İki peşənin bir bayramı - Pərvanə Bayramqızı yazır
Birbaşa mətləbə: heç bir peşə sahibinin nöqsanını, etdiyi rəftarı, ədalətsizliyini deyə bilmirsən, dilə gətirən kimi saxta təəssübkeşlər hücuma keçir, səni ittiham edir, üzünə dururlar ki, müxalifətdənsən.
Kasıb xəstəyə yuxarıdan-aşağı baxan yekaxana, laqeyd həkimdən danışırsan, acıqlanıb həkimliyin müqəddəs peşə olduğunu izah edir, özlərinə qayğı göstərmiş həkimdən gördüyünü danışıb səni yalançı çıxarmağa çalışırlar. İmkan vermirlər deyəsən, ay adam, bütün həkimlər eyni olmur ki. Peşəsinə layiq olan da var, olmayan da. Guya pis hallar yoxdur? Özümdən çıxarıram?
Pulsuz adamı müayinə etməyə həvəsi olmayan həkim görməmisiniz?
Əlbəttə, deyəcəksiniz, bir-iki nəfərlə ölçülmür, bax elə mən də onu deyirəm də. Bir-iki layiq olmayan peşə sahibini tənqid etmək bütövlükdə hamısını və o peşəni pisləmək deyil. Sözün hansı məqsədlə deyildiyini anlamırsınız, üstəlik məni günahkar çıxarırsınız.
Müəllimin şagirdi alçaltmasından danışırsan, hamı müəllimi müdafiə edib səni haqsız çıxarır, halbuki həmin adamların uşağına müəllim bircə çırtma vursa həyasızlıq edər, məktəbin altını üstünə çevirərlər.
Bir dəfə manşetə çıxarılan xəbər insanları sarsıtmışdı: polis arvadını öldürüb.
Hadisədən əvvəl həmin polisdən danışsaydın ki, əsəbidir, adi mübahisədə belə tez özündən çıxıb təhlükəli olur, səni daş-qalaq edər, polisə qarşı pis münasibətdə olduğunu deyərdilər. (Ailə məsələlərini kənara qoyaq, mövzuya uyğun fikir yazaq) Bəziləri anlamır ki, yüz nəfər vicdanlı, nümunəvi polisin arasında bir məsuliyyətsizinin, hirslisinin də olması mümkündür, çünki hər peşə sahibi ən birinci insandır, insan da robot deyil, hər kəsin hadisələrə reaksiyası olur. Polis də sevinə, kədərlənə, təəccüblənə, qəzəblənə bilir. Qonşu-qohumda hirsli, yaxud tənbəl oğlan uşaqları görürük, bir gün polis olduğunu bilirik və qısa müddət sonra ona etimad göstərib işlə təmin edənləri yarıtmadığından işdən çıxarıldığını eşidirik. Əlbəttə, təsadüfi adamlar hər peşədə olur, ədalətli rəhbərlik də düzgün qərar verərək tədbir görür.
Qız uşaqları tanıyırıq, ərköyün, aqressiv, hətta paxılları da olur, amma dərslərini yaxşı oxuyur, təhsil alıb müəllim olur. Kollektivdə və şagirdlərlə davranışında aqressiyasını sezdirir. Həm şagirdlərin, həm də müəllim yoldaşlarının zəhləsini tökməyi uzun çəkmir. Sən də durub beləsinin rəftarından yazanda üstünə hücum çəkirlər ki, müəllimlik peşəsini pisləyirsən. İzah edə bilmirsən ki, peşəni pisləmirəm, peşəni davranışları ilə gözdən salanları təsvir edirəm.
Təxminən iyirmi iki-iyirmi beş yaşlı subay qız uşağı sinif rəhbəri idi. Yaşını, subay olduğunu ona görə vurğulayıram ki, hələ dünyanı yorub-yola salmayıb, amma çətin xarakterli yaşlıdan betərdir. Əsəbi idi, şagirdlər qorxurdular, hətta ağlayanı da, məktəbə getmək istəməyəni də vardı. Valideynlər yığışıb ondan xahiş etdilər ki, uşağımız həyəcan keçirir, belə gərginlik yaratmayın. Müəllimənin — gənc qızın cavabı hələ qulaqlarımdadı: mən beləyəm, xoşuna gəlmir, uşağını sinifdən çıxar.
Nəticə necə oldu? — Müəllimənin özü kimi əsəbi valideynlər şikayət edib onu sinif rəhbərliyindən çıxartdırdılar.
Hansı peşədə olursa olsun, vicdansız, məsuliyyətsiz adam var, hamınız bilirsiniz, amma bunu başqasından eçidəndə təəssübkeşə çevrilir, əsl düşüncənizi gizlədib humanist rolu oynayırsınız. Üstündən bir müddət ötəndən sonra həmin fikirləri özünüz də yazırsınız.
Kimin nə deyəcəyini nəzərə almadan reallığı ifadə etməyi lazım bilirəm:
“Hər hansı bir peşəni onun sahibi həm sevdirə, həm də gözdən sala bilər. Xain sərhədçi, vicdansız həkim, tamahkar, savadsız müəllim, alçaq jurnalist, kitabdan xəbəri olmayan kitabxanaçı, qanuna əməl etməyən polis, hüququ tapdayan hüquqşünas görəndə inam hissi can verir. Bir anlıq adama elə gəlir ki, həyatda inanacağın, sevəcəyin, uğrunda ölümə hazır olduğun ideya, nəsnə yoxdur, amma xoşbəxtlikdən bu yanlış yanaşmanı beyindən rədd edən peşəsinə sadiq, onu ləyaqətlə yerinə yetirənlər çoxdur”.


Bakı -°C

