan almaq olar? Amma filin xaşı da bəd olmaz ha...
   
   Görəsən Məmməd Araz "Mən belə dünyanın ..." misrasında nöqtələrin yerinə indi nə yazardı?..

TƏQVİM / ARXİV