ANKARA SAVAŞI - İradə TUNCAY yazır

İRADƏ TUNCAY
5741 | 2023-06-04 09:17

Ankarada dəfələrlə olmuşam, amma bu dəfə niyəsə məndən neçə əsr əvvəl buralara gəlmiş, buraları viran qoymuş Əmir Teymuru xatırladım... Yəqin siyasi durum öylə idi və hər dövrün öz Əmiri var... Və özünü xatırladır. Seçkilər də savaş kimi bir şeydi və müşahidə etdikcə çox da dəyişməyən bir tarixi izləyirsən...

Və mayın 29-da mən yenə yeni tarix izlədim...

1299 və 1922 - rəqəmlərə fikir verin, bir-birini təkrarlayır. Bu, Osmanlı imperiyasının quruluş və çöküş tarixinin rəqəmləridir. Rəqəmlərin mistik bağlantısını qoyaq bir tərəfə (amma yəqin burda da nəsə var), 623 illik dövrdə dövlətin başına 36 padşah keçdi. Bu hökmdarlar fərqli özəlliklərə sahib idilər. Çox qiymətli dövlət yönəticiləri, qüdrətli sərkərdələr də vardı, qadın, içki, ov düşkünü olanlar da. Ruhi xəstələr də, uşaqkən taxta çıxarılanlar da vardı. Bir həftə, bir ay, bəzən 46 il hakimlik eləyənlər də vardı. Yaxşı-pis, doğru-yanlış, bu, tarixdi. Qüdrətli bir dövləti bu gün asılı duruma gətirmiş tarix. Bəzən 500 il əvvəl verilmiş yanlış bir qərar bu gün topa dönüb məmləkətin tifaqını viran qoyur.

Ancaq hər kəs ağıllı olsaydı, hər kəsdən doğru-dürüst addımlar görsəydik, bu gün cahanda KAMALIN uğurlarını bayram edərdik, kemalın intriqalarını yox….

XIV əsrin başlanğıcında Səlcuq imperiyasının dağılması Anadoluda bir çox kiçik dövlətləri müstəqil hala gətirmişdi. İstəmədən, gözlənilmədən gələn müstəqillik (eynən müasir tarix) özüylə bəzi zorluqlar da gətirmişdi. 1299-cu ildə bağımsızlığını elan edən Oğuz boylarına mənsub Osman bəy döyüşkən, əzmkar və bölgədəki siyasi durumu düzgün qiymətləndirə bilən birisiydi. Və zaman göstərdi ki, Osmanlıların tarix səhnəsinə çıxışı təsadüf deyildi. Bu dövlət daha öncəki Türk-İslam dövlətlərinin mədəni-siyasi irsi üzərində qurulmuşdu.

Dövlətin birinci şəxsi "padşah" adlanırdı. İlk vaxtlar "bəy" və "qazi" ünvanlarından da istifadə olunub. "Xan", "xaqan", "hünkar" da deyilib.

"Sultan" ünvanından isə ilk dəfə I Murad istifadə edib. Yavuz Sultan Səlimin Misir səfərindən sonra isə bunların üstünə "xəlifə" adı da gəlib.

Bütün hakimiyyətin bir nəfərin əlində cəmləşməsi dövlətin yönətim şəklini də müəyyənləşdirmişdi. Dövlət tam bir mərkəziyyətçiliklə idarə olunurdu. Bütün bölgələr mərkəzdən yönətilir, icraedicilər mərkəzdən göndərilirdi. Ailə içindəki bütün oğlan uşaqları taxt üzərində eyni haqqa sahib idilər. Və bu səbəblə XVII əsrin başlanğıcına qədər kimin hakim olacağına dair müəyyən bir qayda yox idi. Məhz bu səbəb xanədan içində bir çox qanlı olaylara rəvac vermişdi. Kimin taxta çıxacağını dövlət adamları, üləmalar və əsgərlər tənzimləyirdilər. Burda heç şübhəsiz saray intriqaları önəmli, həlledici rol oynamaqda idi. Osmanlının qürub vaxtlarında isə kimin sultan olacağını hərəmxanada müəyyənləşdirirdilər. Qadın böyük qüvvədir və öz istədiyini yeritməyə qadirdir. Hər hansı bir kişi, hətta sultan olsa belə qadınına qulaq asır. Bunun əksini iddia edənlər gözünün içinə qədər yalan danışır.

Osman və Orxan qazilərdən (yəni sultan) sonra demək olar ki, bütün Osmanlı sultanlarının anası türk deyil. Deyək ki, o vaxtlar dövlətlərarası nigahlar dövrün normal mənzərəsi idi. Amma bunun acı nəticələri sonra özünü göstərməyə başlayacaqdı.

