"Şəxsən mən hazır, amma o çayın içinə 2 dənə də kartof atın..." -Əntiqə Rəşid yazır

Əntiqə RƏŞİD
2257 | 2023-06-13 16:31

Hamı bilir... Qardaş Türkiyənin qardaşcanlı lideri, II Qarabağ müharibəsində özünün maddi və mənəvi dəstəyi ilə xalqımızın məhəbbətini qazanmış Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı çox sevirəm.

Tək elə buna görə yox,Türk xalqlarını bir yerə yığmağına görə, türkün düşmənlərinə gücü çatdığı qədər təsir etdiyinə görə, İslamın yer üzündə genişlənməsinə görə, haqqın -ədalətin əlindən gəldiyi qədər bərqərar olmasını təşkil etməsinə görə, qardaş dediklərini düşmən qabağında heç vaxt müdafiəsiz qoymadığına görə ! Yadınıza gələr, aradan cəmi 2 il, 2il yarım keçib. Qonşumuz müsəlman İran Ermənistan Silahlı Qüvvələrinə qalib gəldiyimiz üçün az qala bizim sərhəddimizə , düşməndən azad olmuş ərazilərimizə qoşun yeritmək istəyirdi.

Zatən 44 günlük müharibənin ən qızğın günlərində İran Azərbaycanın suverenliyini kobud şəkildə pozdu , torpaqlarımıza daxil oldu. Bu isə ermənilərə imkan yaratı ki, müdafiədə möhkəmlənsinlər. Bu səbəbdən Zəngilan iki gün gec alındı və itkilərimizin sayı da çox oldu. Həmçinin, ermənilərə sərhədboyu kəşfiyyat məlumatları ötürdülər. Həmin vaxt fars qoşunlarının geri çəkilməsində də Türkiyənin əməyi az olmadı. Elə Bakıdakı paradda Ərdoğan bəyin məşhur “Arazı ayırdılar, qum ilə doyurdular” frazası da farsları yavaş silkələmədi. Azərbaycanın yanında olan Türkiyənin varlığını onun yadına saldı. Və ondan sonra İran gah quru sərhədlərimizdə, gah hava və su sərhədlərimizdə dəfələrlə əzələ nümayişi göstərdi amma heç vaxt konkret olaraq hücum həyata keçirməyə ürək eləmədi, cəsarət göstərmədi. Çünki Ərdoğan yanımızdaydı, Türkiyə bizimlə idi.


Uzun sözün qısası, Ərdoğanı sevirik, öl desə, (şəxsən özüm) ölərik. Yəni heç bir sözündən çıxmağa özümdə haqq da görmürəm.

 Ərdoğan qardaşımızın arzusu, diləyi və ... 


Bu gün Abimiz  Azərbaycanda dövlət səfərində olub. Prezident İlham Əliyevlə geniş tərkibdə görüşdən sonra mətbuata bəyanatlarla çıxış edib. Deyib ki, Azərbaycanda hər ailədə beş uşaq olmasını arzu edir: “İndi önümüzdə atılacaq addımlar var. Bu addımlar uğurla atıldıqca Azərbaycan daha da uğurla irəli gedəcək. Mən Türkiyədə əhalinin artımı üçün bir ailədə üç uşaq deyirəm, Azərbaycanda əhalinin artımı üçün isə hər ailədə beş uşaq deyirəm. Bunu bacardıqda, Azərbaycan daha güclü olacaq".


Vallah çox gözəl, çox pakizə bir təklifdi, tələbdi. Azərbaycan əhalisinin artması hamımızı məsud edər. Amma...
Yox e, bir lətifə danışım fikrim sizə çatsın: Deməli, günlərin birində rayonlardan birindən, Bakıya qohumlarıgilə qonaq gəlir. Ənənəvi olaraq “bakılı” rayonlu qonağı çox da sevincək qarşılamır, amma day neynəsin... Deyir keç icəri, xoş gəlmisən! Qonaq girir evə , keçib oturur stolun başında. Ev yiyəsi başlayır sual verməyə, qonaq cavablandırır: Flankəs, xəstə idi, noldu?, Bəhmənkəs toy elədi, uşağı var? Filankəsin qızı qoşulub qaçmışdı, hələ boşanmayıb ki? Qonaq verilən suallara cavab verir , arada birdə qarşısına qoyulmuş çaydan qurtum alır.


Ev yiyiəsi yenə suallar verir, amma adamın üstündə Allahı var, tez-tez də qonağın çayını yeniliyirmiş. Yazıq qonaq uzaq yoldan gəlib, yorğunluq bir yandan, aclıq da bir yandan, hələ ev yiyəsinin də bezdirici sualları bir yandan...
Sonuncu dəfə ev sahibi çayı yeniliyib qonağın qabağına qoyanda qonaq hikkəsini sıxıb saxlaya bilmir.Deyir sən Allah, o çayı gətirəndə onun içinə 2 dənə də kartof tulla...


Yenə də deyirəm: Ərdoğan qardaşımızın sözü bizə qanundu! Demir ki, əhalinin sayını artırmaq lazımdır? Artıraq də, nə çətin şeydi! Amma ordan bizim yekələrə də təklif versin ki, əhalinin sayını artırmaq üçün doğulacaq uşaqlara ”uşaq pulu”da kəsin! Yəni, çayın içinə 2 dənə də kartof atsınlar! Şəxsən mən hazır! Qardaşımın təklifi başım və gözüm üstünə!

Vallah, işsiz, karyerasız, pulsuz qalmış əhali, daha dəqiq valideynlər 2-3 ilə əhalinin sayını fantastik rəqəmlərə qaldırmasalar, heç  mən də heç mən deyiləm!

 

TƏQVİM / ARXİV