adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

SEVGİ ADASI

İRADƏ TUNCAY
51426 | 2011-04-09 07:28

Ay Allah, bıkdım-usandım bu nifrət vulkanı, qəzəb fırtınası, kin-küdurət selindən... Bezdim havası kurşun kimi ağır, bu tozlu şəhərin palçıqlı göz yaşlarından...
   
   
   
   Gedim, qaçım,
   
   uzaqlaşım...
   
   
   
   İndi telefonumun, fotoaparatımın yaddaşındakı şəkillərə baxıb da yazıram. Martın son günlərini xatırlayıb da yazıram.
   
   
   
   ***
   
   
   
   - Hara gedəcəyik?
   
   - Darıxma, bir yer tapılacaq.
   
   - Evdə qala bilmirəm, divarlar üstümə gəlir.
   
   - Darıxma, dedim.
   
   - Darıxmıram, sıxılıram...
   
   
   
   ***
   
   
   
   ... Türkiyə Cümhuriyyətinin səfirliyi Novruz kutlamaları yapır. Səfirliyin ziyafət zalında çoxu tanış simalardı. Necə deyərlər, "bomond". Hərə ilə bir-iki kəlmə danışa-danışa vaxt keçirirəm. Amma ağlımdakı yenə bayram tətilidi. Gedim, qaçım, uzaqlaşım... Və birdən:
   
   - Sabah uçuruq Kiprə, biletləri almışam - deyir pıçıltı ilə. Gözlərinə baxıram, deyəsən düzdü.
   
   - Kiprə?! Yır-yığış eləmək lazımdı axı.
   
   - Nə yır-yığış, heç nə götürməyə qoymayacam. Balaca bir çanta, vəssalam.
   
   - Hmm... (sən elə fikirləş, mən balaca çanta ilə səfərə getmərəm. Amma nə qəribə sürpriz oldu... Ah, bəyəfəndi, sizin belə məharətiniz də varmış, niyə göstərmədiniz bu 30 ildə?!) Yaxşı, gedərik, - deyirəm, daha doğrusu, mızıldanıram, amma indi, bax indi bayaqdan laqeydliklə seyr etdiyim ziyafətin bayram havası hopur içimə.
   
    Cənnət adası deyirlər Kiprə, amma yox, Sevgi adasıdı. Afrodita Kiprdə doğulub. Gözəllik və sevgi ilahəsi. Amma burda kədərli hadisələr də olub axı. Otello, Yaqo, Dezdemona... Kədərli heç nəyi xatırlamaq istəmirəm. Gəlirəm, İlahəm, gəlirəm!
   
   ***
   
   
   
   Trapdan keçib ayağımızı təyyarəyə qoyan kimi bayram tətilini dəyərləndirmək üçün Kiprə gedən vətəndaşlarımızın narazılığı başlanır. Məlum olur ki, 10-15 nəfərin minik talonuna eyni kreslo nömrəsi yazılıb. Bir xeyli dava-döyüşdən sonra (bu dava-döyüşə görə uçuş da bir xeyli səngiyir) hərə bir yer tapıb oturur. Reys çarterdi və Kiprin birbaşa hava sahəsi qapalı olduğundan Antalyada eniş etməyə məcburdu. Uçuşda ən zəhləm gedən enmək və qalxmaq olduğundan bu məni bir az rəncidə edir, ancaq neyləyəsən, könlü balıq istəyənin... Amma yanımdakı bəyəfəndiyə baxanda mən çox şükürlüyəm. Aqil Abbasın uçuş fobiyası var və bu fobiyanı yatışdırmağın da öz çarələri var. Bu dəfə çarədən istifadə etməyib, çünki söz verib ki, bir həftə alkoqolsuz-siqaretsiz həftə olacaq. Yanaşı kresloda oturan doktor Seyfəddin Əsəd (jurnalist Azər Ayxanın qayınatası, onlar da ailəlikcə bizimlə bir təyyarədə gedirlər) deyəsən onun həyəcanını hiss edir və söhbətə tutur. Ümumiyyətlə isə, təyyarədə də nə qədər tanış simalar var. Desəm ki, bundan xoşnud oldum, yalan olacaq. Səfərlərdə bizimkilərdən uzaq olmaq istəyirəm. Hələ ki, müyəssər olmayıb. Hansı istirahət məkanına getsən dincələnlərin 90 faizi bizimkilərdi. (Bəs deyirlər ki, millətin günü qaradı?) Üstəlik hələ xəbərsizəm ki, getdiyimiz yerdə başqa "bizimkiləri" də görəcəm.
   
