13 May 2025 11:08
109
GÜNDƏM

"Saxta yollarla tələbə adını qazanan şəxslərə asanlıqla viza verilir" - Deputat

“Transsərhəd insan alverinə qarşı mübarizə ilə bağlı yeni çağırışlar var. Əvvəlki ilə müqayisədə turistlərin sayı indi daha çoxalır. Xüsusilə Azərbaycana gəlmək üçün viza şərtləri asanlaşdırılıb. Bundan istifadə edən transmilli cinayətkar qüvvələr var ki, onlara qarşı mübarizəni gücləndirməliyik".

Adalet.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatının müzakirəsi zamanı deputat Naqif Həmzəyev deyib.

"Bəzən tələbələr xaricdə oxumaq üçün viza ala bilmirlər. Lakin saxta yollarla tələbə adını qazanan, əslində başqa məqsədlə Avropa və digər ölkələrə getməyi planlaşran şəxslərə isə asanlıqla viza verilir. Yəni, əziyyət çəkənlər kənarda qalır. Bu məsələlərdə koordinasiya mütləqdir. Bununla yanaşı, maarifləndirmə işlərini biz gücləndirməliyik. Azərbaycanın ucqar kəndləri, hətta kəndlərdən kənarda olan ferma təsəsrrüfatları var ki, orada çoxlu sayda insanlar yaşayır. Onların bəlkə də televiziyaya, mediaya çıxışı olmasa da, əllərində smartfonlar var. Onlar sosial şəbəkələrdən aktiv istifadə edirlər. Düşünürəm ki, cinayətkarlığın qarşısını almaq üçün sosial şəbəkələrin özündə maarifləndirmə işlərini aparmalıyıq. Qurbanları biz vaxtında aşkarlaya bilmirik, ya da aşkarlasaq belə lazımi dəstək verə bilmirik. Bu problemi hələ də həll edə bilmirik. Çünki qurbanlar çox vaxt baş vermiş hadisəni gizlədirlər”, - deyə deputat bildirib.