10 Noyabr 2022 11:42
1396
LAYİHƏ

“Şanlı Zəfərin təməli: xalq-dövlət-ordu birliyi” adlı tədbirlərin təşkili

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə İnnovativ İdeya və Təşəbbüslər ictimai birliyi “ŞanlıZəfərin təməli: xalq-dövlət-ordu birliyi” adlı tədbirlərin təşkili layihəsini icra edir.

Layihənin məqsədi yeniyetmələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, Vətən oğullarının qəhrəmanlığı, şücaəti sayəsində torpaqlarımızın tarixi sahibinə qovuşması və işğalçılardan təmizlənməsi, 44 günlük İkinci Qarabağ savaşının reallıqları, işğaldan azad olunmuş ərazilərimizdə aparılan quruculuq-bərpa işləri, həyata keçirilən uğurlu siyasət nəticəsində ölkənin və bölgənin gələcək dayanıqlı inkişafı haqqında məlumatlanmasıdır.

Sumqayıt şəhərində keçirilən tədbirlərdə qeyd edilib ki, Ali Baş Komandanın səriştəsi, ordumuzun gücü, şəhidlərimizin canı, qazilərimizin qanı bahasına qazanılan şanlı Qələbəni xalqımızın ən parlaq səhifəsi və zəfəri kimi hər bir yeniyetmə bilməlidir. Öz tarixini bu möhtəşəm Qələbə ilə şərəfləndirən Azərbaycan xalqı bütün dünyaya yenilməz gücünü, haqqı uğrunda mübarizə aparmaq əzmini nümayiş etdirdi. Yeni nəsil də bu tarix və şanlı Qələbəmiz haqda tam məlumatlı olmalıdır.

Azərbaycanın tarixi ərazilərinin 30 ilə yaxın müddətdə işğal altında qalması çağdaş dövrümüzün ən böyük ədalətsizliklərindən biri idi. Torpaqlarımızın təxminən 20 faizi Ermənistan tərəfindən zəbt edilmişdi, bir milyondan çox azərbaycanlı öz dədə-baba yurdundan didərgin salınmış, qaçqın-köçkün həyatı yaşamaq məcburiyyətində qoyulmuşdu. Bütün bunlar sivil dünyanın gözü qarşısında baş versə də, dövlətlərin ərazi bütövlüyünün pozulmasının yolverilməzliyi ilə bağlı beynəlxalq konvensiyalar kobud şəkildə tapdalansa da, həmin sənədləri qəbul edən təşkilatlar susqunluq, laqeydlik, biganəlik nümayiş etdirirdilər, işğalçını öz adı ilə çağırmaqdan uzaq olurdular.

Ermənistanın işğal siyasətinə göz yumulması, ayrı-ayrı dövlətlər və təşkilatlar səviyyəsində biganəlik əslində məqsədyönlü xarakter daşıyırdı. Məqsəd zaman ötdükcə Azərbaycanın işğalla barışdırılması, tarixi torpaqlarımızda erməni dövlətinin yaradılması olubdu. Lakin bu illər ərzində Prezident İlham Əliyev Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaradılmayacağını və ərazilərimizin işğaldan azad olunacağını daim bəyan edirdi. 2020-ci ilin Vətən müharibəsində isə İlham Əliyev öz vədini qətiyyətlə yerinə yetirdi, dövlət başçısı, Ali Baş Komandan kimi tarixi missiyasını layiqincə icra etdi. İndi Zəfər qazanmışıq və qalib xalqıq. Gənc nəsil Zəfərə qədər gəldiyimiz yolu və bu yoldakı yaşadığımız çətinlikləri yeni nəsil bilməlidir və unutmamalıdır.