   ... Stüardessa elan edir, "sərnişinlərin içində doktor varsa arxa sıraya yaxınlaşsın". Doktor Seyfəddin Hippokrat andını yerinə yetirmək üçün yerindən qalxır. Hər yarağı da üstündə. Az sonra qayıdır. Sərnişinlərdən birinin halı qarışıb, -deyir. - Antalya hava limanına xəbər veriblər. Ola bilər ki, ordan xəstəxanaya aparsınlar!
   
   (Kim bəxtəvərlik verib görəsən dallarınca? Hələ orda məni nə gözləyir - xəbərim yoxdu)
   
   Təyyarə Antalyada enir. Ambulans həqiqətən gözləyir və həkimlər həmən qalxırlar yuxarı. Deyəsən gedəsi olmadı bu vətəndaşımız, təbii ki, ailə üzvləri də...
   
   Təyyarə yenidən havalanır Kiprə doğru. Sağ-salamat gedib çatsam Cavanşiri arayıb bulacam orda. Cavanşir Quliyev orda dərs deyir axı. Neçə vaxtdı görmürəm. Tapacam, acı dili üçün darıxmışam... O Əqrəb, mən Əqrəb, sancarıq bir-birimizi.
   
   - Lütfən, kəmərlərinizi bağlayınız. "Ercan" hava limanına eniyoruz, Lefkoşada hava durumu...
   
   Gecikmələriylə-filanıyla təxminən 5 saat çəkdi uçuşumuz. Hə, bir də xəbərdarlıq edirlər - pasportlara möhür vurdurmaq lazım deyil, sizə ölkəyə daxil olduğunuz haqda bir arayış verəcəklər. Məlum - tanınmamış ölkəyə gedəndən sonra Avropaya təşrif buyuranda başlayırlar burunlamağa. Nə saxtakardılar e, bu avropalılar! Orda bilirsiz nə qədər ingilis gördüm?
   
   Ercan hava limanı kiçicik, amma çox səliqəli, təmiz bir yerdi. Gömrük, viza işləmləri tamamlanandan sonra nəhayət, açıq havaya çıxırıq və hər kəs neçə saatlıq ayrılıqdan sonra siqaretə sarılır. Bizi otellərimizə aparacaq avtobuslar burdadı, ordan adlarımızı, gedəcəyimiz otelləri soruşub yerləşdirirlər. Bu arada hündür, sarışın, görkəminə görə turistləri qarşılayan bələdçilərdən çox-çox fərqlənən birisi toplaşdığımız yerə yaxınlaşır:
   
   - Akil Abbas bey kim?
   
   Aha, burda da tanıdılar beyefendini. Xahişlər, filanlar olmayacaq ki, görəsən? Təvazökar xasiyyətləriylə də çox məşhur olan Aqil Abbas deyəsən tanınmağından heç məmnun deyil, heç...
   
   - Merhaba, sayın Millət Vəkili, ben sizin kalacağınız otelin sahibiyim, sizi arabamla götürəcəyim. Valizləriniz kalsın otobüsdə.
   
   Arabaya əyləşirik, qaranlıq çökmüş Lefkoşadan ayrılıb Girnəyə üz tuturuq. Sükan sağdadı və yolboyu özümü çox narahat hiss edirəm. Mənə elə gəlir ki, bax elə bu dəqiqə qarşıdan gələn maşınlar bizə çarpacaq. Kipr neçə illər ingilis yönətimində yaşayıb, yol hərəkəti qaydaları da burdan qaynaqlanır.
   
