adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
05 Dekabr 2022 16:00
629
ƏDƏBİYYAT

Sankt-Peterburqda "Nizami Gəncəvi 880" adlı kitab nəşr olunub - FOTOLAR

Rusiyanın Sankt-Peterburq şəhərində Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş "Nizami Gəncəvi 880" ("Низами Гянджеви 880") adlı kitab nəşr olunub.

Elmi məqalələr toplusunun tərtibatçısı və ön söz müəllifi Sankt- Peterburq dövlət universitetinin müəllimi Şahnaz Kamalovadır. Nəşrin elmi redaktorları AMEA-nın Fizuli adına Əlyazmalar İnstitutunun elmi katibi, filologiya elmlər namizədi Əzizağa Nəcəfzadə və M.V. Lomonosov adına MDU-nun müəllimi, tarix elmləri namizədi Darya Jiquliskayadır. Elmi məsləhətçilər Azərbaycan Respublikasının Bosniya və Herseqovinadakı səfiri, filologiya elmlər doktoru., professor Vilayət Quliyev və BDU-nun müəllimi filologiya elmlər doktoru, professor Vaqif Sultanlıdır.

Kitabda Azərbaycandan, Rusiyadan, Türkiyədən, Almaniyadan olan on doqquz alimin elmi məqalələri toplanıb. Kitab UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının dəstəyi ilə nəşr olunub.

3 dekabr 2022-ci ildə Sankt-Peterburq şəhərində yerləşən V. V. Mayakovskiy adına mərkəzi şəhər kitabxanasında “Nizami Gəncəvi 880” kitabının təqdimat mərasimi keçirilib.

Adalet.az xəbər verir ki, təqdimatı giriş sözü ilə kitabxananın nəzdində yerləşən Şərq mədəniyyəti mərkəzinin direktoru Mariya Zuyeva açıb. Mariya Aleksandrovna Zuyeva iştirakçıları salamlayıb, kitabxana, Şərq mədəniyyəti mərkəzi, mərkəzdə Azərbaycan dilində olan kitablar haqqında məlumat verib. Mariya Aleksandrovna 2017-ci ildə Şərq bölməsinin yaranmasından bu günə qədər “Nizami Gəncəvi 880” kitabının tərtibatçısı və ön söz müəllifi Şahnaz Kamalova ilə əməkdaşlıqlarından söhbət açmış, Şahnaz xanımın kitabxanaya hədiyyə etdiyi kitablar, keçirdiyi tədbirlər, kitabxananın nəzdində təşkil olunmuş Azərbaycan dili danışıq klubu haqqında geniş məlumat vermişdi. Mariya Zuyeva daha sonra sözü Mayakovskiy adına kitabxananın xarici ədəbiyyat bölməsinin müdiri İrina Sergeyevna Toçilkinaya vermişdi. Qonaqları salamlayan İrina Sergeyevna kitabxananın direktoru Zoya Vasilyevna Çalovanın təbrikini çatdırmışdı.

İrina Sergeyevna Şahnaz Kamalova ilə əməkdaşlıqlarından, Şahnaz xanımın Sankt- Peterburqda Azərbaycan dilini, ədəbiyyatını, mədəniyyətini yaymaq yönümündə gördüyü işlərdən, kitabxanada keçirilən “Oxuyan Peterburq: ən yaxşı xarici yazıçını seçək” müsabiqəsindən danışmışdı. Bu il həmin müsabiqədə Şərif Ağayarın “Arzulardan sonrakı şəhər” romanının üçüncü yerə layiq görüldüyünü qeyd edib.

İrina Sergeyevna sözü kitabın tərtibatçısı və ön söz müəllifi, Sankt-Peterburq dövlət universitetinin şərqşünaslıq fakültəsinin müəllimi Şahnaz Kamalovaya vermişdi.

Şahnaz Kamalova gələn qonaqları salamlamış, çıxış üçün qonaqlara söz vermişdi.

Tədbirdə Azərbaycan Respublikasının Sankt-Peterburqda yerləşən konsuluğunun mədəniyyət məsələsi üzrə konsulu Rəhim Rəhimzadə, təqdimatda iştirak üçün Bakıdan qonaq gəlmiş Nizami Gəncəvi adına Ədəbiyyat İnstitunun elmi işçisi, kitabda yer alan məqalələrdən ikisinin müəllifi olan Vəfa Hacıyeva, Sankt- Peterburqda yerləşən “Çinar” milli-mədəni mərkəzinin rəhbəri Xeyransa Mirzəyeva, “Naxçıvan” cəmiyyətində təhsil bölməsinin rəhbəri Həsən Məsimov, Azərbaycan diasporunun üzvlərindən Ülviyyə Abbasova, Fizuli Cavadov, Rasim Əliyev, Aydın Əbilov və digər qonaqlar çıxış etmişdilər.

Görüşə tele-körpü vasitəsilə bəzi müəlliflər də qoşulmuşdular- Moskvadan Darya Jiqulskaya, Bakıdan Şəfəq Əlibəyli, Türkiyədən Ali Temizel. Vəfa Hacıyeva və Həsən Məsimov Mayakovskiy adına kitabxanaya kitablar hədiyyə ediblər. Falerist Boris Larionov kolleksiyasında Azərbaycanla, Nizami Gəncəvi ilə bağlı olan nişanlar haqqında danışmış və onları qonaqlara göstərmişdi.

Kitabın korrektoru və redaktoru Svetlana Boçarova Şahnaz Kamalova ilə əməkdaşlıqlarından, “Nizami Gəncəvi 880” kitabından söz açıb. Xatırladıb ki, bu kitab Şahnaz Kamalovanın Sankt-Peterburqda nəşr etdirdiyi, onunsa korrektor- redaktoru olduğu üçüncü kitabdır.

Digər qonaqlar da söz alaraq Nizami Gəncəvi irsindən söz açıb, şeirlər söyləmişdilər.

Tədbirdə “Çinar” ansambılının solistləri Cavid Abbasov, Cahan Məmmədova, Fidan İsmayılova milli rəqs nömrələri ilə çıxış etmişdilər.

Şagirdlər İnşallah Məmmədov, Murad Yusifov, teatr və kino aktyoru İbrahim İsmayılov Nizami Gəncəvinin şeirlərini rusca və azərbaycanca səsləndirmişdilər.

Tele-körpü vasitəsi ilə Yaroslavl şəhərindən Rusiya-Azərbaycan Qadınları İB-nin sədri Xatirə Qəmbərova, İsveçdən yazıçı Eluca Atalı və digər qonaqlar da qoşula bilmişdilər.

Tədbirdə Sankt-Peterburqda yaşayan Azərbaycan icmasının üzvləri, Sankt -Peterburq dövlət universitetinin şərqşünaslıq fakültəsinin müəllimləri N. N. Teliçin, A.S. Avrutina, A.İ. Pılyov və tələbələr iştirak etmişdilər.

Tədbirin sonunda Rusiya Dövlət Dumasının deputatı D.İ. Savelyevin və Sankt- Peterburq və Leninqrad vilayəti üzrə Azərbaycan Milli-Mədəni Muxtariyyətinin rəhbəri Vaqif Məmişovun təbrik məktubu oxunmuşdu.

Kitablar tədbir iştirakçılarına paylanılmışdı.

Fotolar: Taisiya Volobueva