adalet.az header logo
  • Bakı -°C
24 Iyun 2026 10:24
117
ƏDƏBİYYAT
A- A+

“Sən məni gözəl sev, çox sevmə, qəti!..” - Esmira İsmayılova yazır

 İstedadlı yazar, Prezident təqaüdçüsü Banu  Müherremin (Banu Məhərrəm) bu yaxınlarda  çap olunmuş “Yar Adam” kitabı xanım şairənin incə, zərif duyğularının,  özü demiş, gülxətmi ətirli xatirələrinin şeirə dönmüş pannosudur.  Banunun şeirlərinin gözəlliyi sadəliyində, çəkiciliyi təbiiliyindədir. Şeirlərinin dili o qədər axıcıdır ki, kitabı nə vaxt oxuyub bitirdiyini belə hiss eləmirsən. Şərq poeziyasında əksər qadın şairələrin içində gizlətdikləri mübhəm, mərhəm duyğularını belə açıb tökür ortaya, qəlbində nə varsa- rəngsiz, boyasız, olduğu kimi sətirlərə tökmək cəsarəti var  gənc şairə xanımda. Bir az da üsyankarlıq:

Sevmək islada bilmir könül ağrılarını,
Şeirdə azdırıram, yalan nağıllarını,
Allah öldürür axı, yerin tanrılarını,
Səndən öncə ölərəm, dünya dardı bildiyin...

İsti yay günündə başınızı qaldırıb səmadakı ağ, mavi, pəmbə buludlara diqqət etmisinizmi? Yazda açılan süsən çiçəyinin  zərif qoxusunu necə,  sinənizə çəkmisinizmi? Yağışdan sonra yaranan göy qurşağının al-əlvan rənglər palitrası diqqətinizi çəkibmi?

....Banunun  şeirlərində bunların hamısı var:

İndicə sənə doğru..
Sənə tərəf yol aldım..
gözümü dəmə qoydum.
Bir azca maraqda qal- 
Göy üzü tutulacaq. 
Sevincimdən bu gecə
sizə yağış yağacaq.

Bir sevgidən nəm alan vüsal yağışında keçmişə dönməyi, damcıların sayı ilə niyyət tutan yeniyetmə olmağı, lap elə islanmağı elə arzuladım ki... Amma sevən  tək sevinc yağışından islanmır axı..Sevginin tərs- həsrət, hicran üzü də var-rəngi dəki sapsarı:

Gülüşümün rəngi sarı,
Göndər yarı mənə sarı.
Məni ürəyimdən sarı,
Məndən belə pər-pərişan
Keçirsənsə keçmə,Allah
.

Ofsunmudur, öncəgörmədirmi-ilahidən gələn bu sevginin nakamlıq cəzasının ağır olacağına nədən bu qədər əmindir Banu xanım?

Hər kəs itirməyi öyrənir bir gün,
Sən məndə itəndə geri dönərsən.
Gözünü yumarsan, açarsan o gün,
Özünü gözümdə ölü görərsən.

Məhəbbət mövzusunda bütün sevənlər yazıb, yazır...Yeni doğulan sevgilər yeni duyğulara, yeni şeirlərə çevrilir. Sevgi şeirlərində Banu təkrarsızdır. Özünün orijinal deyimi, sevgisinin izhar tərzi var: “Sən məni gözəl sev, çox sevmə qəti!” gənc şairənin sevgi kredosudur sanki:

Qan qrupum mənfi iki, nə fərqi,
Ha mən soyuq, ha sən soyuq- alınmır!
İsti- isti  gəl görüşək, danışaq,
Soyuq-soyuq ayrılıqda alınmır.

Banu Müharremin məhəbbəti ölçüsüzdür, hədd, əndazə, sərhəd tanımır, bütün maneələri aşıb keçir:

Mən sevginin soyuğundan qorxuram,
Sən gəlməsən sevgilərin istisinə küsəcəm.
Nə olsun ki, mən yetişkin, olğunam
Sən geciksən qırmızıda  keçəcəm.

Kitabda maraqla oxunan şeirlərindən biri -“Məsələ 10-da deyil”- məna yükü, orijinal deyim tərzi ilə diqqət çəkir:

Kimsənin sığmadığı ürəyimə sığırdı. 
Mən bir 10 rəqəmiyəm, onsuzluq da sıfırdı.
Hamını yığ, vur  ona. Cavab yenə  sıfırdı.
Məsələ  10-da  deyil.

Kitaba Ön söz yazan Xalq şairi Vahid Əziz Banu Mühərrəmin yaradıcılığını təhlil edərkən şeir dilini yüksək qiymətləndirir: “Gənc şairə Banu xanımın şeirləri çox xoşuma gəldi. İfadə tərzi sadə və orijinaldır.Ana dilini mükəmməl bilir və xalq deyimlərindən, şifahi ədəbiyyat nümunələrindən məharətlə istifadə edir”:

Nə bahardı, nə qışdı, 
Qışa yaxın sonbahar, 
Qorxmursanmı əlindən, 
Məni alıb aparar.
..

Şair Ayaz Arabaçı Ön sözündə  “Banu şeirlərini sözlərlə yox, hisslərlə yazır.Onun hissləri sözə sığmır, səssiz ağlayır, ad istəmir. Bu şeirlər mənə sübhəyaxın qaranlığı yaran ilk işıq zolağını xatırladır” deyir:

Dişimlə didişdirib öz ətimi yeyərkən,
Bir gün ölmək istədim lazım zamandan erkən.
“Ümidlərim tükəndi, çarəm bitdi” deyərkən,
Bir könülə sığındım, bir divardı, dam deyil.

“Ay göyə yıxılıb, sən ürəyimə”, “Ən tükəndiyim yerdə, sən uzaqdan gör deyə, məni məğrur gəzdirir qəlbimin sınıqları...”. “Yar Adam”da belə uğurlu deyimlərin çox olması gənc şairənin gələcək uğurlarından xəbər verir. O ki qaldı kitabın adına, “Yar Adam” ın çox yozumu var-yarı adam, yarısını gəzən, ruh əkizini axtaran, tanrısı ilə bütövləşməyi arzulayan, yaradanın yarıtdığı adam...

Xəbərlərdə dedilər ki,
-“gözəl günlər qabaqdadır, vaxta var!”.
Uzaqlara bu gecə qar yağacaq.
Sonra  hava açılacaq,Yenə günəş doğacaq..
Amma.. amma hələ var...

Esmira İsmayılova
Filologiya üzrə fəlsəfə doktoru, dosent.