   - İlk defamı Kıbrısa gəlişiniz?
   
   - Əvət.
   
   - Şimdi karanlıq, ama ben anlatalım bir azacıq istərsəniz. Girnə Lefkoşadan yaklaşıq 30 km uzaklıkda. Gözdə tətil məkanlarından birisi. Yolumuzun sağında Beşbarmaq dağları, solunda Akdəniz. Nüfusu 60 bin kadar olar. Güzel kalesi var tarihi. Umarım, bəyənirsiniz.
   
   - Siz Kıbrıslımısınız?
   
   - Yoo, ben Türkiyədən gəldim.
   
   - Məmləkət nərəsi?
   
   - İstanbulda doğdum-büyüdüm, amma dədələrim Diyarbakırlı.
   
   - Kürdsünüz?
   
   - "Hayır" deyəməyəcəm, karışıqlıq var əlbət. Bir dönəmin iç işləri bakanı vardı Türkiyədə Abdulkadir Aksu - o benim akrabam.
   
   (Bu Abdulkadir Aksunu mən Ankarada Tuncayın məzuniyyət törənində yaxından görmüşdüm, çıxışına da qulaq asmışdım. Neçə ilin naziridi - danışığı dəyişməyib. Təmiz kürddü. Bir də görürəm ki, buralarda da "nazir" sözü keçmiş olsa da böyük önəm daşıyır).
   
   Sayın millət vəkili Bora bəylə siyasi mükaliməyə girişib "bəsləmə" krizindən, Kiprlə Türkiyə arasında yaşanan gərginlikdən, ada sakinlərinin maddi durumundan, türklərlə rumların mücadiləsindən, yalnız hərbiçilərin daxil ola biləcəyi "yasak" şəhərdən danışır, Of, ay aman, burda da siyasət? İstəmirəm, mən də özümə yasak qoymuşam - nə savaş, nə konflikt, nə qarşıdurma. Yalnız və yalnız Sevgi. Afrodita, mən gəldim!
   
   ... Yol uzunu işıqları alışıb-yanan kazinolar çıxır qarşımıza. O ölkələrdə ki, qumara qadağa qoyulub, həmin ölkələrin qanunsevər vətəndaşları gəlib burda xərcləyirlər pullarını. Nə qədər adamın evi yıxılır bu kazinolarda... Stop! Sənə nə var bu yıxılmalardan, qız! Yasak, yasak, yasak! Ancaq müsbət emosiyalar - bax, dəniz də göründü, parıldayır ay işığında. Yakamoz - ayın dənizdə yansıması.
   
   ... Aha, bu da otelimiz Akapulka. Nə böyük sahəsi var. Bora bəy bizi öncə resepsiona aparır, oteldə qeydiyyata alınırıq. Hollda oturmuş insanlara göz gəzdirirəm - çox mozaik mənzərədi, sarışın avropalılar, qaraşın...
   
   - İrandan çox insan gəliyor Kıbrısa,- deyir otel sahibi.
   
   Hə də, orda da bayramdı axı. İlk təəssüratım məni bir az çaşdırır deyəsən. Yəqin yorğunluğumdandı. Gözümə bir az ayrı cür görünürlər. Şam üçün gec olsa da acından ölürəm, zatən təyyarədə də salatdan başqa bir şey verməmişdilər. Yeməkxanada bir azacıq atışdırandan sonra odamıza aparırlar bizi. Dedim axı, otelin ərazisi çox böyükdü, içində açıq - yay avtobusu işləyir. Lap marşrut avtobusu kimi.
   
   Yorğunam, çox yorğunam. Sabah ayılan kimi çarıqlarımı ayağıma keçirib düşəcəm adanın canına...
   
   (Ardı var)

TƏQVİM / ARXİV