Xanədanın üçüncü hökmdarı "Xudavəndigar" ləqəbli I Sultan Murad (İldırım Bəyazidin atası) böyük müharibələrə başladı. Təşvişə düşən serblər, albanlar, xorvatlar sultana qarşı birləşdilər (indi yenə bir-birini qırırlar) və bu aralarda adı tez-tez hallanan məşhur Kosova ki var, sultan orda öldürüldü. Türk mənbələrində "şəhid edildi" yazırlar. Amma ruslar "millətsevər Miloş Obiliç qəhrəmanlıqla xain düşməni öldürdü" deyirlər. Ancaq dəxli yoxdur, həmin ərazilər Osmanlının torpaqlarına qatıldı. Atasının öldüyü gün taxta çıxan və savaşlarda qazandığı uğurlara görə "İldırım" ləqəbi ilə tanınan I Bəyazid səltənət, taxt davalarını önləmək üçün böyük qardaşı Yaqub bəyi öldürtdü. İldırım Bəyazid imperiyanın ərazisini bir xeyli genişləndirdi: Bolqarıstan, Bizansın böyük bir hissəsi, Anadolunun müstəqil bəylikləri, Ağqoyunlu dövləti ona tabe edildi. Ancaq Bəyazidin əsas planı Konstantinopolun fəthi idi. Sən saydığını say...

1402-1413-cü illəri Osmanlı tarixçiləri Fetret dövrü (dövlət avtoritarizminin qurulduğu zamana qədər keçən dövr) adlandırırlar. İldırım Bəyazid Ankara savaşına gedəndə özüylə beş oğlunu da aparmışdı. Süleyman, İsa, Mehmet, Musa və Mustafa Çələbilər ("çələbi" şahzadə mənasını verir). Məğlubiyyətdən sonra iki şahzadəni Teymur əsir aparmış, o birilər isə hərəsi bir şəhərdə öz padşahlığını elan etmişdi. Uzun sürən hakimiyyət davasında qardaşlar bir-birini öldürdülər və sonda tək qalan Mehmet Çələbi taxta çıxdı, itirilmiş torpaqları qaytarmağa çalışdı. I Mehmet adıyla hökmdarlıq edən sultana Osmanlı dövlətinin ikinci qurucusu da deyirlər. Sultan Ankara savaşının yaralarını sağaltmaq üçün bir ömür xərclədi və cəmi 42 il yaşadı. Bəzi mənbələrin yazdığına görə, yenə zəhər olayı vardı bu işdə. Onun yerinə keçən Sultan II Murad tarixdə elə bir iz qoymadı.

Tarix səhnəsinə II Mehmet çıxdı. Bəlkə də gələcəkdə olacaq hadisələr olmasaydı bu sultan da şeir, musiqi, memarlıq sevən, ədalətli bir padşah kimi anılacaqdı. Amma 49 il ömür sürən və iki dəfə taxta çıxan bu sultana tarix başqa ad verəcəkdi...

Orta Asiyada bir qüdrət baş qaldırmaqda idi və bütün xristian dünyası gözünü qırpmadan ərzin sahibi olan bu iki böyük türkün savaşını gözləyirdi. Gözlənilən oldu - 1402-ci ildə Ankara yaxınlığında iki böyük ordu üz-üzə gəldi. İldırım Bəyazid əsir alındı. Səkkiz ay Anadoluda qalan Əmir Teymur getdiyi hər yerə Bəyazidi də aparırmış. Bəzi qaynaqlara görə, son dərəcə qürurlu bir adam olan Bəyazid aşağılanmağa dözə bilməyib, üzüyünün içindəki zəhərlə intihar edib.

Amma dərddən də ölə bilərdi. Mühüm olan bu deyil, əsas nəticələrdi:

1. Balkanlarda torpaqlar itirildi. Arnavutluq (Albaniya) tərk edildi.

2. Çökməsi gözlənilən Bizans bu savaşdan sonra bir az da şans qazandı.

3. Anadolu-Türk birliyi pozuldu.

4. Əmir Teymurun geri çəkilməsindən sonra İldırım Bəyazidin oğulları arasında taxt-tac ixtilafları başladı.

Bu bizim babalarımızın tariximizdə qoyduğu izlər. Ankara savaşından sonra Avropa da, Rusiya da böyük sürətlə dirçəlməyə başladılar.

 

 

 

  • Noyabr:
  • 1

TƏQVİM / ARXİV