adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
29 Iyun 2022 16:13
447
GÜNDƏM

Şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına edilən dələduzluq halları – Son 2 ildə...

Bilmirəm dövr-zaman pis gəlib, yoxsa insanlarda mənəviyyat cılızlaşıb, hələ də anlamaqda güclük çəkirəm.

Başqa cəmiyyətləti deyə bilmərəm bizdə ŞƏHİD, QAZİ, MÜHARİBƏ İŞTİRAKÇISI müqəddəs məvhumdur. Məncə və mənim kimi düşünən böyük qisim üçün bu belədir.

Amma cəmiyyətimizdə elə mənəviyyatca şikəst, ruhən cılızlar var ki, məlum zümrənin müqəddəs olduğunu anlamaqda çətinlik çəkir, onların, eyni zamanda onların əzizlərinin güvəninə zərbə vururlar.

44 günlük Vətən Müharibəsindən sonra bu tip mikrobların sayı artmaqdadır.O mikrobların bir neçə “uğurlu” fəaliyyətini sizə xatırlatmaq istəyirəm.

Xatırladaq ki, dəfn edilməsinə baxmayaraq, anası Rəna Məmmədova övladının bəlkə də dünyasını dəyişmədiyi xəyalına qapılaraq falçıya müraciət edib. Falçı İ.Məmmədovun ölmədiyini, Ermənistanda əsirlikdə olduğunu bildirib. Sonradan falçının oğlu İxtiyar Orucov və şəhidin yaxın qohumu Balaxan Hüseynlinin ünsiyyətləri yaranıb və onlar əlbir olaraq şəhidin ailə üzvlərinə dövlət tərəfindən ayrılan pulu, eləcə də onların əlində olan əlavə maddi vəsaitləri dələduzluq yolu ilə ələ keçiriblər. Belə ki, onlar şəhidin fotolarını montaj edərək sağ olmasını əks etdirən şəkillər hazırlayıblar. Hətta qrimlə Balaxan Hüseynlinin şəhidə bənzədilməsinə nail olublar. Onlar şəhidi Gürcüstan vasitəsilə Azərbaycana gətirəcəklərini vəd edərək R.Məmmədovadan 26 800 manat alıblar.Şəhid İsa Məmmədovun anasına övladının sağ olduğunu deyib aldadaraq pullarını mənimsəyən şəxslərlə bağlı istintaq yekunlaşdı və falçı həbs edilmədi.

Daha sonra analoji hadisə Vətən Müharibəsi şəhidi Murad Kəlbiyevin anası Rübabə Kəlbiyevaya qarşı törədildi. Bakı şəhər sakini İlham Abdullayev şəhid anasını aldadaraq 11 min manatını ələ keçirməkdə ittiham edildi. O, R.Kəlbiyevaya vəd verib ki, oğlu Muradın adını yaşadıqları Qusar rayon Cibir kənd orta məktəbinə verdirəcək. İlham Abdullayev pulu şəhid anasından iki dəfəyə alıb.

Onun dələduzluq əməli ilə bağlı Qusar Rayon Prokurorluğunda cinayət işi başlanıb və baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Ötən il Tovuz rayonun Yuxarı Öysüzlü kənd sakini, 45 yaşlı Mahal Qurbanov həbs edildi. Saxlanılan şəxs 2020-ci ilin may ayında Vətənin müdafiəsi uğrunda şəhid olmuş hərbi qulluqçunun ailəsi ilə əlaqə saxlayıb, onun valideynlərindən şəhidin sosial sığortası üçün ayrılmış vəsaiti nağdlaşdırmaq üçün 10 000 manat pul tələb edildiyini bildirib və beləliklə özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib.

Daha sonra həmin rayonun Xatınlı kənd sakini Əhməd Əhmədov və onun qardaşı, “qaynar-xett.az” saytının təsisçisi Zaur Əhmədov Vətənin müdafiəsi uğrunda şəhid olmuş hərbi qulluqçunun ailəsi ilə əlaqə saxlayıb, valideynlərindən şəhidin sosial sığortası üçün ayrılmış vəsaitin miqdarının artırılması, adının əbədiləşdirilməsi, barəsində kitab və jurnallar dərc edilməsi, habelə yerli televiziya kanallarında verlişlər hazırlanacağını bildirərək hissə-hissə olmaqla ümumilkdə 1850 manat pulu aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçiriblər.

Tanınmış pəhləvan Nurəddin Beyləqanlıya qarşı cinayət işi başlanıldı. İttihama səbəb onun müharibə veteranı, ikinci qrup əlil və şəhid qardaşı olan Alışov İlham və onun qonşusuna onların etibarından sui-istifadə edərək təxminən 20 min AZN ziyan vurması olub.

Şəhid ailələrinə qarşı dələduzluqda ittiham olunan Fərid Abdinovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. O, xəstə övladı olan insanlardan, o cümlədən, şəhidlərimizin həyat yoldaşlarından müxtəlif məbləğlərdə pul alaraq, onlara müxtəlif vədlər verib, onların etibarından sui-istifadə edərək külli miqdar vəsaitlərini ələ keçirib. Bundan başqa, MİDA-dan mənzil almağa kömək edəcəyini vəd edərək, vətəndaşdan 18000 AZN pul alıb.

Bu məlumatlar baş verən hadisələrin kiçik bir hissəsidir.Gələn dəfəki yazımızda dövlət qurumlarında ŞƏHİD, QAZİ, MÜHARİBƏ İŞTİRAKÇISI-larına qarşı münasibətini işıqlandıracağıq.

Əntiqə Rəşid